Ərdoğan: Regiondakı problemlərin əsasında Fələstin məsələsi dayanır

post-img

Regiondakı problemlərin əsasında Fələstin məsələsi dayanır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Mor Efrem” qədim Suriya pravoslav kilsəsinin açılışında  bəyan edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan deyib: “Bu məsələ ədalətli həllini tapmadıqca bizim region sülhün həsrətində qalmaqda davam edəcək”.

Onun sözlərinə görə, Yaxın Şərqdə sülh Fələstin-İsrail probleminin tam həllindən sonra mümkün olacaq: “Paytaxtı (Şərqi) Qüds olmaqla coğrafi bütövlüyü təmin olunmuş müstəqil Fələstin dövlətinin yaradılması qaçılmazdır”. 

Türkiyə lideri gərginliyin artmasına səbəb olan hər cür addımdan qaçmağa çağırıb, çünki bu, problemi dərinləşdirəcək və daha çox qan tökülməsinə gətirib çıxaracaq.

“Türkiyə son hadisələr fonunda toqquşmaları dayandırmaq və gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır. Biz sakitliyin bərpası üçün diplomatik səylərimizi aktivləşməkdə qətiyyətliyik”, - deyə Türkiyə lideri bildirib. 

P.ƏMİRCANOV

XQ

 

Dünya