Erməni politoloq: Ermənistan rəhbərinin aydın prinsiplərinin olmaması problemdir

post-img

Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də region və digər ölkələr üçün təhlükəlidir. Qonşularla münasibətdə Ermənistan rəhbərinin aydın prinsiplərinin olmaması problemdir. Xarici siyasət tərəfdaşları Paşinyana qulaq assalar da, onu öz ölkələri üçün təhlükə kimi görürlər.

Bu fikirləri İrəvan Dövlət Universitetinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər namizədi, dosent Vladimir Martirosyan Ermənistan mətbuatına müsahibəsində deyib.

“İran və Rusiya üçün təhlükəsizlik və logistika tərəfdaşı kimi görünən Ermənistan Paşinyan tərəfindən hakimiyyəti əldə saxlamaq üçün siyasi manevrlərə məruz qala bilər ki, bu da regional maraqların tarazlaşdırılması baxımından Rusiya və İran üçün çətin vəziyyət yaradacaq. 

Düşünürəm ki, Rusiyada prezident seçkilərindən sonra bu ölkə öz xarici siyasətinin vektorunu müəyyən edəcək. Rusiya siyasətinin mentalitetinə az-çox bələd olduğum üçün deyə bilərəm ki, ruslar onlar üçün çətin vəziyyətlərdə özlərini tərəfdaş kimi aparmayanları heç vaxt unutmurlar. Təəssüf ki, Ermənistanın son iki ildəki xarici siyasəti bunu təsdiq edir. Ruslar bunu unutmayacaq və xatırlayacaqlar”, - deyə politoloq bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya