“Amerika müharibələri maliyyələşdirməkdən yorulub”

post-img

12 konqresmen Ukraynaya yeni hərbi yardıma etiraz edib

Respublikaçı konqresmenlər ABŞ Prezidenti Co Baydendən Ukraynaya 24 milyard dollarlıq yardım üçün yeni maliyyə tələbini geri götürməsini tələb ediblər. Bu barədə Nümayəndələr Palatasının üzvü Varren Davidson bildirib. “Fox News” siyasətçilərdən sitat gətirib: “Biz Ukrayna üçün 24 milyard dollar da daxil olmaqla, 40 milyard dollarlıq əlavə vəsaitin ayrılması ilə bağlı son müraciətinizlə kəskin şəkildə razılaşmadığımızı bildiririk”.

Baydenin təşəbbüsünə 12 konqresmen qarşı çıxıb. Məktubda deyilir ki, bu sor­ğu "administrasiyanızın nə­zarətsiz kəsir xərclərini güc­ləndirir və ikipartiyalı “borc tavanı” razılaşmasını pozur: “Amerikalılar sonsuz müha­ribələri maliyyələşdirmək­dən yorulub və Vaşinqtonda nəinki maliyyə ehtiyatlığını bərpa etməyə kömək edə­cək, həm də Amerikanı və Amerika vətəndaşlarını bi­rinci yerə qoyacaq siyasət istəyirlər”. ABŞ-ın Ukray­nadakı məqsədləri aydınla­şana qədər vəsait tələbinin geri götürülməsi təklif edilir.

Pentaqonun məlumatına görə, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayan­dan bəri, Vaşinqton Kiyevə 43 milyard dollardan çox hərbi yardım ayırıb. ABŞ sə­lahiyyətliləri əvvəlki paketi iyulun sonunda açıqlamışdı. Onda maliyyələşmənin həc­mi 400 milyon dollar olub.

“The Washington Post”un yazdığına görə, Ki­yev ötən il fevralın 24-dən ABŞ-dan təxminən 66,2 mil­yard dollar hərbi, maliyyə və humanitar yardım alıb. Bu da Vaşinqtonun İkinci Dün­ya müharibəsindən sonra başqa bir ölkəyə verdiyi ən böyük dəstəkdir. 

Nümayəndələr Palatası­nın digər üzvü Qreq Stubi (Florida ştatından olan res­publikaçı) isə Konqresdə ABŞ Prezidenti Co Bay­denin impiçmenti ilə bağlı məsələ qaldırıb. Onu pre­zident kürsüsünü nüfuz­dan salmaqda və qanunun aliliyini pozmaqda ittiham edib. Bu barədə cümə günü konqresmenin saytında dərc olunmuş bəyanatda deyilir. “Co Baydenə impiç­ment elan etməyin vaxtıdır. O, öz administrasiyasının dürüstlüyünə xələl gətirib, prezidentliyi nüfuzdan salıb, prezident kimi ona göstə­rilən etimada xəyanət edib, Amerika vətəndaşlarının zərərinə qanunun aliliyini və ədaləti pozaraq hərəkət edib. Bunun sübutu hər gün artır”.

Konqresmen daha sonra deyib ki, Baydenin cinayət­kar ailəsi rüşvət, təhdid və fırıldaqçılıq yolu ilə onun dövlət vəzifələrindən isti­fadə edərək qazanc əldə edirlər. “Biz Co Baydenin Ağ evdə oturub ölkəmizi satmağa davam etməsinə icazə verə bilmərik”,- deyə qanunverici bildirib.

Baydenin impiçmenti ilə bağlı məqalələr ilk dəfədir ki, ABŞ Konqresinə təq­dim edilmir. Qanunvericilər Marjorie Teylor Qrin (Gorci­ya ştatından respublikaçı) və Loren Bobert (Kolorado­dan respublikaçı) bu təşəb­büslə əvvəllər dəfələrlə çıxış ediblər. Nümayəndələr Palatasının spikeri Kevin Makkarti də impiçment pro­sesinə başlamaq niyyətini açıqlayıb. O hesab edir ki, bu, Bayden və onun ailəsi­nin korrupsiya sxemlərində iştirakı ilə bağlı həqiqəti öy­rənməyin yeganə yoludur. Lakin bu niyyətlərin həyata keçirilməsi üçün hələ də heç bir addım atılmayıb.

Rusiya isə Ukrayna or­dusunun maliyyələşdirilmə­sinə qarşıdır və Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. Hərbi ekspert Sin Bell Britaniya­nın “Sky nyus” nəşrində dərc olunmuş təhlilində bildirib ki, Belarus Prezi­denti Aleksandr Lukaşenko NATO ilə gərginliyi artırır: “Vaqner” xüsusi hərbi təş­kilatının ölkəsində yerləş­məsi Lukaşenkonu daha da cəsarətləndirib. Lakin bu, Polşa ilə gərginliyin yaran­ması ilə nəticələndi. Belarus helikopterlərinin də sərhəd pozuntularında iştirak etdiyi barədə məlumatlar var. Bu hallar Belarusun NATO qon­şuları ilə gərginliyini artıra bilər”.

 

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya