“Şəfəq” layihəsi Qarabağa şəfəq saçacaq

post-img

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivə­sində fotovoltaik (PV) günəş elektrik stansiya­sının tikinti işlərinə bu ilin ikinci yarısında baş­lanacaq. Bu məqsədlə Azərbaycan hökuməti ilə BP şirkəti arasında 2021-ci ildə əməkdaşlıq sa­zişi imzalanıb. Həmin sənəd “Şəfəq” layihəsini həyata keçirməsi üçün BP şirkətinə müstəsna hüquq verir. Layihəyə Azərbaycanın Cəbrayıl rayonunda yerləşən yerüstü günəş enerjisi­nin generasiyası sistemi (günəş qurğusu) və əlaqədar infrastruktur daxildir. 

Layihənin operatoru “Lighsource BP” şirkətidir. Yeri gəlmişkən, günəş elektrik stansiyasının quraş­dırılması sahəsində yüksək beynəlxalq təcrübəyə malik olan “Lighsource” şirkəti artıq BP tərəfindən alınıb. Şirkət seçilmiş sahələrdə günəş panellə­rinin və əlaqədar qurğuların quraşdırılması üçün müstəsna hüquqla BP şirkətinin adından işlənməni həyata keçirən tərəf qismində çıxış edir. Artıq BP şirkəti “Şəfəq” layihəsi üzrə Ətraf Mühitə və Sosi­al Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını hazırlayaraq ictimaiyyə­tin müzakirəsinə verib. Məlumat üçün bildirək ki, ƏMSSTQ sənədində “Şəfəq” layihəsi üzrə aparı­lacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və töv­siyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏM­SSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimu­ma endirilməsini, mümkün olduqda isə aradan qal­dırılmasını təmin etməkdir.

Martın 6-da ƏMSSTQ sənədinin ilkin variantını müzakirə etmək üçün ic­timaiyyətlə görüş keçirildi. Tədbiri BP-nin şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlı açaraq quru­mun ötən 32 il ərzində Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlu­mat verdi. Qeyd olundu ki, BP şirkəti və onun tərəfdaşları Azərbaycanda və regionda həyata keçirilən layihələrə indiyədək 84 milyard ABŞ dollarından artıq investisiya yatırıb. O, həmçinin dedi ki, BP artıq Azərbaycanda “ya­şıl enerji” layihəsini həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, bu layihə şirkətin sıfır neytrallığa nail ol­maq məqsədinə və bərpaolunan enerji sektorunun inkişafında Azərbaycanın maraqlarına cavab verir.

T.Bayatlı Azərbaycanın neft-qaz sektorunda həyata keçirilən bir sıra iri layihələrin operatoru olan BP şirkə­ti tərəfindən ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpaolunan enerji potensialının hərəkətə gətiril­məsi üçün belə bir layihənin həyata keçirilməsi təqdirəlayiq addım kimi dəyərləndirdi. Bildirdi ki, bu addım digər əcnəbi şirkətlərin də Qarabağ və Şərqi Zəngəzurda infrastruktur la­yihələrinin icrasında yaxından iştiraka sövq edə bilər. 

BP-nin Ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəs­sisi Aaron Şihan “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində həyata keçirilə­cək tədbirlər barədə məlumat verdi. O dedi ki, Cəbrayıl şəhərindən 5-10 kilometr məsafədə yerləşəcək günəş elektrik stansiyası, təxminən, 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Ümumilikdə isə, layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələn­dirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir. Aaron Şihanın sözlərinə görə, layihə çərçivəsində tikinti işləri, təxminən, 18 ayadək davam edəcək. 

Daha sonra şirkətin baş məsləhət­çisi Ülviyyə Seyidməmmədova ƏM­SSTQ sənədi çərçivəsində “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri və onların azaldıl­ması, eləcə də ərazidə biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlər barədə məlumat verdi. Qeyd olundu ki, bu ay Ekologiya Nazirliyinə təqdim olunması planlaşdırılan ƏMSSTQ sənədinin ap­rel ayında təsdiq olunması gözlənilir.

Tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbra­yıl və Zəngilan rayonlarında Azərbay­can Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Nicat Kərimov çıxış edərək layihənin ərsəyə gəlməsində xüsusi əməyi olan BP şirkətinin komandasına təşəkkü­rünü bildirdi. Qeyd olundu ki, layihə hazırda icra mərhələsində olan Döv­lət Proqramına mühüm töhfə olmaqla yanaşı, “Azərbaycan 2030: sosial-iq­tisadi inkişafa dair Milli Prioritetlər”ə tam uyğundur. Onun sözlərinə görə, Böyük Qayıdış Proqramı çərçivəsində yaxın illərdə Cəbrayıl şəhərinə böyük köçün başlanması ilə əlaqədar bu kimi layihələr məşğulluğun təminatına mü­hüm töhfələr verəcək. 

Sonda tədbir iştirakçılarının layihə ilə bağlı çoxsaylı sualları ətraflı cavab­landırıldı, rəy və təkliflərlə bağlı geniş müzakirələr aparıldı. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

BP-nin işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində günəş elektrik stansiyasının inşa edilməsi ilə bağlı qərarı özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, adətən, dünyada bu sahədə ixti­saslaşmış şirkətlər “yaşıl enerji”yə öz töhfələrini verirlər. 

Bunun Azərbaycan üçün də əhə­miyyəti olduqca yüksəkdir. Belə ki, Xəzəryanı ölkələr içərisində ilk dəfə məhz Azərbaycanda ən böyük neft və qaz hasilatçısı olan şirkət belə bir layihənin ilhamvericisi rolunda çıxış edir. Digər tərəfdən, cəmi il yarımdan sonra, 2025-ci ilin sonla­rında stansiya istismara verildikdən sonra bu, postsovet məkanında ilk ən böyük günəş elektrik stansiyası kimi tarixə düşəcək. Məlum olduğu kimi, “Şəfəq” Günəş Elektrik Stan­siyasının istehsal gücü 240 meqa­vat olacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, Xəzərin coğrafi məkanında ən bö­yük, eləcə də dünya üzrə ilk beş­liyə daxil olan Səngəçal termina­lının elektrik təchizatı tam olaraq “yaşıl enerji” hesabına ödəniləcək. Yeri gəlmişkən, 550 hektar ərazidə yerləşən bu nəhəng enerji obyekti, ümumilikdə, 60 milyon tona qədər nefti və təqribən, 30 milyard kub­metrdən çox qazı nəqletmə imkanı­na malikdir. 

BP, həm də Azərbaycanın bər­paolunan enerji sektoruna, Cəbra­yılda günəş elektrik stansiyasının tikintisinə ona görə sərmayə qoyur ki, regionun təbii şəraitindən asılı olaraq günəş enerjisini daha çox elektrik enerjisinə çevirmək imkan­ları qazansın. Eyni zamanda, hə­min enerjini “AzərEnerji”nin möv­cud sistemi vasitəsilə Səngəçal terminalına çatdırsın. Bununla da, neft və qaz ixracı zamanı karbon izi deyilən məsələni minimuma en­dirsin. 

Yeri gəlmişkən, BP-nin bərpa-olunan enerji sektoruna, təqribən, 300 milyon dollar həcmində inves­tisiya qoyması digər şirkətlər üçün də bir siqnal olacaq. Mən deyərdim ki, artıq bunun ilk cücərtiləri baş ve­rib. Ancaq onun daha da genişlən­dirilməsinə ehtiyac var. Bunun üçün BP-nin imkanları kifayət qədərdir. Çünki BP 2017-ci ildən günəş ener­jisi istehsalı sahəsində məşhur olan “Lightsource” şirkəti ilə bu sahədə yaxından əməkdaşlıq edib. İndi isə həmin şirkəti faktiki olaraq alıb.

Mirbağır YAQUBZADƏ
XQ





İqtisadiyyat