Müxalifət Makronun ağlına şübhə edir

post-img

Fransa prezidenti Emmanuel Makro­nun fevralın 26-da Avropa İttifaqı ölkələrinin Ukraynaya qoşun göndər­mək təklifi ilə çıxış etməsindən iki həftədən çox vaxt keçməsinə baxma­yaraq, Beşinci respublikada hələ də ölkə başçısının fikirləri kəskin qınaq mövzusu olaraq qalmaqdadır. 

“Junge Welt” yazır ki, Emmanuel Makronun “qanadlı sözləri” üçün ağlaba­tan izahat tapmaq çox çətindir. Bəlkə də belə izah, sadəcə mövcud deyil. Son bir misal: bir həftə əvvəl Fransa prezidenti Ukraynaya fransız əsgərlərini göndər­mək istədiyini demədi, lakin o, “belə bir ehtimalı istisna da etmirdi”.

Yelisey sarayının sahibi çərşənbə günü parlamentin müxalifət liderlərini onlara “Rusiya Federasiyasına qarşı müharibədə Ukraynanı dəstəkləmək niyyəti ilə bağlı mövqeyini” izah etmək üçün görüşə dəvət edib. Bununla belə, onun planları - müharibə iqtisadiyyatı­na keçid və məhdudiyyətsiz yardım - yekdilliklə rədd edilib. Makron çıxışını yekunlaşdırana yaxın görüşdə iştirak edənlər açıq-aşkar maraqlanırdılar ki, görəsən millətin başında duran adamın hələ də ağlı başındadırmı?

Makronun “böyük söz oyunu” heç kimi, xüsusilə də Vladimir Putini hey­ran edə bilməyən, ancaq daha da pis, Fransa və Avropadakı mülki insanları qorxudan bir addımdır. Bu gün mar­tın 12-də Milli Assambleya Makronun sözlə müharibəyə təhrik etməsini mü­zakirə edəcək. Artıq ehtimal etmək olar ki, əksəriyyət onun əleyhinə çıxış edə­cək.

Bu günə qədər hələ heç bir müxa­lifət nümayəndəsi, hətta sağçı burjua­ziyadan olanlar belə onun müdafiəsinə qalxmayıb. Hökumət fraksiyasının bir hissəsi də, görünür, prezidentlə ziddiyyət təşkil etmək niyyətindədir. Baş verənlərin ən qısa və əhəmiyyət­li xülasəsini Jan-Lyuk Melenşon belə yekunlaşdırır: “Dövlət başçısı “müha­ribə məntiqi”nin tələsinə düşdü ki, bu tələnin “qitəni nüvə silahı ilə məhv et­məkdən” başqa “artıq heç bir mənası yoxdur”. 

Məhz bu mövqedən çıxış edən Fransa Kommunist Partiyasının milli katibi Fabien Roussel bildirib ki, Makro­nun Ukrayna ilə bağlı mövqeyi nara­hatlıq doğurur. Prezident münaqişədən fransızların diqqətini onların düşdükləri fəlakətli vəziyyətdən yayındırmaq üçün istifadə edir. Müsahibəsində o, ölkədə “acınacaqlı sosial vəziyyətin” olduğu­nu, “alıcılıq qabiliyyətinin günəşli hava­da qar əridiyi kimi əridiyini” və hökumə­tin heç bir tədbir görmədiyini xatırladıb,

Roussel vurğulayır ki, “səs-küylü bəyanatlar dövlət başçısına hərbi lider rolunu sınamağa imkan verir, bununla belə o, ölkəni çox pis şeylər vəd edən sosial müharibəyə aparır. Mənə elə gə­lir ki, o, özünü 2003-cü ildə ABŞ pre­zidenti olmuş Corc Buş kimi təsəvvür edir. Fransada Buşa ehtiyacımız yox­dur. Bizə Fransada sərkərdə lazım de­yil - bizə Avropaya sülh gətirəcək dinc koalisiya lazımdır”.

Fabien Roussel, həmçinin Ukray­nanın NATO-ya daxil olması ilə bağlı bəndin yer aldığı 16 fevral tarixli Fran­sa-Ukrayna təhlükəsizlik sazişini “təx­ribat” və “axmaqlıq” adlandırıb. O, söz verib ki, əgər onun şərtlərində heç nə dəyişməsə, çərşənbə axşamı Milli As­sambleyadakı müzakirələrdə Kommu­nist Partiyası bunun əleyhinə səs verə­cək. Kommunist lider onu da bildirib ki, “məhdudiyyətsiz hərbi yardım” Av­ropanın gələcəyi üçün təhlükəli addım deməkdir ki, bu da “hərbi münaqişənin təhlükəli həddə yetişməsinə” gətirib çıxara bilər.

"Məsələ nəyə səs verəcəyimi­zi bilməkdir. Əgər söhbət Emmanuel Makron və Volodimir Zelenskinin imza­ladıqları sazişdəki şərtləri ehtiva edən baş nazirin çıxışıdırsa, biz onun əley­hinə səs verəcəyik", – deyə Roussel xəbərdarlıq edib. 

Fransa kommunistlərinin liderinin fikrincə, Kiyevə uzunmüddətli dəstəyi təmin etmək üçün nəzərdə tutulmuş və xüsusən də Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıqları, ha­belə bu ölkəyə qeyri-məhdud hərbi yardımı nəzərdə tutan bu ikitərəfli saziş həm ölkənin təhlükəsizliyinə, həm də, Fransa da daxil olmaqla alyansa üzv ölkələrə, Avropaya və bütün dünyaya təhdid yaradır. 

"Müqavilədə, xüsusilə də Ukray­nanın NATO-ya daxil olması göstərilir, bu, təxribat və axmaqlıqdır. O, heç vaxt alyansa qoşulmayacaq, çünki bu, Vla­dimir Putinin dediyi qırmızı xətlərdən biridir. Ukrayna heç vaxt Şimali Atlan­tika Alyansına qoşulmayacaq, bu, ab­surddur”, – deyə siyasətçi bildirib.

Fabien Rossel daha sonra deyib: “Bundan başqa, müqavilədə Kiyevə qeyri-məhdud hərbi dəstək göstərəcə­yimiz qeyd olunub. Bizim danışdığımız və səs verdiyimiz, mənim səs verdiyim Ukraynaya yardımla bağlı qətnamədir, lakin bu gün biz Avropanın gələcəyi və qitədə sülh üçün təhlükəli olan xətti keçirik. Biz təhlükəli hərbi eskalasiya astanasındayıq və sülhü məhv etmək istəmirik”.

İlqar RÜSTƏMOV
XQ

Dünya