Ərdoğanın Körfəz ölkələrinə səfəri

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfəri başlayıb. O, səfər çərçivəsində dünən Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib. Ciddədən sonra bu gün axşam Qətərə, sabah isə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək. Dövlət başçısı cümə axşamı Şimali Kipr Türk Cümhuriyyətində yeni Ercan Hava Limanının açılışında iştirak edəcək.

Səfərdə Ərdoğanı 200-ə yaxın iş adamı müşayiət edir. Çörüşlərin yekunlarına əsasən, tikinti-podrat, rəqəmsal texnologiyalar, enerji, turizm, səhiyyə, qida, kənd təsərrüfatı, nəqliyyat və maliyyə sahələrində milyardlarla dollarlıq əməkdaşlıq müqavilələri imzalanacaq. 

Bu səfərdən əvvəl Səudiyyə Ərəbistanına gedən nazir Mehmed Şimşək və Mərkəz Bankının sədri Hafize Gaye Erkan sərmayəçi qruplar ilə görüşlər keçiriblər. Konkret layihələr üzrə keçirilən ilkin görüşlər prezident Ərdoğanın dünən başlamış səfərləri zamanı ikitərəfli razılaşma şəklində rəsmiləşəcək. Bu çərçivədə Körfəz ölkələrinin Türkiyəyə yatırılacaq 100 milyard dollarlıq birbaşa investisiyalar barədə müqavilələr imzalanacaq. 

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz güclü ölkələri Türkiyəyə sərmayə qoymağa dəvət etdiklərini bildirib: “Bütün ölkələr investisiya cəlb etməyə çalışır. Biz də səy göstəririk. Əsasən, birbaşa xarici investisiyalar, layihə əsaslı dəstəklər... Biz burada özəl sektoru diqqətdən kənarda qoymuruq. Özəl sektorun tələbləri varsa, təbii ki, sistemli şəkildə qarşı tərəfə çatdırırıq. Bizim gördüyümüz iş ondan ibarətdir ki, prezidentimizin səfərləri öncəsi texniki infrastruktur yaradaq və səfərin səmərəli keçməsinə töhfə verək. Düşünürəm ki, biz bunu çox yaxşı bacardıq. Ümid edirəm ki, bu səfərlərin nəzərəçarpacaq nəticələrini birlikdə görəcəyik və onların ölkəmizə mühüm töhfə verəcəyinə inanıram. Birbaşa sərmayələrin bir hissəsi dərhal, bəziləri isə sonralar gələcək. Biz nüfuzlu rəqəmlər gözləyirik". 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında 10 il ərzində 3 trilyon dollarlıq sərmayə qoyuluşu planlaşdırılır. 

 

Pünhan ƏFƏNDİYEV, 
“Xalq qəzeti”

 

Dünya