ABŞ: Ağ ev uğrunda yarışın fəal mərhələsi başlanır

post-img

Artıq bu ay ABŞ-da noyabrda keçiriləcək seçkilərdə 2 əsas partiyanın – Demokrat və Respublikaçıların prezidentliyə irəli sürdüyü namizədlər üçün partiyadaxili səsvermə başlanacaq. Hər iki siyasi qüvvənin digər partiya üzvlərini xeyli qabaqlayan namizədləri var. Respublikaçılar üçün bu, qalmaqallı açıqlamalarına və 4 müxtəlif cinayət işi üzrə 90-dan çox ittihama baxmayaraq, populyarlığını qoruyub saxlaya bilən ekssentrik 77 yaşlı sabiq prezident Donald Trampdır. Demokratlar düşərgəsində isə lider 81 yaşlı hazırkı prezident Co Baydendir.

İki siyasətçinin partiya dəstəyini müqayisə etsək, aydın olur ki, Co Bay­denin üstünlüyü var. “RealClearPoliti­cs”in anket nəticələrinə görə, seçkilərdə demokrat seçicilərin, təxminən, 70 fai­zi Co Baydeni dəstəkləməyə hazırdır. Respublikaçılar cəbhəsində isə Donald Tramp irəlidədir. Seçicilərin 63 faizi sa­biq prezidenti dəstəkləyir. Ancaq noyabr ayında keçiriləcək seçkilərdə Tramp ilə potensial dueldə hazırkı prezident, an­ketlərin ortalama məlumatlarına görə, rəqibindən iki faiz bəndi geri qalır. Tanın­mış tarixçi və iqtisadçı Neil Fergusona görə, seçki öncəsi demokratlar arasın­da Co Baydenlə bağlı “geniş narahatlıq” var. Buna görə də, Ferguson düşünür ki, demokratlar Baydeni dəstəkləsələr, Trampın qalib gəlmə şansı 50 faiz ola­caq.

Sorğular da belə düşünməyə əsas verir. Məsələn, “McLaughlin & Associa­tes”in sorğusuna əsasən, respondentlə­rin 47 faizi Ağ evin sabiq rəhbərinə, 44 faizi isə Baydenə səs verməyə hazırdır. “Hart Research Associates/Public Opi­nion Strategies”in araşdırmasında isə fərq daha da genişdir. Burada Tramp rəqibini 6 faiz qabaqlayır. Bundan əlavə, “Morning Consult” sorğusunun nəticələ­rinə görə, respublikaçı namizədə ame­rikalıların 47 faizi müsbət, 49 faizi isə mənfi yanaşır. Co Bayden daha pis nə­ticəyə malikdir, seçicilərin 45 faizi ona müsbət, 51 faizi isə mənfi yanaşdığını açıqlayır. Demək olmaz ki, amerikalılar hər iki namizədə güclü rəğbət bəsləyir­lər, sadəcə, seçicilər hələ də Donalda Trampa bir az daha yaxşı münasibət göstərirlər.

Ekspertlər eyni fikirdədirlər ki, nəzəri cəhətdən respublikaçının seçkidə qalib gəlmək şansı var. Məsələn, amerikalı politoloq Malek Dudakov hesab edir ki, hazırda Tramp seçki yarışının aşkar li­deridir. “Tramp son 20 sorğunun 16-da Baydeni qabaqlayır və onun ABŞ Pre­zidenti üzərindəki üstünlüyü getdikcə artır. Əvvəlcə, təxminən, 1–2 faiz idi, indi isə 4–5 faiz təşkil edir. Yəni, yaxın gələcəkdə seçkilər keçirilsəydi, Tramp böyük ehtimalla seçkilərdə qalib gələ­cəkdi. Lakin səsverməyə hələ 11 ay var, ona görə də vəziyyət dəyişə bilər”. 

Trampın üstünlüyündə təkcə Res­publikaçılar Partiyası daxilindəki dəstək və ya ümumilikdə seçicilər arasında rəy mühüm rol oynamır. 2023-cü ilin yayın­dan bəri siyasətçi bir sıra cinayət itti­hamları ilə üzləşir, o cümlədən son seç­kinin nəticələrini ləğv etmək cəhdi və 3 il əvvəl tərəfdarlarının Kapitoliyə hücumu ilə bağlı ittihamlarla qarşı-qarşıyadır. Dekabr ayına qədər siyahı onun Kolora­doda ilkin seçkidən kənarlaşdırılmasını əlavə etdi ki, bu da onun, bütövlükdə, seçkilərdə iştirakını təhlükə altına qoya bilər. 

S.ELAY
XQ

Dünya