Çinlə ticarət müharibəsi Aİ-yə sərf edərmi?

post-img

“Avropa İttifaqı (Aİ) və Çin yaxın vaxtlarda açıq ticarət qarşıdurmasına başlaya bilər”. Bu sözləri Brüsseldəki yüksək çinli məmurlardan biri “South China Morning Post” nəşrinə müsahibə verərkən açıqlayıb. İllərlə yığılıb qalan ziddiyyətləri aradan qaldırmaq üçün tərəflərdən heç biri prinsipial güzəştə getmək fikrində deyil. Bununla belə Çin hələ də Aİ-nin əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. 

Nəşrin qeyd etdiyinə görə, Aİ rəhbər­ləri ÇXR Dövlət Şurasının sədri Li Çyanın bu günlərdə Davos Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı dünyaya açıq olmaq siyasəti haqqında dediklərindən heç də razı qalmamışlar. Bununla yana­şı, Li sonra İrlandiyaya rəsmi səfər edib və bu ölkənin ÇXR-ə gələn vətəndaşla­rı üçün birtərəfli vizasız rejimin tətbiqini elan edib, həmçinin İrlandiyanın mal əti tədarükünə qoyulmuş qadağanın aradan qaldırılmasına razılıq verib. Brüssel bü­tün bunları “döyüşkən və müdafiə olun­mağa qalxan” Çinin ABŞ-da seçkilərin keçirilməsinə qədər vaxtı uzatmaq arzu­su kimi qiymətləndirib. 

Aİ liderlərinin Pekinin ünvanına səs­ləndirdikləri iqtisadi ittihamlar arasında əsas maddə 200 milyard avroluq ticarət “disbalans”ıdır. Onların sözlərinə görə, Avropa məhsullarının Çin bazarlarına buraxılmaması və ÇXR hökuməti tərə­findən Avropa bazarını dolduran elektrik avtomobillərinin və başqa məhsulların is­tehsalının subsidiyalaşdırmasıdır. 

2023-cü ildə Pekin üçün ikinci böyük ticarət tərəfdaşı olan Aİ ilə Çinin mal döv­rüyyəsi 782,9 milyard dollar təşkil edib. Ötən ilin nəticələrinə görə ÇXR-in birlik ölkələrinə ixracı 500 milyard dollardan bir qədər çox, Aİ-dən idxal isə 281,7 milyard dollar təşkil edib. 

Doğrudur, bütün kəskin məsələlər 4 ildə ilk dəfə 2023-cü ilin dekabrında tərəflər arsında yüksək səviyyədə keçi­rilən əyani sammitdə müzakirə olunub, ancaq bu, nəticəsiz başa çatıb. O zaman Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ÇXR sədri Si Cinpini xəbər­dar edib ki, Aİ-nin ixtiyarında “öz bazarını qorumaq üçün aləti var”. O, hətta çinlilə­rin Avropanın tibbi avadanlıqlar bazarına girişini məhdudlaşdıran (bu sektorda Çin Aİ-ni öz bazarına buraxmır) tədbirlər hə­yata keçirməyə hazır olduğunu da bildi­rib. 

Belə iddia edilir ki, bütün bu xəbər­darlıqlara cavab olaraq Si Cinpin Aİ li­derlərinə məsləhət görüb ki, 2018-ci ildə Çinə ticarət müharibəsi elan edən, lakin nəticədə “uğursuzluğa məruz qalan” ABŞ-ın keçmiş prezidenti Donald Tram­pın təcrübəsini öyrənsinlər. Hətta onu da əlavə edib ki, əgər Avropa analoji müha­ribə aparmaq qərarına gəlsə, o zaman “Köhnə qitə”ni də eyni tale gözləyir. Av­ropa liderlərinin yeni tədbirlər tətbiq edə­cəkləri ilə bağlı hədələrinə cavab olaraq Çin lideri buna qarşılıqlı tədbirlərlə cavab veriləcəyini vəd edib. Çinin istehsal sek­torunda uğurlarına gəldikdə isə Si bunun subsidiyalarla deyil, ÇXR məhsullarının səmərəliliyi və rəqabətqabiliyyətliyi ilə bağlı olduğunu bildirib. Aİ-nin yüksək çinli məmuru bu tərz danışıqları “ticarət mü­haribəsinin resepti” hesab edir.

Yanvarın sonunda Aİ yenilənmiş iq­tisadi təhlükəsizlik strategiyasını təqdim edəcək ki, son dərəcə vacib olan sahələri Çin və Rusiya tərəfindən ediləcək investi­ya nəzarətindən qorusun. “Bloomberg”in yazdığına görə, qəbul edilən tədbirlər birliyin “dəyərlərini bölüşməyən” tərəf­daşlarla münasibətlərdə “Aİ-nin iqtisadi təhlükəsizliyi üçün yarana biləcək risk­ləri” aradan qaldırmağa yönəldiləcək. Kritik texnologiyaların siyahısına yarım­keçiricilər, süni intellekt və biotexnologiya daxildir. 

