“Arşın mal alan”dan başlanan kino sevgisi

post-img

Müsahibimiz kinoşünas-jurnalist Aydın Kazımzadədir 

Mətbuatda Aydın Kazımzadə imzasına rast gələn, teleekranlarda onun həlim çöhrəsini görən hər kəs bilir ki, kinodan bəhs ediləcək. Düz 60 ildir ki, kinematoqrafiya sahəsində, necə deyərlər, külüng çalır. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdiyi vaxtdan bu möcüzəli aləmə könül verib. 1985-ci ildə Moskvada Kinematoqrafiya İnstitutunda ixtisasartırma kursu keçərək bu sahədə daha da təkmilləşib. 

Milli kino tariximizin, əvvəllər id­dia edildiyi kimi, 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktını üzə çıxarıb sübuta yetirən məhz Aydın Ka­zımzadədir. Ulu öndər Heydər Əliyevin ayrıca cərəncamla avqustun 2-ni Kino İşçiləri Günü elan etməsində Aydın Kazımzadənin rolu danılmazdır. Azər­baycanda animasiya kinosunun da ya­ranma tarixinin 1933-cü ilə aid olması faktının aşkar edilib təsdiqlənməsi də onun adı ilə bağlıdır.

Aydın Kazımzadəni Azərbaycan­da kino mətbuatının yaradıcısı hesab edənlər yanılmırlar. "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru, Azər­baycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Az.TV-də dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino En­siklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi və­zifələrində çalışıb.

O, 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiye­tində kino tarixi fənnindən dərs deyir, dosentdir. Eyni zamanda, Dövlət Film Fondunun nəzdindəki Kino muzeyi­nin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərir. Yaşı ilə bağlı 2012-ci ildə iş­dən çıxana kimi Film Fondunda kino arxiv üzrə baş mütəxəssis olub. 

Aydın müəllimin redaktoru olduğu əl boyda (A-4 formatında) "Kino" qəzeti bir vaxt əl-əl gəzirdi. 1974-cü ildə elə bu qəzetdə dərc edilən yazılarına görə o, ümumittifaq müsabiqəsinin qalibi olub. Ötən 60 ildə kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap edilib. Hamısı da bir-bi­rindən maraqlı, cəlbedici yazılar olub. Aydın müəllim yerli televiziya kanalla­rında "Kino tariximizdən", "Kinoman" və "Kinosalnamə" verilişlərinin aparıcı və ssenari müəllifi kimi seyrçiləri ekra­na yaxın əyləşdirə bilib. 

Biz bu dəfə ekran qarşısında deyil, onun evində özü ilə üz-üzə əyləşib söh­bət elədik. Ömür yoluna nəzər saldıq. Aydın müəllimin iş otağı zəngin bir mu­zeyi, foto-sənəd arxivini xatırladır. Özü isə ekrandakından da səmimi idi, cüzi hiss olunan Bakı ləhcəsində o qədər maraqlı faktlar söylədi ki, kinoya sonsuz sevgisinə, yaddaşına heyran qaldıq. 

– Aydın müəllim, həyatınızın erkən dövrünü necə xatırlayırsınız?

– Mən 1940-cı il təvəllüdlüyəm. Atam müharibədə həlak olmuşdu, Anam və balaca qardaşımla tək qal­mışdıq. O dövrdəki çörək tapmağın çətinliyi yadımda qalıb. “Şərikli çörək” filmində Vaqifi görəndə öz uşaqlığım yadıma düşür.

Müharibə qurtaran gün qapımız elə döyüldü ki, az qaldı ki şüşələrmiz sına. Qonşumuz dedi ki, dava qurtardı. Amma çətinliklər davam edirdi. Mühari­bədən bir il sonra evimizin damı uçdu. Nərimanov prospektindən bizə mənzil verilsə də, ora köçmədik. O dövrdə Bakı orada bitirdi. Çöllük yerlər idi, çaqqallar, canavarlar ulaşırdı. Ona görə nənəmiz­gilə – “Kubinka” deyilən Quba meyda­nına köçdük. Orada böyümüşəm. Anam aşpaz işləyirdi, nənəmsə xəstə idi. “Pe­karnı”dan gələn çörək arabalarından tökülən qırıntılardan yeyirdik. “Samo­kat”ları, əylənəcəyimiz digər oyuncaqla­rı özümüz düzəldirdik. Çətin dövr olsa da, insanlarda inam, şövq var idi. Çünki qələbə qazanmışdıq. 

– Məktəb illərinizdən yadınızda qalan nə var?

– Məktəbə 8 yaşımdan getmişəm. Müharibə həyatıma pis təsir eləmişdi. Bir dəfə müəllim bizə ifadə yazıdırlan­da belə bir hadisə oldu. Mən Hitlerin adını balaca hərflə yazdım. Müəllimim dedi ki, bilmirsən, xüsusi isimlər bö­yüklə yazılır? Mən onda atamın həlak olmasını yada salıb, Hitlerin xüsusi isim olmadığını dedim. Müəllim yaman hirsləndi, mübahisəmiz düşdü. Buna görə də axşam məktəbinə keçib, orada oxumalı oldum. 

