“Taxıl sazişi” fəaliyyətini dayandırdı

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 17-də keçirdiyi brifinqdə bildirib ki, bu gündən “Taxıl sazişi” fəaliyyətini dayandırıb. O qeyd edib ki, tərəfdaşlar tərəfindən bəzi razılaşmalar indiyədək yerinə yetirilməyib. 

Krım körpüsünə hücumun “Taxıl sazişi” ilə  bağlı qərara təsir etmədiyini deyən Peskov bildirib: “Xeyr, heç bir əlaqəsi yoxdur. Bilirsiniz ki, bu hücumdan əvvəl də Vladimir Putin mövqeyini bəyan etmişdi. Razılaşmanın Moskva ilə bağlı hissəsi yerinə yetirildikdən sonra Rusiya dərhal “Taxıl sazişi” ilə bağlı sövdələşməyə qayıdacaq”.

Xatırladaq ki,  “Taxıl sazişi” 22 iyul 2022-ci ildə İstanbulda bağlanıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu və BMT-nin Baş katibi Antonio Quterreş Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına çatdırılmasının asanlaşdırılmasına dair memorandum imzalayıblar. Eyni zamanda, Ukrayna nümayəndə heyəti Türkiyə və BMT ilə taxıl ixracına dair müqavilə imzalayıb.

Qara Dəniz təşəbbüsünün müddəti iyulun 17-də başa çatıb. Rusiya onunla bağlı bir sıra öhdəliklərin yerinə yetirilməməsi səbəbindən dəfələrlə sövdələşmənin uzadılmasına qarşı çıxış edib. Rusiyanın taxıl sövdələşməsinə qayıtması şərtləri arasında Putin Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT sisteminə qoşulmasını, həmçinin logistika məsələlərinin həllini, o cümlədən xarici gəmilərin Rusiya Federasiyasının limanlarına daxil olmasını göstərib.

 

P. ƏFƏNDİ, “Xalq qəzeti”

 

Dünya