Bölgələrdə əhalinin sosial müdafiəsi gücləndirilir

post-img

Azərbaycan dövlətinin siyasətində əhalinin sosial rifahı prioritet təşkil edir. Prezident İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin və müəssisələrin açılışları ilə yadda qalır. Dövlət başçısının bir neçə gün əvvəl ölkəmizin Qərb bölgəsinə səfəri də mühüm tarixi hadisələrlə diqqət mərkəzində oldu. Əminik ki, səfər zamanı Prezident tərəfindən açılışı edilən sosial obyektlərin hər biri fəaliyyəti ilə bölgə sakinlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edəcək. 

Bu mənada Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı, xəstəxanada yaradılan şəraitlə bağlı dövlət başçısına verilən məlumat təd­biri izləyən hər kəsin diqqətini çəkdi. Bu gözəl tibb ocağının inşasına 2019-cu ildə başlanılıb. Üçmərtəbəli, 90 çar­payılıq xəstəxanada əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımi şərait yaradı­lıb. Bura müraciət edənlər Yaponiya, Koreya, İtaliya və Türkiyə istehsallı modern avadanlıqla dəqiq müayinə olunacaqlar. 

Tibb müəssisəsində bütün zə­ruri xidmətlər üzrə şöbələr fəaliyyət göstərəcək. Ərazidə əsas bina ilə ya­naşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı binalar da inşa olunub.

Televiziya ilə izlədiyimiz kadrlardan da görünürdü ki, əhalinin müasir tibbi xidmətlə əhatə edilməsi, müayinə və müalicələrin etibarlı olması, gələcəyi­miz olan uşaqların sağlam böyüməsi üçün ardıcıl surətdə tədbirlər həyata keçirilir. Sosial layihələrin icrası dövlət başçısının daimi diqqətində, ciddi nə­zarətindədir.

Dövlət başçımız həmin gün Bər­dədə Əmək və Əhalinin Sosial Mü­dafiəsi Nazirliyinin Qarabağ Regional Dayanıqlı və Operativ Sosial Təminat (DOST) və peşə hazırlığı mərkəzlərinin açılışında da iştirak edib. Bu günlərdə 5 yaşı qeyd olunan agentliyin DOST mərkəzləri artıq, sözün əsl mənasında, vətəndaşlarınn dostuna çevrilib. On­ların əsas qayəsi vətəndaş məmnun­luğuna nail olmaqdır. Mövcud DOST mərkəzlərində indiyədək 1 milyon ya­rımdan çox insana məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 növ xidmət göstərilib: məmnunluq dərəcəsi 98,2 faizdir.

Bərdədə DOST Mərkəzinin açılışı zamanı Əmək və əhalinin sosial mü­dafiəsi naziri Sahil Babayevin verdiyi məlumata görə, qarşıdakı 3 ildə belə xidmət sahələrinin sayının 17-yə, filial­ların isə 55-ə çatdırılması planlaşdırılır.

Yeni açılan mərkəz dördmərtəbəli, yaraşıqlı binadan ibarətdir. Burada 123 işçi çalışacaq. Eyni zamanda, “Könüllü DOST” proqramı üzrə 50 gənc fəaliyyət göstərəcək. Mərkəz 770 mindən çox əhalisi olan 9 rayona, həmin ərazilər­dən sosial müdafiəyə ehtiyacı olan 170 min nəfərə xidmət edəcək. Gün ərzində orta hesabla 650–700 vətən­daşın rahat qəbulu təmin ediləcək.

Ölkənin regionlarında yaradılan peşə hazırlığı mərkəzləri də sosial rufaha xidmət edən ünvanlardır. Bil­diyimiz kimi, peşə hazırlığı özlüyündə işaxtaran və işsiz şəxslərin əmək ba­zarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa və ya yeni peşəyə yiyələnmək üçün hazırlığını ehtiva edir. Özü də bu zaman “Məş­ğulluq haqqında” Qanunun tələbləri nəzərə alınır, təlimlər isə təhsillə bağ­lı qanunlarına uyğun təşkil olunur. Bu baxımdan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin işə başlaması əmək bazarının tam təminatını reallaş­dıracaq. Burada emalatxanalar, siniflər və instruksiya otağı, Karyera Planla­ması Mərkəzi mövcuddur. Təlimlər 48 peşə üzrə aparılacaq. Mərkəzdə 20 nəfərlik heyət işləyəcək. Bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keç­məsi nəzərdə tutulub. 

Qeyd edək ki, hazırda Bakı, Göy­çay və Gəncədə də peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir. Ümumi­likdə, mərkəzlərdə 175 peşə və ixtisas üzrə tədris aparılır, 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq hə­yata keçirilir. DOST konsepsiyasına uyğun olaraq, yeni mərkəzlərin yara­dılması üzrə növbə Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şa­maxınındır. 

Açılış mərasimində bildirildiyinə görə, son beş ildə ölkəmizdə 1 mil­yondan çox şəxsə məşğulluq xidmə­ti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özü­nüməşğulluq xidməti, 20 min nəfər iş­sizlikdən sığorta ödənişi ilə təmin edi­lib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsinin üzvü və müha­ribə iştirakçısı müvafiq xidmətlərdən gen-bol yararlanıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri də təqdirəlayiqdir: artıq 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2 min 257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq münasibətləri qurulub. Şu­şaya köçürüləcək 19 mindən çox şəxs öyrənilib, 56 nəfərin məşğulluğu təmin edilib.

Bəli, bütün ölkədə olduğu kimi, iş­ğaldan azad edilən rayonlarımıza qayı­dacaq sakinlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə də geniş tədbirlər planı mərhələli şəkildə real­laşdırılır. 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”



Sosial həyat