Rusiya oliqarxları niyə müharibəni pisləmirlər?

post-img

Onların hərbi məsələlərə təsiri sıfıra bərabərdir

2022-ci ilin fevralından bəri yalnız bir neçə rus oliqarxı Ukraynanın işğalına qarşı çıxıb. Onların müharibəni qınaması Rusiya ictimaiyyətinə çatdımı və ya Kremlin siyasətinə təsir etdimi? Bu suala cavab vermək üçün bəzi açıqlamaları nəzərdən keçirək.

Rusiyanın “Yandex” axtarış sistemi­nin həmtəsisçisi Arkadi Voloj ötən həftə deyib: “Rusiyanın Ukraynaya təcavü­zü vəhşilikdir və mən bunun qəti əley­hinəyəm. Ukraynada bir çoxları kimi mənim də dostlarım və qohumlarım var. Hər gün ukraynalıların evlərinə bomba atılması məni dəhşətə gətirir ”. Bu sərt və açıq bəyanat öz müəllifinin adını Ru­siyanın Ukraynaya qarşı müharibəsini pisləyən rus oliqarxlarının kifayət qədər qısa siyahısına salıb. Bəs ona bu cəsarə­ti verən nədir?

Xatırladaq ki, 1997-ci ildə “Yandex”i quran Voloj 2014-cü ildə İsrailə köçüb. Keçən il Avropa İttifaqı bu şirkəti Rusi­yanın sanksiyaya məruz qalan müəs­sisələrinin siyahısına daxil edib. Avropa İttifaqı hesab edib ki, "Yandex" Rusiyanın Ukraynaya qarşı təcavüzünün təbliğinə, habelə Kremli tənqid edən məlumatla­rın silinməsinə görə məsuliyyət daşıyır. Brüssel Voloju Rusiya hərbi əməliyyatı­na maliyyə dəstəyi verməkdə də ittiham edib. Voloj isə bu qərarı "yanlış" adlandı­rıb. Bundan sonra o, baş direktor vəzifə­sindən istefa verib və direktorlar şurasını tərk edərək xaricə köçüb. 

Müharibə əleyhinə çıxış edən bir neçə tanınmış rus oliqarxı arasında Rusiyanın ən böyük kreditorlarından biri olan “Tin­koff Bank”ın təsisçisi Oleq Tinkov da var. Keçən il o, “Putin faşizmini” açıq şəkildə pisləyəndən sonra Rusiya vətəndaşlığın­dan imtina edib. Ondan əvvəl, 2014-cü ildə isə Rusiyadan ABŞ-a köçən inves­tor Yuri Milner də eyni hərəkəti etmişdi. Böyük sərvət sahibi olan bu insanları birləşdirən və cəsarətləndirən isə onların Rusiya Federasiyasından kənarda yaşa­malarıdır.

Belə görünür ki, Voloj və onunla həmfikir olanların indi müharibəni açıq şəkildə pisləməsi maliyyə elitasının Pu­tinə sədaqətinə təsir edib, Avropa İttifaqı­nın tətbiq etdiyi sanksiyalar işə yarayıb. Amma...

Rusiyalı oliqarxlar Qərbin təzyiqinə boyun əyirlərmi? Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun (RUSI) Rusiya və Avrasiya Təhlükəsizlik məsələləri üzrə əməkdaşı Emili Ferrisin bu suala cavabı fərqlidir. O, “Euronews”a müsahibəsində deyib: “Ölkədə yaşamadığınız zaman və varidatınızın çoxu xaricdə olanda, Voloj kimi rejimə qarşı çıxmaq çox asandır. Rusiyada yaşayan oliqarxlar isə mühari­bənin əleyhinə çıxmır. Bu da ona görədir ki, onlar hələ də Rusiyadadırlar və orada öz resurslarına malikdirlər. Bu qismən ona görədir ki, müharibəyə qarşı çıxmaq onlar üçün həqiqətən çətindir”.

Exeter Universitetinin (Böyük Bri­taniya) dünya siyasəti üzrə professoru Devid Lyuis “Euronews”a deyib: "Əgər siz Rusiyadasınızsa, müharibəyə qarşı çıxmaq çox çətindir, çünki istintaq altında ola bilərsiniz. Ona görə də Rusiya Fede­rasiyası ilə işgüzar əlaqələr saxlamaq istəyənlər, əsasən, susurlar. Yalnız ölkə hüdudlarından kənarda olan və Rusiya ilə işgüzar əlaqələrini xeyli azaldanlar öz­lərini danışmağa qadir və hazır hiss edir­lər. Hətta onlar da o qədər çox deyillər".

Lyuis əlavə edib ki, sanksiyalar səbə­bindən oliqarxların Putinə qarşı çıxaca­ğını düşünmək olduqca sadəlövhlükdür. “Rusiyada siyasət və biznes bir-biri ilə sıx bağlıdır və hökumətin kursuna qarşı çıxmaq bu ölkədəki biznesi itirməkdir. Bu səbəbdən də onlar susmağa üstünlük ve­rirlər. Volojun müharibəni kəskin pisləmə­si də buna görə səs-küy yaratmadı..

Bununla belə, Berklidəki Kaliforniya Universitetinin Haas Biznes Məktəbinin dosenti Anastasiya Fedıkın qeyd etdiyi kimi, “narazılıqlarını şifahi ifadə etmək­lə onlar müəyyən ritorikanı normallaş­dıra və biznes elitasına müəyyən təsir göstərə bilərlər”.

Oliqarxlar Putinə qarşı çıxmaqla və­ziyyəti dəyişdirə bilərmi? Oliqarxlar Ru­siya siyasətində kifayət qədər zəif fiqur­lardır. Onların qərarların qəbuluna təsiri çox məhduddur. Xüsusən də müharibə ilə bağlı qərarlarda təsir gücləri demək olar ki, sıfırdır. Onlar Putindən daha çox asılıdırlar. Ferris də razılaşır ki, rus oliqarxlarının xaricdə müharibə əleyhinə azsaylı çıxışları, hətta ölkə daxilində Pu­tinin imicinə təsir edə bilməz: "Onun ha­kimiyyəti əslində bu oliqarxlar tərəfindən deyil, hərbi rəhbərlər, hərbçilər, ona yaxın olan insanlar tərəfindən diktə olunur. Və bu qrup daxilində müharibə ilə bağlı heç bir fikir ayrılığı yoxdur".

Əgər işini itirmək təhlükəsi ilə üzləşən minlərlə insanın çalışdığı iri şirkətlərin sahibləri müharibəyə qarşı çıxsalar, bu, Putin və Rusiya cəmiyyəti üçün vəziy­yəti dəyişə bilər. Ancaq bunun baş ver­məsi ehtimalı azdır. Çünki ölkədə böyük pul qazanan hər kəs Putin tərəfindən nəzərəçarpacaq dərəcədə idarə olunur.

Bütün bunlar isə Rusiyanın iqtisadi inkişafı, innovasiyaları, hətta siyasi sabit­liyi üçün yaxşı heç nə vəd etmir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya