Humanitar yardım daşıyan 14 yük maşınından ibarət karvan Misirin Qəzza zolağı ilə sərhədindəki Rəfah keçid məntəqəsindən keçib. Bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi "Reuters" agentliyinə məlumat verib.
Misir tərəfi daha əvvəl məlumat vermişdi ki, bazar günü, oktyabrın 22-də humanitar yardım daşıyan 17 yük maşını sərhədi keçib, lakin sonradan bu məlumat BMT tərəfindən təkzib edilib. "Reuters" mənbələri iddia edir ki, bir gündə təxminən cəmi 19 yük maşını Qəzza zolağına daxil olub. Şənbə günü keçid məntəqəsindən ilk 20 avtomobil keçib.
Bazar günü keçid məntəqəsində konvoy hazırlayarkən partlayış baş verib. İsrail tanklarından biri səhvən atəş açıb və Misirin sərhədə yaxın obyektini vurub. Bir neçə nəfər yaralanıb. İsrail tərəfi Misirdən hadisəyə görə üzr istəyib və hadisənin baş vermə səbəblərini araşdıracağına söz verib.
XQ