Bazar günü Fransa Prezidenti Emmanuel Makron Nazirlər Kabinetinin üzvləri ilə operativ qərargahın iclasını keçirib. Dövlət başçısı Fransa Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə ölkədə asayişi bərpa etməyi və baş verənlərin səbəblərini araşdırmağı tapşırıb. O, çərşənbə axşamı isə zərər çəkmiş kommunaların merləri ilə görüşəcək.
Bundan əvvəl, polis tərəfindən öldürülən yeniyetmənin nənəsi Nadia iğtişaşçıları dayandırmağa çağırıb və hər şeyi məhv etmək üçün nəvəsinin ölümünü bəhanə kimi istifadə etməyi pisləyib: “Mən yalnız nəvəmi öldürən polisi günahlandırıram. Nə yaxşı ki, polislər burdadır. Asayişi pozan insanlara deyirəm ki, dayanın. Onlar Naeli (qətlə yetirilən yeniyetmənin adı) bəhanə edirlər. Dayanmalıdırlar ki, pəncərələr sınmasın, məktəbləri dağıtmasınlar, analarla dolu olan avtobusları sındırmasınlar. Durun, bu avtobusa minən analardır, küçədə gəzən analardır, hər şeyi sakitləşdirmək lazımdır. Biz onların qırılmasını istəmirik. Qoy bu gənclər sakit otursunlar”.
Yeniyetmənin nənəsi əlavə edib ki, o, Fransa ədalətinə inanır və iğtişaşçılar da öz əməllərinə görə cavab verəcəklər. Görünür, onun bu çağırışı eşidilib. Altıncı gecə 157 nəfər saxlanılıb. Bildirilib ki, bu rəqəm əvvəlki günlərə nisbətən daha azdır.
Bu arada 17 yaşlı Naeli öldürən polisə kömək üçün pul yığılması ilə bağlı qalmaqal da genişlənir. Hüquq-mühafizə orqanının əməkdaşı çərşənbə axşamından qətldə ittiham olunaraq istintaqa cəlb olunub. Fransa prezidentliyinə namizəd Erik Zemmuranın keçmiş mətbuat katibi təqsirləndirilən şəxsə və onun ailəsinə dəstək olmaq üçün pul yığmaq təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə 800 min avrodan çox vəsait toplanıb. Əksəriyyəti solçu partiyalardan olan bir çox siyasətçilər onu pisləyərək “qalmaqallı” və “utanmaz” təşəbbüs adlandırıblar. Belə ki, Sosialist Partiyasının birinci katibi Olivye For pul yığımını dayandırmağı tələb edib.
Eyni zamanda, Paris polisinin prefekti Laurent Nunez bu mövzu ilə bağlı şərh verməyəcəyini söyləyib və polis birliyinin təşəbbüsə "anlayışla" yanaşdıqlarını qeyd edib.
Xatırladaq ki, iyunun 27-də Fransa polisi 17 yaşlı Əlcəzair əsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb. Əslində, bundan öncə də Fransada belə iğtişaşlar, qarşıdurmalar, irimiqyaslı etiraz aksiyaları, etirazçılarla güc strukturları arasında toqquşmalar baş vermişdi. Demək olar ki, onların hər birində səbəb, təxminən, eyni olurdu – irqi ayrı-seçkilik, islamofobiya.
Ə. PÜNHAN, “Xalq qəzeti”