Rublun “çöküşü” davam edir

post-img

Bu, manatın effektiv məzənnəsini möhkəmləndirir

Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Moskva birjasında ticarət zamanı 1 dolların məzənnəsi 2022-ci ilin mart ayından bəri ilk dəfə 100 rublu ötüb və 2,22 faiz artaraq 101,64 səviyyəsinə yüksəlib. Rusiya Mərkəzi Bankının məlumatına görə, ilin əvvəlindən rublun real effektiv məzənnəsi (Rusiyanın əsas ticarət tərəfdaşlarının inflyasiyaya uyğunlaşdırılmış valyuta səbətinə nəzərən) 26,4 faiz ucuzlaşıb. Bir avronun məzənnəsi isə 111,32 rubl səviyyəsinə kimi artıb. Sonuncu dəfə Avropa İttifaqı valyutası ilə 111 rubldan yuxarı ticarət əməliyyatı 23 mart 2022-ci ildə olub. Bu ilin 7 ayı ərzində rubl avroya qarşı isə 29,9 faiz ucuzlaşıb. Bu o deməkdir ki, rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin üçdəbirdən çoxunu itirib. 

Bununla bağlı iqtisadçı ekspert Dmitri Babin deyib: “Xarici valyuta təklifi ilə tələ­bat arasında disbalans var. Bu, rubla təsir edir. İxrac gəlirlərinin azalması ilə əlaqədar daxili bazara kifayət qədər val­yuta daxil olmur. Nəticədə, tələbat yük­sək olsa da, təklif onu qarşılaya bilmir”.

Eyni zamanda, idxal yüksək səviyyə­də qalır. Bu, həm rusiyalı fiziki şəxslər, həm də ölkədəki aktivlərini tərk edən qeyri-rezidentlər tərəfindən vəsaitlərin çıxarılması ilə yanaşı, xarici valyutaya artan tələbi dəstəkləyir. Başqa bir səbəb turizm mövsümü ilə əlaqəlidir. İstirahətə gedənlər nağd xarici valyutaya üstünlük verirlər. Yəni, xarici valyutaya tələbi artı­rırlar.

Rusiyanın enerji gəlirlərində də kəs­kin azalmalar qeydə alınır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ix­racatı 120,4 milyard dollardan 77,4 mil­yardadək azalıb. Bu o deməkdir ki, Ru­siyanın neft gəlirlərində 65 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Dmitri Babinin sözlərinə görə, nef­tin qiymətinin qalxması ixrac gəlirlərinin bərpasına töhfə verə bilər. Lakin Rusiya neftinin ixracının azalması, sanksiyalar və geosiyasi məhdudiyyətlər neft qiymət­lərindəki artımın təsirini zəiflədir. Rublin dinamikasında müsbətə doğru ciddi dəyi­şiklikləri gözləmək lazım deyil. Prinsipcə, rublla bağlı vəziyyət dəyişməyib. Bununla belə, ayın sonuna yaxınlaşdıqca, Rusiya ixracatçıları vergi ödəməyə hazırlaşdıq­ları üçün rublun ucuzlaşma tempi aşağı düşə bilər. Bu, nəzərəçarpan olmayacaq. Görünən odur ki, Ukrayna ilə mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuz başa gəlməyəcək. Müharibə xərcləri art­dıqca və ixracı kəskin şəkildə azaldıqca rublun dəyərdən düşməsi sürətlənəcək. Hətta, rublun ucuzlaşmasının qarşısını almaq üçün Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 8,5 faizdən 12 faizə qal­dırması da təsirsiz qalacaq.

Rublun dollara və avroya nisbətdə zəifləməsi və nəticədə gəlirlərin azalma­sı əmək miqrantlarına da təsir edir. Bu səbəbdən onların üçdəbiri Rusiyanı tərk edə bilər. Belə bir proqnozu Moskvada­kı özbək diasporunun rəhbəri Bəhrom İsmayılov verib. Özbəklər arasında keçi­rilən sorğunun nəticələrinə görə, onların 50 faizi dolların bahalaşması ilə əlaqədar Rusiyanı tərk etməyi düşünür.

Rublun kəskin ucuzlaşmasının Azər­baycana təsirlərinə gəldikdə isə iqtisadçı Vüqar Bayramov bildirib ki, bu ilin ilk ya­rısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3,5 faizi Rusiya­nın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbay­canın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8,3 faizini Rusiya formalaşdırıb.

Bu baxımdan rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həc­minə xüsusi təsiri olmasa da Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həc­minə təsirsiz ötüşməyəcək. Rusiyada iq­tisadi çətinliklər Azərbaycana göndərilən vəsaitin həcmini azalda bilər. Digər tərəf­dən, rublun ucuzlaşmasının valyuta ba­zarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. 

Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəif­ləməsi manatın nominal effektiv məzən­nəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yı­ğımlarını, həm də sərmayə qoyuluşları­nı şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu, onun bütün qonşularından daha yaxşı hazırlıq tələb edir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya