Bakıda “Paris-2024”ə ilk lisenziyalar qazanılıb

post-img

Dünya çempionatının qalibləri 

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir. Dünən bu nüfuzlu yarışda ilk qaliblər məlum olub. 

Olimpiya növü olan pnev­matik tapançadan 10 metr məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlükləri­ni nümayiş etdiriblər. Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş meda­la 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc meda­la isə 215.7 xal yığan bolqar Kiril Kirov sahib olub. Yarışın komanda növündə də ilk yeri çinlilər tutublar. Komanda növündə gümüş medala Almaniya, bürünc medala isə Hindistan komandası yiyələnib. 

Komanda yarışında və fərdi yarışda qızıl medal qazanan çin­li Boven Janq turnirdəki çıxışı ilə bağlı jurnalistlərə açıqlama verib. O qeyd edib ki, komanda yarışında ən yüksək xalı toplamaq üçün əllərindən gələni ediblər: “Sevinirik ki, qarşıya qoyulan hədəfə çatdıq. Qalib olduğu­muz üçün xoşbəxtik. Bakıda olmaq­dan məmnunluq hissi keçirirəm. Bakı çox gözəl şəhərdir. Eyni zamanda, çempionat yaxşı təşkil olunub”. 

27 yaşlı idmançı fərdi yarışdakı çıxışı və ikinci yeri tutan Damir Mi­keçlə arasındakı rəqabətdən də da­nışıb. Deyib ki, dünya çempionatında ən güclü idmançılar iştirak etdiyindən rəqabət gərgin olub. Mübarizədə isə ən vacib məsələ insanın özünə inamı­dır. Bütün diqqətimi hədəfə yönəltdim və nəticədə qalib oldum”.

İdmançı Paris Olimpiadasına li­senziya qazanmağın vacib olduğu­nu da bildirib: “Yarışda yaxşı çıxış etməklə yanaşı, lisenziya əldə etmək də vacib idi. Fərdi nailiyyətimlə ya­naşı, komandanı da fikirləşirəm. Çox şadam ki, Paris Oyunlarına vəsiqə qa­zandım. Olimpiya Oyunlarında yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. 

Çin komandasının digər üzvü Cunhuy Liu da yarışla bağlı fikir­lərini bildirib: “Bakıya artıq ikinci dəfə səfər edirəm. İlk dəfə bu ilin may ayında paytaxtda keçirilmiş dünya ku­boku yarışında iştirak etmişdim. Bakı Atıcılıq Mərkəzində idmançıların öz potensiallarından maksimum istifadə etmələri üçün hər bir şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olu­nub. Həm bütün iştirakçılara, həm də azarkeşlərə təşəkkür edirəm”. 

Dünən, həm də qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapan­çadan atəş üzrə yarışın qaliblərinin adlarına da aydınlıq gəlib.

Çin yığmasının üzvü Yianq Ranxin fərdi növdə 239.8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238.3 xal top­layan yunanıstanlı Anna Korakakiyə, bürünc medal isə 218.9 xal yığan çinli Li Xueyə çatıb.

Yarışın komanda növündə də ilk yeri çinlilər tutub və qızıl medal əldə ediblər. Komanda növündə gümüş medala Macarıstan komandası, bü­rünc medala İran komandası sahiblə­nib.

Beləliklə, yarışda “Paris-2024”ə ilk lisenziyaların sahibləri də müəyyənlə­şib. Belə ki, 10 metr məsafəyə pnev­matik tapançadan atəş üzrə kişilər arasında yarış iştirakçılara 4 lisenzi­ya qazandırıb. Yarışın qızıl medalçısı çinli Boven Janq, bürünc medal sahibi bolqarıstanlı Kiril Kirov ilə yanaşı, fi­nala düşmüş, lakin qaliblər arasında olmayan İsveçrə təmsilçisi Ceyson Solari və Almaniya təmsilçisi Robin Uolter də “Paris-2024”ə lisenziya əldə ediblər. 

10 metr məsafəyə pnevma­tik tapançadan atəş üzrə qa­dınlar arasında yarışda iştirak­çılar 4 lisenziya əldə ediblər. Yarışın qızıl medalçısı çinli Yianq Ranxin, macarıstanlı Rahel Sara Fa­bian, vyetnamlı Trinh Tu Vinh və Cə­nubi Koreya təmsilçisi Kim Bomi “Pa­ris-2024”ə lisenziya qazanıblar. 

L.QURBANOVA, “Xalq qəzeti”



İdman