Türkiyə və İraq PKK-ya qarşı birgə mübarizə aparacaqlar

post-img

Martın 14-də Türkiyə və İraq arasında Təhlükəsizlik Mexanizminin iclasından sonra tərəflərin birgə bəyanatı yayımlanıb. Məlumatı “Anadolu” verib. 

Birgə açıqlamaya görə, İraqın paytaxtı Bağdadda Türkiyə XİN başçısı Hakan Fidan və İraqın baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn, hər iki ölkənin müdafiə nazirləri, kəşfiyyat təşkilatlarının rəhbərləri, İraqın “Həşd əş-Şaabi” komissiyasının sədri və İraq Kürd Regional Muxtariyyətinin (KRAI) daxili işlər naziri arasında görüş keçirilib.

19 dekabr 2023-cü ildə Ankarada keçirilən danışıqların davamı olan görüşdə tərəflər ikitərəfli maraqlar baxımından regional çağırışlar qarşısında tutacaqları ortaq mövqeni müzakirə ediblər. Görüş iştirakçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ramazan ayından sonra İraqa gözlənilən səfərinə hazırlıq məsələlərini də müzakirə ediblər. Onlar bu tarixi səfərin ikitərəfli münasibətlərdə dönüşə səbəb olacağına ümidvar olduqlarını bildiriblər.

Danışıqlar zamanı iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində struktur əsaslarının yaradılması və beləliklə, müntəzəm təmas mexanizmlərinin yaradılması məqsədi ilə Anlaşma Memorandumu üzərində işin intensivləşdirilməsi qərara alınıb.

Türkiyə və İraq iki ölkənin səlahiyyətli orqanlarının koordinasiyalı, nizamlı və nəticəyönümlü şəkildə işləyəcəyi barədə razılığa gəliblər. Tərəflər əlaqələr üçün strateji çərçivə yaratmaq anlayışı ilə hazırladıqları bu bəyanatı rəhbər tutacaqlar.

Danışıqlarda hər iki tərəfin İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə verdiyi önəm vurğulanıb. Həmçinin PKK-nın Türkiyə və İraqın təhlükəsizliyinə təhdid yaratdığı vurğulanaraq, PKK-nın İraq ərazisində mövcudluğunun İraq konstitusiyasının pozulması olduğu qeyd edilib. Türkiyə İraq Milli Təhlükəsizlik Şurasının PKK-nın ölkədə qadağan olunmuş təşkilat olması ilə bağlı qərarını alqışlayıb. Tərəflər Türkiyəyə hücum etmək üçün İraq ərazisindən istifadə edən bu təşkilat və onun qollarına qarşı görülməli olan tədbirləri müzakirə ediblər.

P.ƏMİRCANOV
XQ

Dünya