Ustad fotomüxbir Cahangir İbadov

post-img

Ötən əsrin səksəninci illərinin əvvəlləri idi. 26 Bakı Komissarı rayonunun rəhbərliyi bir neçə kənd rayonuna “Təşviqat briqadası” göndərirdi. Füzuli və İmişli rayonlarına göndərilən qrupun rəhbəri rayon Veteranlar Şurasının sədri – keçmiş pilot Məzahir Abbasov, məsləhətçi polkovnik Rizvan Zeynalov, konferansye – aparıcı isə mən idim. 

... Füzuli Rayon Partiya Komitəsinin birinci katibi Əhməd Əhmədzadə Məzahir müəllimə dedi ki, “Kommunist” qəzetinin fotomüxbiri də rayondadır. Məsləhətdir­sə, sizin tədbirlərdən də şəkil çəksin. Ra­zılaşdılar. Fotomüxbir gəldi və Məzahir müəllimlə rus dilində danışmağa başladı. Üstəlik, Məzahir müəllim ona Volodya – deyə müraciət edirdi. Amma mənim üçün qəribə olan onun rusca danışması və ya adının Volodya olması deyildi. Məni mat qoyan onun raykomun ikinci katibinə, Məzahir müəllimə və polkovnikə göstə­rişlər verməsi, şəkil çəkdirən zaman necə dayanmağın vacib olduğunu “öyrətməsi” idi. 

İş elə gətirdi ki, aradan təxminən 25–26 il keçəndən sonra mən həmin fo­tomüxbir Vladimir İbadovla eyni kollektiv­də işləməli oldum. Ancaq onun adı artıq Volodya yox, Cahangir idi. 

Mən Cahangir müəllimlə, təxminən, on il siyasi tədbirlərdə iştirak etdim, 15 il isə eyni kollektivdə işlədim. Bir dəfə onu dostlarıma təqdim edərək fəxrlə dedim ki, Qızıl meydanda İosif Stalinin, Azər­baycan yazıçılarının qurultayında Səməd Vurğunun şəkillərini çəkmiş fotoqrafdır: Cahangir müəllim dostlarımın yanında­ca məni acıladı: “Bir də səndən fotoqraf ifadəsini eşitsəm, yazılarının xoşuma gəlməsinə baxmaram. Mən fotoqraf de­yiləm, fotomüxbirəm”. 

Yeri gəlmişkən, onun bir siyasi tədbir­də nümayiş etdirdiyi cəsarət – bəlkə də, ərk və ya ərköyünlük – həmkarlarımızda gülüş, Prezidentin mühafizəçilərində na­razılıq yaratsa da, ümummilli liderimiz tərəfindən xoş bir təbəssümlə qarşılan­dı. Belə ki, Cahangir müəlim ulu öndərə xitabən dedi ki, cənab Prezident, siz bir az sol tərəfə baxın ki, foto daha baxımlı alınsın. Heydər Əliyev isə səmimi bir tə­bəssümlə dedi, Volodya elə istəyirsə, elə dayanaq. AZƏRTAC-n fotomüxbiri, mər­hum Yaşar Xəlilov danışırdı ki, nə sovet dönəmində belə ərköyünlük görmüşdüm, nə də müstəqillik dövründə. 

Cahangir müəllimlə əlli il, bəlkə də çox, eyni kollektivdə çalışan həmkar­larımız da var idi. Ancaq onunla ən sıx əməkdaşlıq etmək mənə nəsib oldu. Təkcə siyasi tədbirlərdə və ya səfərlərdə deyil, adi sosial-məişət məzmunlu mate­rialları işləyərkən də bir-birimizi tamam­layırdıq. 

Yadımdadır. Horadizin bərpasından sonra məcburi köçkünlərin oraya qayta­rılması tədbirindən bir səhifəlik qəzet ma­terialı hazırlamışdıq. Biz tədbirə gedəndə keçmiş baş redaktorumuz Mahal İsma­yıloğlu demişdi ki, yaxşı şəkillər çəkin, beş-altı foto verə bilək. Getdik, qayıtdıq və Mahal müəllim hazır fotolara baxa-baxa, “bunu da verin”, “bunu da verin”, sözlərini neçə dəfə təkrarladısa bilmirəm, amma mənə dediyi “Sən mətnin yarısı­nı sonrakı nömrəyə saxla” sözlərini çox yaxşı xatırlayıram. Nəticədə katiblik bir səhifədə 13 foto verdi. 

Mən Horadizdə ona ağlaya-ağlaya samovar qaynadan gəlini göstərdim, çək­di, evin pilləkənlərini öpə-öpə sürünən yaşlı qarını da göstərdim, çəkdi, elektrik dirəyinin başındakı elektrikin iri bir kəl­bətini ağzında saxladığını da göstərdim, çəkdi və sonda dedi ki, Mirzəbəyli, ya mən sənin yaşında cavanam, ya da sən mənim yaşımda qocasan: “Yoxsa necə ola bilər ki, bir-birimizin düşüncəsini bu qədər dəqiqliklə tamamlaya bilək?”

