Ukrayna taxılına yeni yol açılır

post-img

Rumıniya Ukrayna taxılının tranzitini ayda 2 milyon tondan 4 milyon tona çatdırmağı planlaşdırır. Bunu Qalati limanında ABŞ, Avropa İttifaqı, Rumıniya, Ukrayna və Moldova rəsmilərinin iştirakı ilə keçirilən danışıqlardan sonra Rumıniyanın nəqliyyat naziri Sorin Qrindeanu deyib. İclasın məqsədi Ukrayna taxılının ixracı üçün alternativ yolların müəyyən edilməsidir. Məsələ xüsusilə Rusiyanın taxıl sazişindən çıxmasından sonra aktuallaşıb.

Avqustun 11-də Moldova və Ukray­nadan demək olar ki, eyni məsafədə yerləşən Rumıniyanın Dunay sahilin­dəki Qalati liman şəhərində yüksək sə­viyyəli rəsmilərin iştirakı ilə danışıqlar aparılıb. ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinasiya ofisinin rəhbəri Cim O`Brayen, Avropa Komis­siyasının mobillik və nəqliyyat direktor­luğunun rəhbəri Maqda Kopçinskaya, Rumıniya və Ukraynanın nəqliyyat nazirləri Sorin Qrindeanu və Aleksandr Kubrakov, həmçinin Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea Uk­rayna taxılının tranzitinin artırılması imkanlarını müzakirə etmək üçün bir araya gəliblər.

Xatırladaq ki, iki gün əvvəl ABŞ-ın Buxarestdəki səfirliyi danışıqlar barədə verdiyi açıqlamada görüşü “həlledici” adlandırmışdı. “Rusiyanın Ukrayna liman infrastrukturunu və taxıl anbarlarını amansızcasına məhv etməsinə baxmayaraq, biz qlobal tələbatı ödəmək üçün Ukrayna taxıl ixracının davamlılığını təmin etməyə sadiqik”, - Rumıniya mətbuatı diplomatik missiyadan sitat gətirmişdi. Görüşdən sonra iştirakçılar bəyan ediblər ki, ABŞ logistikanı yaxşılaşdırmaq, yüklərin transsərhəd daşınmasını asanlaşdırmaq və ümumilikdə Rumıniya və Moldovanın tranzit imkanlarını genişləndirmək məqsədilə Ukraynanın qonşu dövlətlərə maliyyə yardımı göstərməyə hazır olduğunu təsdiqləyib. 

Rumıniyanın nəqliyyat naziri Qrindeanu görüşdən dərhal sonra so­sial platformasında yazıb ki, bu təd­birlər ABŞ-ın alternativ ixrac marşrut­larının genişləndirilməsində dəstəyini, sərhəd-keçid məntəqələrinin, dəmir yolu və avtomobil nəqliyyatı üçün kri­tik infrastrukturun modernləşdirilməsini və Dunayda ixrac gücünün inkişafına dəstəyi əhatə edəcək. Mətbuat kon­fransında isə Sorin Qrindeanu əlavə edib ki, görüşdə müzakirə olunan təd­birlərin qəbulu Ukrayna taxılının tran­zitinin həcmini ayda hazırkı 2 milyon tondan 4 milyon tona çatdıracaq. Nazir, həmçinin bildirib ki, bu məqsədə nail ol­maq üçün Sulina kanalının (Dunay və Qara dənizi birləşdirən) buraxılış qabi­liyyətinin optimallaşdırılması vacibdir. 

BMT-nin məlumatına görə, Rusiya­nın iyul ayında çıxdığı taxıl sazişi təx­minən bir il ərzində Ukraynanın Qara dəniz limanlarından 32 milyon tondan çox ərzaq məhsulunun ixracına imkan yaradıb. Ukraynanın nəqliyyat naziri Aleksandr Kubrakov iclasın yekunu ilə bağlı şərhində Sulina kanalının rolunu və ümumiyyətlə, Dunayda naviqasiya­nın inkişaf etdirilməsi zərurətini qeyd edib. Nazir vurğulayıb ki, digər prioritet Dunayda gəmiçiliyin inkişafıdır. Gəmi kanallarının keçidinin sürətləndirilmə­si, Sulina kanalının keçid qabiliyyətinin artırılması və Rumıniyanın Konstan­sa limanı yaxınlığında gəmilərin reyd keçirməsi üçün əlavə yerlərin təşkili əsas iş sahələridir. Sonra o əlavə edib ki, bütün bunlar investisiya tələb edir. Ukraynalı nazir, həmçinin bildirib ki, Rumıniya və Moldova ilə dəmir yolu daşımaları məsələsində fəal iş aparılır: “Bizim bütün addımlarımız bir məqsə­də çatmağa yönəlib - Ukrayna ixracat­çıları üçün mümkün qədər çox imkan­lar təmin etmək. Bundan həm müdafiə qabiliyyəti artacaq, həm də iqtisadiyyat faydalanacaq”. 

Moldova kənd təsərrüfatı naziri Vladimir Bolya ölkəsinin Ukraynadan Aİ-yə kənd təsərrüfatı məhsullarının tranzitini təmin etdiyini bildirib. Onun sözlərinə görə, Kişinyov nəqliyyat im­kanlarının artırılmasında maraqlıdır: “Problem ondadır ki, bizdə aşağı key­fiyyətli dəmir yolu və dəniz infrastruktu­ru var, bu da kənd təsərrüfatı məhsulla­rının daşınması imkanlarını azaldır”. O, əlavə sərmayə qoyuluşuna da çağırıb. Moldova dəmir yollarının rəhbəri Oleq Tofilat isə bildirib ki, respublika 2022-ci ildən regionun logistika problemlərinin həllində fəal iştirak edir. Moldovalı eks­pertlərin sözlərinə görə, Moldova dəmir yolu Rumıniya dəmir yolu kimi hələ də əlavə modernləşdirməyə ehtiyac du­yur. Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, Moldova və Rumıni­ya artıq Ukrayna taxılının beynəlxalq bazarlara ixracı üçün yaxşı qurulmuş marşrutdur.

Eyni zamanda, ekspertlər xatırla­dırlar ki, Qara dəniz taxıl təşəbbüsü iş­ləyərkən Ukrayna taxılının ixracı üçün əsas istiqamət olub. Buna görə də, mütəxəssislər quru və çay tranzitinin artırılması imkanlarını ehtiyatla şərh edirlər. Analitiklər belə bir sual verirlər: Moldova və Rumıniyanın 25 milyon ton Ukrayna taxılını beynəlxalq bazarlara daşımaq gücü varmı? Bəzi ekspert­lər bildirirlər ki, ötən il hər iki ölkə 10 milyon tona yaxın taxıl daşıya bilib. Bu arada genişləndirmə işlərinə ötən il başlanılan Konstansa limanında anbar tutumları artırılıb, Moldova və Rumıni­yada dəmir yolları təmir edilib. Bununla belə, mütəxəssislər deyirlər ki, daha çox taxıl ixracı üçün infrastruktur inki­şaf etdirilməlidir. Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukrayna taxılına yeni yol açmaq üçün pul xərcləməyə hazır olduqlarını bildirirlər.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

Dünya