Türkiyə və Yaxın Şərq

post-img

Yaxın Şərq uzun onillər boyu siyasi və hərbi baxımdan planetimizin ən həssas nöqtələrindən biri olub. Son illər isə bura, hətta, qlobal siyasətin tarıma çəkildiyi bir məkana çevrilib. Bölgədəki gərgin proseslərin nəticəsi yeni dünya nizamına öz təsirini göstərə bilər. 

Yaxın Şərqin “qaynar qazan”a çev­rilməsi heç də səbəbsiz deyil. Belə ki, regionda dini, etnik, ərazi iddiaları zə­minində onillər boyu həllini tapmayan bir çox ciddi problemlər mövcuddur. Onları ədalətli şəkildə çözmək, hələlik, heç cür mümkün olmur. Düzünə qalsa, buna heç cəhd də edilmir.

Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə qəfil hücumu və bu zaman törət­diyi ağır zorakılıqlar regionu və bütün dünyanı yenidən şoka saldı. İsrail hö­kumtəi isə artıq dörd aya yaxındır ki, qarşı tərəfi cəzalandırmaqla məşğul­dur. Təəssüf ki, Təl-Əviv bu zaman heç də real vəziyyətə adekvat olmayan, aşırı hərbi zərbələrə əl atır. Təbii ki, dünya ictimaiyyəti bundan hiddətlənir, lakin bölgənin “qan axan” yaralarına çarə tapa bilmir. 

Yaxın Şərqdə qarşıdakı qısa müd­dət ərzində silahlar susmasa, müha­ribə alovu qonşu ölkələri də ağuşuna alacaq. Nəticədə, Üçüncü Dünya mü­haribəsi qaçılmaz olacaq. Bu, qorxulu perspektiv “iki vur iki qədər” hər kəsə aydındır. Regionda zorakılıqları dur­durmaq üçün qabaqlayıcı addımlar bu gün atılmalıdır, çünki sabah gec ola­caq. 

Yaxın Şərqdə maraqları olan böyük güclər yalnız sözdə münaqişənin həlli üçün “çalışırlar”. Amma bir dövlət var ki, o, bölgədə ədalətli sülhün bərqərar olunması üçün əlindən gələni edir. Bu, qardaş Türkiyə dövlətidir. 

Ankara regionda baş verən təhlükə­li proseslərin fərqindədir və hadisələrin daha ağır məcraya yönəldilməməsi üçün gərgin diplomatik səylərini ortaya qoyur. Bir çox siyasi təhlilçilər Türkiyə­nin regionda “ildırımötürən” funksiyası­nı yerinə yetirdiyini xüsusi qeyd edirlər. 

Bu, həqiqətən, belədir. Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl bir günlük rəsmi səfərlə Ankara­ya gələn iranlı həmkarı İbrahim Rəisi ilə apardığı müzakirə zamanı regionda vəziyyətin nəzarətdən çıxmaması üçün bütün müsəlman dövlətlərini, eləcə də Tehranı səylərini birləşdirməyə çağı­rıb. İran lideri də ölkəsinin münaqişə­nin ədalətli həllində maraqlı olduğunu qeyd edib. 

Bu məqamda Yaxın Şərqin digər bölgələrində cərəyan edən gərgin ha­disələrə qısa da olsa nəzər salmağa ehtiyac duyuruq. Məlumdur ki, son günlər ABŞ və Böyük Britaniya bir neçə dəfə Qırmızı dənizdə İranın dəstəklə­diyi Husilər Hərəkatının hərbi və mülki obyektlərinə hava zərbələri endirib. 

Xatırladaq ki, husilər Qəzzadakı zorakılıqlara etiraz olaraq Qırmızı də­nizdə Qərb dövlətlərinin gəmilərinə hü­cum edirlər. Dünyada dəniz yolu ilə da­şınan malların təqribən 10 faizi Qırmızı dənizin payına düşür. Qərb dövlətləri­nin ciddi xəbərdarlıqlarına baxmaya­raq, husilər geri çəkilmək niyyətində deyillər. 

Bu müddət əvvəl İranın öz qonşu­su Pakistanda bəlucların mövqelərinə gözlənilmədən hava hücumları, ardın­ca qarşı tərəfin “güzgü effektli” cavab zərbələrindən sonra bir daha bəlli oldu ki, adicə bir qığılcım bu gün “barıt çəl­ləyi”nə bənzəyən Yaxın Şərqi ağır fə­sadlara aparan müharibəyə sürükləyə bilər.

Türkiyənin təhlükəsizlik orqanları İraqın şimalında və Suriyada PKK ter­rorçularına və onun digər qanadı olan YPG yaraqlılarına qarşı vaxtaşırı anti­terror əməliyyatları həyata keçirməyə məcbur olurlar. Ankara faktiki olaraq bir çox böyük güclərin arxasında durduq­ları və silahlandırdıqları terrorçuların bölgədə “qol-qanad” açmasına imkan vermir. 

Təəssüf ki, Ankara bu humanist missiya üçün digər müsəlman ölkələ­rindən lazımi dəstəyi ala bilmir. 

Şahbaz ŞAMIOĞLU,
filologiya elmləri doktoru, professor 

Türkiyənin regionda stabil və humanist xarici siyasət yürütməsi bu ölkənin humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir. Bu siyasi kurs hələ dahi qurucu lider Mustafa Kamal Atatürkün vaxtında müəy­yən olunub. Türk millətinin və döv­lətinin böyük xilaskarı “Yurdda sülh, cahanda sülh” demişdir. O dönəm­dən Türkiyə bu gərgin bölgədə sül­hün əsas qarantı kimi çıxış edir. 

Son vaxtlar Yaxın Şərqdə gər­ginliyin kritik vəziyyətə çatdığı bir vaxtda İran Prezidenti İbrahim Rəi­sinin Ankaraya səfəri böyük əhə­miyyət kəsb edir. Bəzi analitiklər haqlı olaraq hesab edirlər ki, Qəz­za problemi Ankara və Tehranın mövqelərini bir çox istiqamətlərdə, xüsusilə regionun təhlükəsizliyi məsələsində yaxınlaşdırıb. 

Lakin Yaxın Şərqin iki böyük dövləti olan Türkiyə və İranın Suri­ya rejiminə münasibətdə mövqeləri haçalanır. Belə ki, Ankara Bəşər Əsəd rejimi ilə danışıqlar apar­mağın mənasız olduğunu bildirir, Tehran isə bu məsələdə tamamilə əks mövqe nümayiş etdirir və rəsmi Dəməşqə Rusiya ilə birlikdə hər cür dəstək verir. 

Xatırladaq ki, İran və Türkiyə­nin 535 kilometr ümumi sərhədi var və bu iki böyük dövlət arasında ta­rixən çox sıx iqtisadi və diplomatik əlaqələr olub. Təqdirəlayiq haldır ki, tərəflərin heç biri 1639-cu ildə İranda imzalanan “Qəsr Şirin” sülh müqaviləsini pozmayıb. 

Ankara regionda münaqişənin genişlənməsinin qarşısını almaq naminə böyük diplomatik səylər or­taya qoyur, bu müdrik və humanist siyasət dünya ictimaiyyəti tərəfin­dən təqdir olunur.

M.HACIXANLI
XQ



Dünya