ABŞ-də söz azadlığı “söz”ə çevrilir

post-img

Hazırda bütün dünyada söz azadlığının böhranı dərinləşməkdədir. Bəlkə də sözümü qəribliyə salıb dərhal mənə Qərbi, hətta söz azadlığının lideri saydığınız ABŞ-ı nişan verəcəksiniz. Amma məsələ burasındadır ki, bu gün söz azadlığını hədəfə alan əsas ölkələrdən biri də elə azadlığa möhtəşəm abidə ucaldan Birləşmiş Ştatların özüdür. Bu qənaətimizin müəyyən məqamlarını Vaşinqtonun “WikiLeaks”-in təsisçisi Culian Assan­ja qarşı dövlət səviyyəsində aramsız təqiblərinin nümunəsində açıqlamışdıq. Hətta onu da qeyd etmişdik ki, Ağ evin demokratiya və söz azadlığını onun siyasətinə tabe olmayan ölkələrə qarşı təziyq alətinə çevrilib. 

Bu, təkcə mənim gəldiyim qənaət deyil, çünki ABŞ-ın yürütdüyü xarici si­yasətin mahiyyətindən irəli gəlir. Bunu bu ölkənin politoloqları, Ağ evin siyasi mətbəxindən yetərincə xəbəri olan keç­miş dövlət məmurları da dəfələrlə etiraf ediblər. Məsələn, Dövlət Departamenti­nin keçmiş əməkdaşı Mayk Benç deyib: “İnternet meydana çıxandan söz azadlığı ABŞ-ın xüsusi xidmət orqanları tərəfin­dən başqa dövlətlərdə etirazlar və döv­lət çevrilişləri təşkil etmək üçün istifadə edilib”. 

Etiraf etmək lazımdır ki, bütün dünya indi çox mürəkkəb informasiya mərhələ­sini yaşayır. İki ildən artıqdır ki, davam edən Ukrayna – Rusiya müharibəsi, bu ilin payızından Qəzza zolağında bəşəriy­yətin gözü qarşısında davam edən qır­ğınlar istər-istəməz yalan məlumat və ya zorakılıq çağırışları ehtiva edən nəşrlərin və şərhlərin kütləvi yayılmasına səbəb olub. Əslində elə bunun özü də söz azad­lığına qəsddir. Lakin bunu bəhanə edib söz azadlığını hədəfə almaq demokratik prinsiplərə nə dərəcədə uyğundur? 

İsrailli jurnalist Yevgeni Erlix deyir: “Söz azadlığı dövrü, demək olar ki, başa çatıb və ya qorxulu böhran mərhələsinə daxil olub. ABŞ-da Tramp prezident olan­da söz azadlığı orada bitdi. O zaman KİV gözlənilmədən müəyyən siyasi mövqe tutdu və bu və ya digər tərəfi “batırma­ğa” başladı. “Facebook” bu mənada ən böyük Amerika KİV-ni təkrarlayır və ya üzünü köçürür”.

Bu gün biz, həqiqətən müasir nəsli əsaslı şəkildə dəyişən total informasiya inqilabını müşahidə edirik. Yuxudan oya­nan kimi ayfonu yandırır, onunla yatırıq. İnformasiya artıq bizim cismimizə, liba­sımıza, düşüncə tərzimizə çevrilib. Belə bir tarixi mərhələdə söz azadlığının yeni normaları formalaşır! Bizim tanıdığımız söz azadlığı artıq yoxdur, o ölüb. İndi söz azadlığının yeni normaları var və biz bu informasiya dünyasının hara gedəcəyi­ni anlamırıq. Manipulyasiya etmək çox asandır: sosial şəbəkələr manipulyasiya edilir, media manipulyasiya edilir və indi Rusiya-Ukrayna, HƏMAS-İsrail müha­ribələri fonunda hər tərəfdən manipul­yasiyalar görürük. Elə Cənubi Qafqaz regionunda, Ermənistan-Azərbaycan münasibətlərində də eyni tendensiyanın şahidi oluruq.

Bəlkə belə manipulyativ bir dünyada söz azadlığını, ümumiyyətlə, yığışdırıb rəfə qoymağın vaxtı çatıb. Amma sonra nə baş verəcək, bundan sonra necə ya­şayacağıq və informasiya ilə necə işləyə­cəyik? Əlbəttə, bu gün insan intellektinin əsas xüsusiyyəti informasiya ilə işləməyi bacarmaqdan ibarət olmalıdır. İndi insan­ları, xüsusilə yeni yetişən nəsilləri infor­masiya ilə işləməyə öyrətmək lazımdır. Çünki yenə qeyd edirəm ki, söz azadlığı özünün əzəli mahiyyətini artıq itirib, o ar­tıq yoxdur. 

