Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sövdələşəsinin müddətinin uzadılması məsələsi ilə bağlı Rusiyanın dövlət başçısı Vladimir Putinlə həmin müddət başa çatana qədər danışıqlar aparmaq niyyətindədir. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bəyan edib. Məlumatı “Habertürk” telekanalına istinadən “RBK” verib.
Çelik bildirib ki, taxıl sövdələşməsi bir sıra məsələlərə görə Türkiyə üçün çox vacibdir. İlk növbədə, bu, onunla əlaqədardır ki, Ankara kənd təsərrüfatı məhsullarının ehtiyac duyan ölkələrə fasiləsiz çatdırılmasını təşkil etməyə çalışır.
Partiya rəsmisinin sözlərinə görə, sövdələşmənin müddəti iyulun 17-də başa çatır. Ərdoğan həmin vaxta qədər Putinlə danışıqlar aparmaq istəyir. Və Ankara vəziyyətin müsbət həll olunacağına inanır.
Qeyd edək ki, bir qədər əvvəl Putin Moskvanın taxıl sövdələşməsindən tamamilə imtina etməyi planlaşdırmadığını bəyan edib. Bununla yanaşı, dövlət başçısı qeyd edib ki, Rusiya sövdələşmənin müddətini yalnız ona verilmiş vədlər yerinə yetirildikdə uzadacaq.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”