Zelenskinin “Böyük yeddilər”in liderləri ilə virtual görüşü

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski dünən virtual olaraq “Böyük yeddilər”in (G7) liderləri ilə görüşüb və onlara Moskvanın gələn il Qərb birliyinin “dağılacağına” ümid etdiyini deyib. Məlumatı “Amerikanın səsi” radiosu yayıb.

Xəbərdə qeyd olunr ki, Kiyevin müttəfiqləri ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Rişi Sunak da olmaqla, iclas iştirakçıları Ukraynanı dəstəkləməyə sadiq olduqlarını bildirib. Bu açıqlamalar Ukrayna Ordusunun döyüş meydanında az irəliləyiş əldə etdiyi üçün Qərbin bu ölkəyə dəstəyinin zəifləyəcəyi ilə bağlı narahatlıqlar fonunda verilib.

“Böyük yeddilər” liderlərinin görüşün yekunlarına dair bəyanatda “Biz müstəqil, demokratik Ukraynanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstəkləməyə sadiqik” deyilib.

Xatırladaq ki, “Böyük yeddilər”in liderləri Moskvanın gəlirlərini azaltmaq üçün Rusiyaya qarşı görüləcək tədbirləri açıqlayıb. Belə ki, yanvar ayından etibarən Rusiyadan qeyri-sənaye almazlarının, mart ayından isə Rusiyanın digər ölkələrdə emal olunmuş almazlarının idxalına qadağa qoyulması planlaşdırılır.

Yeri gəlmişkən, “Böyük yeddilər” Rusiya neftinə qiymət həddi də daxil olmaqla, əlavə tədbirlər elan edib və üçüncü dünya ölkələrini Rusiyaya hərbi materialların tədarükünü dərhal dayandırmağa çağırıb.

Liderlər həmçinin qış yaxınlaşdıqca Ukraynaya humanitar dəstəyi artıracaqlarını vəd edərək, Rusiyanı hücumu dayandırmağa və artıq vurduğu ziyanın kompensasiyasını ödəməyə çağırıblar.

XQ

 

Dünya