Qərbi Avropa “köhnə” qitədə hökmrandır

post-img

Yaxın zamanda NATO-ya üzv ölkələrin və Avropa İttifaqının (Aİ) liderləri Şimali Atlantika Alyansına kimin rəhbərlik edəcəyinə və Aİ rəhbərliyində əsas vəzifələri kimin tutacağına qərar verəcəklər. Böyük ehtimalla hər iki strukturda bütün əsas vəzifələr yenidən Qərbi Avropa nümayəndələrinə keçəcək. Lakin belə perspektiv Şərqi Avropa ölkələrini razı salmır və keçmiş sosialist düşərgəsindən ayrı-seçkilik barədə ittihamlar səsləndirilir. 

Şərq Avropa “üsyanı NATO-nun yeni baş katibi vəzifəsinə namizədin seçilməsi prosesi zamanı başlayıb. Bu il oktyabrın 1-də alyansın hazırkı rəhbəri norveçli Yens Stoltenberq öz vəzifəsində onilliyi­ni qeyd edəcək. NATO-ya üzv ölkələrin liderləri əvvəlki illərdə ona layiqli əvəz tapmağa çalışsalar da, yalnız bu ilin əv­vəlində əsas namizədin kimin olacağı müəyyənləşib. Qərb mətbuatının yazdı­ğına görə, Alyansın rəhbəri postuna əsas namizəd Mark Ruttedir və Hollandiyanın baş nazirini NATO-nun iyirməyə yaxın ölkəsi, ən əsası, hərbi ittifaqın büdcəsinin ən böyük donoru və tərkibində ən böyük orduya sahib olan ABŞ dəstəkləyir. 

Ancaq Şərqi Avropa ölkələri belə bir seçimin faktiki əvvəlcədən müəyyən edilməsi ilə razılaşmır. Məsələn, Rumı­niya ilk səsvermədə iştirak edərək, öz prezidenti Klaus İohannisin NATO-nun baş katibi vəzifəsinə namizədliyini irə­li sürüb. Daha sonra Baltikyanı ölkələr Mark Ruttenin müraciətinə etiraz etməyə başlayıblar. Məsələ ilə bağlı daha çox Estoniya narazılığını bildirib. Ölkənin baş naziri Kaja Kallas “Politico”ya müsahibə­sində deyib ki, coğrafi balans düşünülər­sə, bu, Hollandiyadan olan dördüncü baş katib olacaq: “Burada sonra sual yaranır: NATO-da birinci və ikinci dərəcəli ölkələr varmı? Biz bərabərik, ya yox? Bu suallar hələ də qalır”.

Siyasi şərhçilər vurğulayırlar ki, Şərqi avropalıların və Baltikyanı ölkə nümayən­dələrinin incikliyini anlamaq olar. İndiyə­dək region ölkələrindən heç biri NATO-ya rəhbərlik etməyib. Şərqi avropalılar ha­zırda Avropa Komissiyası (AK), Avropa Şurası və Avropa Parlamenti (AP) kimi Aİ-nin aparıcı qurumlarındakı vəzifələrin heç birində də təmsil olunmayıblar. Son 20 il ərzində bu məsələdə yalnız Polşa irəliyə gedib. Ölkənin Baş naziri Donald Tusk 2014-2019-cu illərdə Avropa Şura­sına rəhbərlik edib, digəri sabiq baş nazir Yerji Buzek isə 2009–2012-ci illərdə Av­ropa Parlamentinin rəhbəri olub. Hazırda Şərqi Avropanın aktivində yalnız iki yük­sək vəzifə var. Latviyalı Valdis Dombrov­ski hazırda AK-nın icraçı vitse-prezidenti­dir, rumıniyalı siyasətçi Mirçe Coane isə NATO Baş katibinin müavini postunda çalışır. 

1995-ci ildə NATO ilk dəfə olaraq alyansın yaradılmasının mənşəyində ol­mayan bir ölkədən olan bir şəxsi - o vaxt İspaniyanın nümayəndəsi olmuş Xavyer Solanı baş katib vəzifəsinə təyin etmək qərarına gəlmişdi. O zaman İspaniyanın NATO-ya üzv olmasından cəmi 13 il öt­müşdü. Mütəxəssislər deyirlər ki, indi Şərqi Avropa liderlərindən birini alyan­sın yeni lideri təyin etmək üçün doğru məqamdır. Məsələn, Polşa NATO-ya 1999-cu ildə üzv olub və Varşavanın da Alyansa rəhbərlik etmək haqqı var. 

Amma Qərbi Avropa ölkələrinin baş­çılarının ekspertlərin çağırışlarına və şərqli həmkarlarının iddialarına qulaq asıb-asmayacaqları hələ də bəlli deyil. Ehtimal olunur ki, Avropada onlar Pol­şanın hazırkı xarici işlər naziri Radoslav Sikorskinin Avropa Komissarlığının mü­dafiə üzrə komissarı təyin olunmasına həvəslə yanaşırlar. Bununla belə, Esto­niya baş nazirinin Avropa perspektivlə­rini barədə iddialarının Qərbi Avropada müsbət qarşılanacağı real görünmür. Son bir neçə ay ərzində Avropada Es­toniyanın baş nazirinin Xosep Borreldən sonra Aİ-nin xarici siyasət və müdafiə üzrə ali nümayəndəsi olmaq istəməsi barədə danışılır. Lakin “Politico” diploma­tik mənbələrə istinadən yazır ki, Fransa və Almaniyada bu fikir o qədər də həvəs­lə qarşılanmayıb. Belə görünür, keçmiş sosialist düşərgəsinin sakinləri “Köhnə qitə”də strateji postları tutmaq üçün hələ çox gözləməli olacaqlar.

S.ELAY
XQ

Dünya