Şübhəsiz, jurnalist olaraq mən söz azadlığının yaşamasının tərəfdarıyam! Ona görə ki, dünyada çox fərqli mövqelər var. Düşüncələrimiz, dəyərlərimiz və mədəniyyətimiz fərqlidir və bu, yaxşıdır. Dünya çox rəngarəngdir. Ona görə də mən müxtəlif fikirlərin dərc olunması­nın tərəfdarıyam, amma bir şərtlə ki, biz cəmiyyət olaraq bu məlumatlarla necə işləməyi və bu informasiyadan necə is­tifadə edəcəyimizi biləməliyik. “İnstaq­ram”da, “Facebook”da oxuduqlarımızı seçməyi və tənqidi düşünməyi bacarma­lıyıq. Amma bilmirik. Biz hələ öyrənirik. İndi də “TikTok” cəmiyyətin həyatının az qala ayrılmaz hissəsinə çevrilib. Əslində bugünkü söhbətimizin əsas mövzusu da elə budur.

Son günlər Birləşmiş Ştatlar “By­teDance”ni təsisçisi olduğu “TikTok”u satmağa məcbur etmək istəyir və bu platformanı, ümumiyyətlə, ölkədə blok­lamaqla hədələyir. Əslində bu, Vaşinq­tonun Amerikada “TikTok”u bloklamaqla bağlı ilk cəhdi deyil. 2020-ci ildə sabiq ABŞ prezidenti Tramp tətbiqin istifadəsini məhdudlaşdırmaq istəsə də, məhkəmə bu təşəbbüsü rədd edərək, əleyhinə qə­rar vermişdi. Belə olan halda, 2022-ci ilin sonunda Konqres dövlət işçilərinə döv­lət cihazlarında sosial şəbəkədən istifa­də etməyi qadağan etdi. Keçən il Ağ ev administrasiyaya “TikTok” və digər xarici texnologiyaların milli təhlükəsizliyə təh­did yaratdığı təqdirdə onları bloklamaq üçün yeni səlahiyyətlər verən qanunve­riciliyi dəstəklədi. Lakin sonra bu sənəd səsverməyə çıxarılmadı.

Faktlar göstərir ki, Birləşmiş Ştatlar tətbiqin bloklanmasında deyil, məcburi satışında daha çox maraqlıdır. Tramp o zaman bildirmişdi ki, “TikTok”un sahibi Amerika şirkəti olmalıdır. O, misal olaraq “Microsoft”u göstərmişdi.

Ötən ilin martında ABŞ-ın Xarici İn­vestisiyalar Komitəsi sosial şəbəkənin səhmlərinin satışı ilə bağlı tələb irəli sür­dü. Yeni qanun layihəsi onu göstərir ki, Amerika hakimiyyəti hələ də bu ideya­dan əl çəkməyib. Ona görə də Vaşinqton bu kontentə qarşı rəsmi səviyyədə ən müxtəlif iddialar irəli sürür. 

Məsələn, Amerika kəşfiyyatı Çinin noyabrda ABŞ-da keçiriləcək ümumi seçkilərə təsir etmək üçün “TikTok” sosial şəbəkəsindən istifadə edə biləcəyini id­dia edir. ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsində Pe­kinin ABŞ-da keçiriləcək seçkilərə təsir etmək üçün “TikTok-dan istifadə edib-et­məyəcəyinə dair dinləmələrdə deyib: "Biz ÇKP-nin (Çin Kommunist Partiyası - XQ) bundan istifadə edə biləcəyini istisna edə bilmərik.”

Dinləmələrdə iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey də “TikTok” sosial şəbəkə­sini milli təhlükəsizliyə təhdid kimi gördü­yünü təsdiqləyib. FTB direktoru bildirib: "Mən “TikTok” və onun milli təhlükəsizlik­lə bağlı yaratdığı narahatlıqlarım barədə çox açıq danışdım. Biz “TikTok”u FTB-nin istifadə etdiyi bütün cihazlarda qadağan edirik". 

Bir müddət əvvəl Amerika Prezi­denti Co Bayden ölkədə “TikTok” so­sial şəbəkəsinə qadağa qoyulmasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsinin ABŞ Konqresi tərəfindən təs­diqlənəcəyi təqdirdə, bu sənədi imza­layacağını açıqlamışdı. Layihə “TikTok” ilə “ByteDance” də daxil olmaqla, “Çin tərəfindən idarə olunan istənilən qurum” arasında əlaqələri kəsmək məqsədi da­şıyır. Qanun layihəsinin müəllifləri şirkətə sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verirlər. Əgər buna əməl edilməsə, o za­man “TikTok”un ABŞ-da yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə plat­formalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir. ABŞ qanunvericilə­ri eyni tədbirləri gələcəkdə istənilən “düş­mən tərəfindən idarə olunan tətbiqlərə” şamil etməyi təklif edirlər. Sual doğur, dünyanın bir çox ölkələri üçün dost he­sab edilməyən ABŞ-ın özünə məxsus olan sosial şəbəkə platformalarına eyni münasibət göstərilsəydi, bunu necə dəyərləndirərdilər? Əlbəttə, “söz azadlı­ğının boğulması” kimi...

“Amerikalıları nəzarət edilən xarici düşmən tətbiqlərindən müdafiə haqqın­da qanun” respublikaçı Mayk Qallaxer və Demokrat Raca Krişnamurti tərəfin­dən hazırlanıb. Təklif olunan tədbir milli təhlükəsizlik problemlərinin həlli üçün nəzərdə tutulub. Qallaxer qanunun zə­ruriliyini belə izah edir: "Amerikanın ən böyük rəqibinin ABŞ-da dominant media platformasına nəzarət etmək hüququ yoxdur".

