Müvafiq göstəriş olarsa, Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır. Bu barədə İstanbulda danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən RF prezidentinin köməkçisi Vladimir Medinski “Shot Telegram” kanalına şərhində bildirib. Məlumatı “Anadolu” verib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın yenidən Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması ilə bağlı bəyanatını şərh edərkən deyib: “Əgər əmr versələr, gedərik”.
Türkiyə dövlətinin başçısı Ukrayna–Cənub-Şərqi Avropa sammitinin iştirakçılarına videomüraciətində deyib: “Sülhə nail olmaq üçün biz əvvəllər İstanbulda keçirilən danışıqlar prosesini bərpa etməyə hazırıq”.
Qeyd edək ki, 29 mart 2022-ci ildə İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin ilk görüşü baş tutub. Rusiya danışıqlarının rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski tərəflərin irəliləyiş əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, Kiyev təhlükəsizlik zəmanəti müqabilində Ukraynanın neytral statusunu da təklif edib. Buna baxmayaraq, artıq may ayında Rusiya Xarici İşlər Nazirliyi, daha sonra isə Ukrayna prezidentinin ofisi danışıqların dayandırıldığını bildirib.
Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib: “İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, heç bir irəliləyiş yoxdur”.
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da Moskva ilə Kiyev arasında danışıqların dayandırıldığını açıqlayıb. “Danışıqlar davam etmir. Ukrayna praktiki olaraq danışıqlar prosesindən geri çəkilib”, - deyən Rudenko Ukrayna tərəfinin heç vaxt Rusiya saziş layihəsinə cavab vermədiyini qeyd edib.
P.ƏMİRCANOV
XQ