Mümkün tədbirlər dairəsinə birbaşa xarici investisiyaların təşviqi qaydala­rının sərtləşdirilməsi, ixraca nəzarətin əlaqələndirilməsi, həmçinin “xarici in­vestisiyalar vasitəsilə Aİ-nin rəqiblərinə həssas “nou-hau”nun sızmasına nəzarət etmək üçün yeni mexanizmin işlənib ha­zırlanması daxildir. Bununla belə, Aİ-yə üzv olan bəzi dövlətlərin Brüsselə daha da çox səlahiyyətlər vermək və Çin­lə ticarət müharibəsi cəbhəsini açmaq istəməməsi səbəbindən, sənədə hüquqi qüvvəyə malik heç bir norma daxil edil­məyəcək.

Ekspertlər hesab edirlər ki, Çin və Aİ arasında münasibətlərin dinamikasını nəzərdən keçirərkən, diqqəti yalnız son il­lərin siyasi hadisələri üzərində cəmləmək doğru olmazdı. Çünki Aİ hələ 2010-cu il­lərdə Çinin dövlət subsidiyaları vasitəsilə yüksək texnologiyalı sənayenin sürətlən­dirilmiş inkişafı proqramları ilə bağlı ciddi narahatlıqlar hiss etməyə başlayıb. Məhz bu müstəvidə tərəflər arasında münasi­bətlər mürəkkəbləşməyə başladı, çünki ABŞ-dan fərqli olaraq, Aİ innovasiyalar sahəsində effektiv siyasət yürütmək iq­tidarında deyil. Aydın məsələdir ki, əgər Brüssel mövcud tendensiyalarla bağlı heç nə etməsə, Avropa getdikcə daha çox itirəcək və Çin onun bazarlarını ələ keçirəcək. ÇXR güzəştə getmir, çünki ona da öz yüksək texnologiyasını qoru­maq lazımdır.

Bununla yanaşı, çinlilər öz üsulların­dan istifadə edərək, xüsusən də ikitərəfli diplomatiya yolu ilə avropalılarla mü­nasibətlərə təsir göstərməyə çalışırlar. Məsələn, Fransa prezidenti Emmanuel Makronun 2023-cü ildə Çinə səfəri za­manı tərəflər arasında müxtəlif səna­ye sahələri üzrə bir neçə milyard dollar dəyərində 14 müqavilə imzalandı və yal­nız bundan sonra fransalı qonaq Avropa­nın strateji muxtariyyətinin əhəmiyyətin­dən danışmağa başladı. 

Əslində indi çinlilər, həqiqətən də okeanın o tayındakı seçkilərin nəticələrini gözləyirlər və ümid edirlər ki, bu seçkilər­dən sonra orada Transatlantik həmrəylik zəifləyəcək və hadisələr siyasi elitaların yenilənməsinə gətirib çıxaracq. 

Son illərdə Çinin Aİ liderləri ilə “güc­lü tərəf” mövqeyindən danışması aydın müşahidə edilməkdədir. Elə bu da ticarət müharibəsinin qarşısını almağa kömək edir, lakin belə davranışın qismən lazım­sız çətinliklərə gətirib çıxarması da fakt­dır. Məsələn, 2020-ci ilin sonunda tərəflər çox çətinliklə Hərtərəfli İnvestisiya Sazişi­nin şərtlərini razılaşdıra bildilər, lakin son­ra Çin Avroparlamentin Sincanda insan haqları ilə bağlı qəbul etdiyi qətnaməyə görə qurumun deputatlarına qarşı sank­siyalar tətbiq etdi və bu, sənədin parafla­masının “asılı vəziyyət”də qalmasına sə­bəb oldu. Bundan əlavə, analitiklər hesab edirlər ki, ÇXR liderlərinin Ursula fon der Leyenlə mürəkkəb şəxsi münasibətləri də öz rolunu oynadı. Lakin indi Avropa Komissiyasının yeni rəhbəri münasibət­lərin istiləşməsinə kömək edə bilər.

Bu gün Aİ-nin istifadə edə biləcəyi mümkün məhdudlaşdırıcı vasitələr ara­sında tarifləri, ixrac nəzarətini və onun şərtlərini pozan Avropa şirkətlərinə döv­lət dəstəyinin ləğvini qeyd edirlər. Bütün hallarda Çinlə ticarət müharibəsi baş verərsə, (hərçənd bu o qədər də real gö­rünmür) o zaman ən böyük zərər Avro­pa iqtisadiyyatının yüksək texnologiyalar sektoruna dəyəcək.

Hazırladı:
İlqar RÜSTƏMOV
XQ

Dünya