Qərb mətbuatı: Ukrayna əks-hücum üçün verilmiş hərbi texnikanın 30 faizini itirib

post-img

Ukraynanın həyata keçirdiyi əks-hücumun fiaskoya uğradığı barədə məlumatlar artıq Qərbin aparıcı mediasına da çatıb. “The New York Times” ABŞ və Avropa rəsmi şəxslərinə istinadən yazır ki, Ukrayna Silahlı Qüvvələri təkcə son iki həftə ərzindəki hücum əməliyyatları zamanı ona verilmiş hərbi texnikanın 20 faizini itirib.

Tezliklə videokadrları bütün dünyaya yayılmış bu böyük itkilərdən və hücumun plan üzrə getmədiyi barədə faktları inkar etmək mümkün olmadıqdan sonra Ukrayna Silahlı Qüvvələri taktikanı dəyişməyə məcbur olub və nəticədə sonrakı həftədə itkilər hücum üçün nəzərdə tutulmuş texnikanın 10 faizi həddinə qədər – təxminən iki dəfə azalıb. Bütövlükdə, hücum əməliyyatlarının bütün dövrü ərzində itkilər 30 faizə çatıb. 

“The New York Times”ın müsahibləri etiraf edirlər ki, artıq hücumlar yavaşıyıb, intensivlik azalıb və hazırda Ukrayna SQ guya növbəti zərbə üçün döyüş qabiliyyətini qorumaq və bərpa etməklə məşğuldur. Görünür, belə düşünürlər ki, bu, nəyisə həll edəcək, yaxud Rusiyanın heç olmasa birinci müdafiə xəttinə yaxınlaşmağa imkan verəcək.

Qeyd edək ki, bunlar Qərb ekspertlərinin gəldikləri nəticələrdir. Reallıqda isə Ukrayna SQ-nin təmas xəttindəki texnika itkiləri xeyli çoxdur. Bundan əlavə, bu statistikaya Rusiya raketləri və pilotsuz aparatlarının hər gün texnikaların və Ukraynanın arxa regionlarındakı ehtiyatların saxlandığı yerlərə endirdiyi zərbələr nəticəsində yaranan itkilər daxil deyil. Yayılan bu fikirlər də əsassız deyil ki, itkilərin əksəriyyəti məhz arxa cəbhəyə mayın əvvəllərindən başlamış və bu günə qədər davam edən daimi zərbələr nəticəsində yaranıb. 

 

Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

 

Dünya