Bir dəfə Beyləqandan, əsgərlərlə gö­rüşdən qayıdırdıq. Payızın axırları idi. Yarpaqları tamamilə tökülmüş ağaclarda yüzlərlə zağça yuvası var idi. Cahangir müəllimdən xahiş elədim ki, həmin yuva­ların fotosunu çəksin. Çəkdi. Mən həmin lövhəyə baxaraq, qaçqın-köçkünlərimizin halını xatırladım və bir bəndlik şeir yaz­dım. 

Bizim nə dərdimiz, deyib-gülürük, 

Dərd bizsiz göynəyən yuvalarındı. 

Yuva sahibsizdi, sahib didərgin –

Nə soyuq görünür yuvalar indi?

Mahal İsmayıloğlu həmin fotonu və şeiri qəzetin birinci səhifəsində – man­şet yerində verdi. Ertəsi günü Prezident Aparatının ( o zaman belə adlanırdı) yük­sək vəzifəli rəsmilərindən biri Cahangir müəllimi məhz həmin fotoya görə təbrik edəndə mən ustadın daha bir böyüklüyü­nün şahidi oldum. Fotoaparatı tutduğu əli ilə – sanki, fotoaparatla məni göstərərək dedi: İdeya müəllifi müxbir oldu. 

Doxsanıncı illərdə paytaxtın hər yeri­ni başına götürmüş küçə ticarətini (“Hər şairin öz bazarı”), binaların damında icazəsiz yeni evlərin tikilməsini tənqid edən (“Dam üstdədir damımız”) kimi onlarca yazı onun hədəfi dəqiq vuran fotoları ilə uğur qazanmışdı. Yadımdadır, o zamankı radikal müxalifətin haqsız və icazəsiz aksiyalarından birində özünü qoçu kimi göstərməyə çalışan kimsə bi­zim – iqtidar jurnalistlərinin üstünə hü­cum çəkəndə Cahangir müəllim məni dö­yülməkdən qorumaq üçün özünü qabağa vermişdi. O, fotoaparatı mənə verib, üsyankara dedi: “Gəl, artıq mənim tərs damarım tutdu. Gəl səni tapdalayım”. Bu fakt Cahangir müəllimin 70 yaşının ərəfə­sində baş vermişdi. 

O ki qaldı, Cahangir müəllimin adının əvvəllər Volodya olmasına, bu məsələyə ən yaxşı aydınlığı həmkarımız Qüdrət Piriyev gətirmişdir. Yeri gəlmişkən, mən Cahangir İbadov haqqında yazılmış onlarca yazı oxumuşam. İnsaf xatirinə deməliyəm ki, həmin yazılar arasında ən yaxşısı Qüdrət Piriyevin ustadın 75 illiyi münasibətilə qələmə aldığı yubiley məqaləsi idi. Elə bu sətirləri də həmin məqalənin bir abzasını təqdim etməklə yekunlaşdırıram: 

“Əslimiz Laçın rayonunun Alpoud kəndindəndir. Atam gənclik illərində Sul­tan bəyin dəstəsində qaniçən Andranikə qarşı vuruşub, Şuşanın müdafiəsində, Daşaltı uğrunda döyüşlərdə iştirak edib. Hətta yaralanıb da. Şura hökuməti quru­landan sonra o, Laçında komsomol katibi işləyib. Daha sonra partiya-sovet fəalı kimi müxtəlif vəzifələrdə çalışıb. Otuzun­cu illərin əvvəllərində ali partiya təhsili al­maq üçün Moskvaya göndərilib. Moskva Ali Partiya Məktəbinin ilk azərbaycanlı məzunlarından olub. Təhsil illərində hə­min məktəbdə kitabxanaçı işləyən və əs­lən moskvalı olan Kseniya Vasilyevna ilə ailə qurub. İlk övladları kimi mənim Mos­kvada doğulmağım da bununla bağlıdır. Valideynlərim adımı Cahangir qoyublar. Mənə doğum haqqında şəhadətnamə yazdırarkən onlar problemlə qarşılaşıb­lar. “Cahangir” adının yazılışının və tələf­füzünün çətinliyini bəhanə gətirib sözün mənasını soruşublar. Atam rusca qarşılı­ğının “Vladimir” olduğunu deyib. “Elə isə, niyə özünüzü dağa-daşa salırsınız, – de­yiblər. – ”Vladimir" yazaq, qurtarsın get­sin, rəhbərin adından yaxşı nə ola bilər?" Bu sözdən sonra valideynlərim dillənə bilməyiblər...”

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”



Mədəniyyət