Putin Qoşulmama Hərəkatının dövlətlərin bərabərliyinə hörmət prinsipini dəstəkləyir

post-img

Rusiya Qoşulmama Hərəkatının iştirakçılarını bütün dövlətlərin bərabərliyi və suverenliyinə hörmət prinsiplərinin müdafiəsi məsələsində qeyd-şərtsiz dəstəkləyir. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının yanvarın 19-20-də Uqandanın paytaxtı Kampalada keçirilmiş 19-cu iclasının iştirakçılarına və qonaqlarına müraciətində deyilir. Mesaj Kremlin saytında dərc olunub. Məlumatı “Anadolu” verib.

“Rusiya BMT Nizamnaməsinin ruhuna uyğun olaraq bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərinin qorunması istiqamətində Hərəkat iştirakçılarının səylərini ardıcıl olaraq dəstəkləyir. Biz birlikdə dünya birliyinin üzvləri arasında beynəlxalq hüququn hamılıqla tanınmış və məcburi normalarına əsaslanan konstruktiv dialoqun tərəfdarıyıq. Bizi neokolonialist ambisiyaları, ikili standartları, eləcə də xarici siyasət və xarici iqtisadi məqsədlərə nail olmaq vasitəsi kimi güclü təzyiq, diktatura və şantajı rədd etməməyimiz birləşdirir”, - təbrikdə deyilir.

Putin qeyd edib ki, Qoşulmama Hərəkatı haqlı olaraq dünya arenasında mühüm nüfuza malikdir: “Planet ölkələrinin yarıdan çoxunu birləşdirən bu nümayəndəlik strukturu daha ədalətli, demokratik, çoxqütblü beynəlxalq münasibətlər sisteminin qurulması proseslərində çox mühüm rol oynayır”.

Putin hesab edir ki, Rusiya ilə Qoşulmama Hərəkatı arasında tərəfdaşlığın daha da genişləndirilməsi regional və qlobal gündəmdəki bir çox aktual məsələlərin həllinə, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə kömək edəcək.

P.ƏMİRCANOV

XQ

Dünya