Çin şirkəti artıq təklif olunan məhdu­diyyətlərdən narazılığını bildirib. “Müəl­liflər ört-basdır etməyə çalışsalar da, bu qanun layihəsi “TikTok”a açıq qadağadır. Qanun 170 milyon amerikalının Konsti­tutsiyanın Birinci düzəlişində nəzərdə tutulan hüquqlarını pozur”, - deyə “Reu­ters” “ByteDance” nümayəndəsindən si­tat gətirir. Haqlı deyilmi?!

Amerika Vətəndaş Azadlıqları Birliyi də yeni qaydaya qarşı çıxıb və qanun layihəsinin konstitusiyaya zidd olduğunu bəyan edib. Birliyin baş siyasi müşaviri Cenna Leventoff deyib: "Liderlərimizin bir daha seçki ilində bizim Birinci düzəliş hüquqlarımızı ucuz siyasi xallarla dəyiş­məyə çalışmasından son dərəcə məyus olduq". 

Çinin rəsmi qurumları da xidmətin satışına qarşı çıxırlar. Ticarət Nazirliyi bu ehtimalı şərh edərək qeyd edib ki, söv­dələşmə texnologiyanın ixracını nəzərdə tutur və bunun üçün Çin hökuməti tərəfin­dən təsdiq tələb olunur. Pekin isə böyük ehtimalla buna icazə verməyəcək.

ABŞ-ın “TikTok”a qarşı əsas ittiham­larından biri də amerikalı istifadəçilərin məlumatlarının Çin hökumətinə ötürül­məsi ehtimalıdır. Şirkət bütün ittihamları əsassız adlandıraraq bunu rədd edir. Kontentin baş direktoru Şou Czı Çu de­yib: “TikTok” heç vaxt ABŞ istifadəçiləri­nin məlumatlarını Çin hökuməti ilə pay­laşmayıb və ya bu barədə sorğu qəbul etməyib. Əgər belə bir tələb olsaydı belə, “TikTok” bu tələbi qəbul etməzdi”.

Bununla belə, KİV-də Çinin amerika­lılar haqqında məlumatlara çıxışı oldu­ğunu göstərən bir neçə araşdırma dərc olunub. Məsələn, 2022-ci ildə “BuzzFeed News”un hesabatından məlum olub ki, Çində “ByteDance” əməkdaşları məlu­matların fiziki olaraq harada saxlanma­sından asılı olmayaraq, ABŞ istifadəçiləri haqqında məlumatları görə bilirlər.

Ekspertlərin fikrincə, sosial şəbəkəyə potensial qadağa ABŞ və Çin arasında münasibətlərə mənfi təsir göstərəcək, gərginliyi daha da artıracaq və geosiyasi mübahisələr üçün yeni zəmin yaradacaq. Hadisələrin bu cür inkişafı rəqəmsal mə­kanda qarşıdurmanın daha da kəskinləş­məsinin xəbərdarlıq siqnalı ola bilər ki, bu da öz növbəsində qlobal ticarətə, in­vestisiyalara və strateji tərəfdaşlığa təsir göstərməyə bilməz.

Amma bu məsələdə deyəsən, ən doğrusunu elə amerikalı milyarder sa­hibkar İlon Mask deyib. O, martın 12-də X sosial şəbəkəsindəki səhifəsində “TikTok” qadağasını ABŞ prezidenti Co Baydenə təkcə proqramı deyil, internet­dəki saytları qadağan etmək səlahiyyətini “Troya atı” adlandıran ABŞ konqresmeni Tomas Massinin fikrinə münasibət bil­dirərkən yazıb: “ABŞ rəhbərliyinin niyyəti ölkədə təkcə “TikTok” sosial şəbəkəsini qadağan etmək deyil, həm də senzuranı və hökumətin media üzərində nəzarə­tini gücləndirməkdir. Bu qanun təkcə “TikTok”a aid deyil, senzura və hökumət nəzarəti haqqındadır! Əgər biz yalnız “TikTok”dan danışsaydıq, problem yalnız “xarici nəzarət” olardı”.

ABŞ rəsmi saytlarından hansındasa oxumuşdum ki, “mətbuat azadlığı ABŞ-da ən mühüm azadlıqlardan biri hesab edilir və Birləşmiş Ştatların qurucu-ataları tərəfindən 1791-ci ildə qəbul edil­miş Konstitusiyaya əlavə edilən “Birinci düzəliş”lə qorunur. İndi isə kəskin olaraq bu qərara gəlmək olar ki, ABŞ-ın indiki ataları artıq bu düzəlişdən çox asanlıqla canlarını qurtarırlar. Bu yerdə sual yara­nır: Görəsən, Vaşinqton bundan sonra özünə tabe etmək istədiyi ölkələrə söz azadlığının pozulması iddiası ilə necə təzyiq göstərəcək? 

İlqar RÜSTƏMOV
XQ



Dünya