– “Arşın mal alan” filmi 1945-ci ildə çəkilib... 

– Bəli, “Kubinka”da qaldığım vaxt­lar idi. Məhəllədəkilər “Arşın mal alan”a baxmağa gedirdilər. Filmdə səslənən mahnıları ifa edib, oynayırdılar. Qapı­lara qara kağız gələn vaxtda bu filmi izləmək insanlar üçün təsəlli idi. Gö­rüb eşidirdim ki, camaat bu filmə bax­maqdan yorulmur. Odur ki, 6 yaşımda “Kubinka” dan “Beşmərtəbə”yə qədər təkbaşına, piyada gedib yeni filmə bax­dım. Orada ilk dəfə kinonu duymağa, sevməyə başladım. Onu da deyim ki, “Arşın mal alan” a qısqanc münasibət var idi. Hətta filmi qadağan etmək istə­yirdilər. Bizi ittiham edirdilər ki, guya, inqilabdan öncəki həyatı təbliğ edirik. O üzdən də film kinotetarlarda reklam­sız nümayiş olunurdu. 

– O dövrün başqa hansı filmlərini xatırlayırsınız?

– O zaman hədddən artıq rus filmləri çəkilirdi. “Arşın mal alan”dan başqa, izlənəcək Azərbaycan filmi yox idi. Aleksandr Nevski haqda film hər yerdə göstərilirdi. Məqsəd müha­ribədən sonra insanları yüksək əh­vali-ruhiyyədə saxlamaq idi. “Kuban kazakları”, “Volqa, Volqa” , “Silva” kimi filmlər də sovetlərin təntənəsini təbliğ edirdi. Biz də o dövrün təsiriylə bu filmləri izləyib nümunə götürməyə çalışırdıq. “Tarzan”, “Üç muşketyor” kimi filmlər xaricdən alınıb nümayiş olunurdu. Dördseriyalı “Tarzan” filmi insanlara xüsusən təsir etmişdi. O dövrdə bir maraqlı nüans da var idi. Biz Ermənistanda istehsal olunan “Zəngə­zur” filminə baxanda əsl həqiqətləri bil­mirdik. Film bizə elə təbliğ olunurdu ki, daşnaklar sovet adamlarıdır. Dədə-ba­ba torpaqlarını müdafiə edən azərbay­canlılar kölgədə qalmışdı. Azərbaycan xalqının Zəngəzurdakı faciələri, söz­süz ki, bu filmdə görsənmirdi. 

– Aydın müəllim, bir qədər də iş həyatınız, kino aləminə gəlişiniz barədə... 

– Anama kömək etməli olduğum­dan 15 yaşından işləməyə başlamı­şam. Üniversitetə daxil olanda 30 manat təqaüd alırdım. Bu, məni qane eləmirdi. İş üçün müxtəlif yerlərə mü­raciət etsəm də, ilk üç ayı maaşsız işləmək şərti qoyuldu. Nəhayət, uni­versitet qəzetində işə düzəldim. Mət­buatda ilk işim bu sayılır. Ondan son­ra Kinoprokatda fotoqraf işlədim. Bu sənətə yiyələnməyim əlimdən çox tu­tub. Qurduğum gənc ailəmin də dola­nacağını təmin edib. Reklam yazmaqla yanaşı, kino mətbuatının yaranmasını istəyirdim. Həmin qurumun nəzdindəki reklam büllütenini kino qəzetinə çevirə bildim. Bu işi artıq 1966-cı ildə həyata keçirdim. Qəzetdən sonra “Film” jurnalı da buraxa bildim. 

– Kino tariximizdə ilk döyüşçü obrazı Mehdi Hüseynzadə hesab edilir. “Uzaq sahillərdə” filmini Azər­baycan tamaşaçısı necə qarşıladı? 

– Bu filmin çəkilişində mən də işi­tirak eləmişəm. Axşam çəkilişlərində Nodar Şaşıqoğlu ilə söhbətlərimiz ol­muşdu. Anjelikanın “Mənim axşam 9-un yarsında zabitlə görüşüm var” deməsi epizodunun çəkilişinin şahidi olmuşam. Həmin epizod Bakının Nizami küçəsin­də çəkilmişdi. Bu filmə də xalqın böyük marağı var idi. Çünki ekranda ilk dəfə milli qəhrəmanımızı görürdük. Sonra­dan öyrəndim ki, Mehdi Hüseynzadənin bəraət almasında ulu öndər Heydər Əli­yevin böyük rolu olub. Onun haqqında roman, film, abidə təsadüfən meydana çıxmayıb. Heydər Əliyevin Mehdi Hü­seynzadənin qəhrəmanlığı ilə tanış ol­ması, ona dərin rəğbəti bu addımların atılmasına səbəb olmuşdu. 

– Sovet Azərbaycanı filmlərində hansı sətiraltı mesajlar var idi?

– Əvvəla, onu deym ki, insan bir dövrə çatanda düşüncəsi daha da işıq­lanır. Biz sovet dövründə yaşasaq da, həqiqətin harada olmasını artıq bilirdik. Tarixi həqiqətə ən əhəmiyyətli işarələr ”Yeddi oğul istərəm” filmində edilmişdi. Zalımoğlunun “Dava eləmək biz müsəl­manlara qalıb?” sualı o dövr üçün ən vacib işarə – dissidentlik hesab edilə bilərdi. Burada artıq sinfi mübarizənin necə qanlı olmasının mesajı verilirdi. Və yaxud filmin sonunda Bəxtiyarın tüfəngi yerə sallayıb çıxıb getməsi xalqın sovet siyasətinin qurbanı olmasına etiraz idi. Gəray bəyin məğrur intiharı da sovet rejiminə üsyan idi. Bunu duymamaq mümkün deyil. “Ulduzlar sönmür”, “Qa­tır Məmməd”, “İşarəni dənizdən göz­ləyin” filmlərində bugünkü bayrağımız əksini tapırdısa da, biz ona fikir vermir­dik. 1918-ci ildə qəbul edilən üçrəngli bayrağın tarixini çox az adam bilirdi.

– Kinomuz keçid dövrünü necə qarşıladı?

– Çox çətin. Əvvəla, ölkədə 1988-ci ildən xaosun başlanması hər şeyə təsir elədi. Kinonun da çətin günləri baş­landı. Bir yandan erməni separatçlığı, bir yandan da ölkənin düzgün idarə olunmaması mədəniyyətimizə də ağır təsir elədi. Təsəvvür edin ki, Dövlət Kinematoqrafiya Komitəsinə məxsus əşyalar satışa çıxarılır, xaricə daşı­nırdı. Kinostudiyadakı xalçalar, qədim əşyalar, rekvizitlər talandı. “Aşkarfilm” şirkətinin lent aşkarlayan laboratiya­sınınqurğuları oradan çıxarıldı. Sonra qapısına qıfıl vuruldu. Bizim kino xa­dimləri məcbur olub Gürcüstandan lent aşkarlayan axtarırdılar. 

Çətin şərait olmasına baxmayaraq, bəzi iş adamları kinoya yardım eləmək istədilər. Bakıda hətta 30-a yaxın şirkət filmlərə yardım göstərirdi. Özəl dəstək­lə ərsəyə gələn filmlərdən biri də “Ya­rasa” oldu. (rejissor Ayaz Salayev) Rasim Ocaqov “Ocaqfilm”i təsis etdi. Amma özəl dəstək təşəbbüslərinin ol­masına baxmayaraq, filmlər pul gətir­mədiyindən bu proses dayandı. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdan­dan sonra kinoya nizamlı dövlət dəstə­yi verildi. Hər il kinostdiyaya milyonlarla manat vəsait ayrıldı. 

– Bugünkü kino prosesini necə qiymətləndirirsiniz?

– Filmlərin çəkiliş mərkəzi kinostudiya olmalıdır. Zamanında belə idi. Kinostudiyada iş əlindən tərpən­mək olmurdu. Son dövrlərdə Müşviq Hətəmovun orada direktor olması ki­nostudiyanın işini bir qədər yaxşılaşdır­dı. Maaşlar artırıldı. O ki qaldı müstəqil kino prodakşnlara, onların işi ürəkaçan deyil. Çünki biz, misal üçün, prodakşn təsis etdik, pul lazımdır, axı. Vəsait ol­masa, nə qədər böyük sənətkar olur­san-ol, ortaya film qoya bilməzsən. 

– Aydın müəllim, kinoşünaslıq sahəsinə gəlmək istəyənlərə nə töv­siyə edərdiniz? 

– İncəsənət Universitetində bu sahədən dərs deyən zaman müşahidə etmişəm ki, müəllimlər yerində olma­yanda tələbələr yaxşı təhsil almırlar. Kinoşünaslıq xüsusi bir tədris sahəsi­dir. İndi ayrıca kino tarixi ilə məşğul olan mütəxəssis yoxdur. Bəlkə də, elə şəxs ortaya çıxacaq. Tələbənin kinoşü­nas olmaq fikri varsa, öz üzərində çox işləməlidi. O istər kitab, istərsə də on­layn vəsaitlərdən də istifadə etməlidir. Çünki müəllimlərin bildikləri ilə yanaşı, bilmədikləri də var. Bir də ki, kinoşü­naslığa gəlmək üçün yazı qabiliyyəti imtahanı olmalıdır. Kino bir dəryadır, ora girdinsə, gərək eninə-uzununa üz­məyi bacarasan.

– Maraqlı söhbətə, çağdaş kino­muza canyanğısına görə sağ olun! 

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”,
Ceyhun MİRZƏLİ,
sənətşünas

Müsahibə