Almaniya vətəndaşı olmaq asanlaşacaq

post-img

Almaniya Bundestaqı Almaniya vətəndaşlığının alınmasını sadələşdirmək üçün qanun qəbul edib. Bu barədə "Deutsche Welle" xəbər verir.

382 deputat lehinə, 234 nəfər əleyhinə, 23 deputat bitərəf səs verib, qanun üç aydan sonra, yəni apreldə qüvvəyə minməlidir.

Yeni qanuna əsasən, vətəndaşlıq almaq üçün tələb olunan ölkədə yaşama müddəti 8 ildən 5 ilə endirilib. Alman dilini yaxşı bilmək, könüllülük fəaliyyətlərində iştirak, peşəkar uğur və müəyyən keyfiyyətlər olduqda, üç ilə qədər azaldıla bilər.

Bundan əlavə, mövcud vətəndaşlıqdan imtina etməyə ehtiyac olmayacaq və Almaniyada doğulmuş uşaqlar avtomatik olaraq Almaniya vətəndaşlığını alacaqlar - əvvəllər bu, yalnız uşağın valideynlərindən biri ölkədə səkkiz il yaşadıqda baş verirdi.

Ötən ilin avqust ayında qanun layihəsinin təqdimatı zamanı Almaniyanın daxili işlər naziri Nensi Fezer vətəndaşlıq qanunvericiliyində islahatların məqsədini ixtisaslı mütəxəssislərin cəlb edilməsi ilə əlaqələndirmişdi. O, vurğulamışdı ki, “demokratiyamızın onu müdafiə edən və güclü edən insanlara ehtiyacı var”. Eyni zamanda, mühafizəkar CDU/CSU blokunun müxalifəti qanunu tənqid edərək iddia etmişdi ki, Fransa kimi Aİ ölkələri isə naturalizasiya qaydalarını sərtləşdirdiyi halda, Berlin belə bir qanun qabul edir və qanun Almaniya vətəndaşlığını dəyərdən salacaq.

S.ELAY

XQ

Dünya