Ərdoğan və əs-Sisi Fələstində sülh prosesinin bərpasınnda maraqlıdırlar

post-img

Prezident Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İttihadiyə sarayında keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında danışıb. Məlumatı “Anadolu” verib.  

Prezident Ərdoğan deyib: “Bölgəmizdə sülh və sabitliyin bərqərar olması üçün Misirlə bütün səviyyələrdə əlaqələrimizi genişləndirmək niyyətindəyik”.

On iki ildən sonra yenidən Qahirədə olmaqdan böyük məmnuniyyət duyduğunu bildirən Ərdoğan Prezident Sisiyə və bütün misirlilərə təşəkkür edib.

Prezidentin sözlərinə görə, işğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzza zolağında baş verən insan faciəsi onun Sisi ilə danışıqlarının əsas mövzusu olub. 

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident Rəcəb Tayyib Ərdoğanla Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının yenidən qurulması ilə bağlı birgə bəyannamə imzaladıqdan sonra keçirilən birgə mətbuat konfransında deyib ki, Ərdoğanın on ildən artıq fasilədən sonra ölkəsinə səfərindən məmnundur: “İki ölkə arasında münasibətlərdə yeni səhifə açırıq”.

Ərdoğanla Qəzza zolağındakı vəziyyəti müzakirə etdiklərini deyən Sisi əlavə edib: “Qəzzada dərhal atəşkəs və İordan çayının qərb sahilində gərginliyin azaldılması məsələsində Türkiyə Prezidenti ilə razıyam”.

Türkiyə və Misirin bölgədəki coğrafi mövqeyinə işarə edən Sisi bölgədə fəal olan bu iki ölkənin sülh və sabitliyin təmin edilməsində mühüm rol oynaya biləcəyini vurğulayıb. 

Sisi Prezident Ərdoğanla Fələstində sülh prosesinin bərpası məsələsində yekdil olduğunu və bu prosesin beynəlxalq hüquq çərçivəsində 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmalı olduğunu bildirib. .

P.ƏMİRCANOV
XQ

Dünya