Bağdad və Ankara İraqda su çatışmazlığı səbəbindən su ehtiyatları komitəsi yaradıblar

post-img

İraqın xarici işlər naziri Fuad Hüseyn və türkiyəli həmkarı Hakan Fidan İraqda su qıtlığı fonunda su ehtiyatları komitəsinin yaradılması barədə razılığa gəliblər. Bu barədə F.Hüseyn mətbuat konfransında bildirib.

"İqlim dəyişikliyi və quraqlıq İraq cəmiyyətini və kənd təsərrüfatını təhdid edir, biz bu komitə vasitəsilə davamlı olaraq birlikdə işləməliyik",-nazir vurğulayıb. Ancaq o, komitənin tərkibi barədə ətraflı məlumat verməyib.

İraqın Su Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə su problemi digər amillərlə yanaşı, çayların yuxarı axınında yerləşən Türkiyədə yağışın olmaması, istilik və həddindən artıq su istehlakı səbəbindən başlayıb. İyulda İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhhaf bildirmişdi ki, ölkə danışıqlar yolu ilə Türkiyə və İrandan çaylardakı su payı hüququnun reallaşdırılmasına nail olmaq istəyir. Çatışmazlıq səbəbindən İraq hakimiyyəti bu il çəltik və qarğıdalı əkini dayandırıb.

S.ELAY,

"Xalq qəzeti"

Dünya