“Priqojin üsyanı” və Şoyqunun siyasi taleyi

post-img

"Vaqner" Özəl Hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin üsyanı 24 saatdan az davam etdi. Muzdlular Moskvaya bir neçə yüz kilometr qalmış geri döndülər. Beləliklə, üsyan qarşıya qoyduğu məqsədə çatmadı: Priqojinin düşməni olan müdafiə naziri Sergey Şoyqu vəzifəsindən kənarlaşdırılmadı. Nəticədə, Priqojin –Şoyqu münaqişəsində formal olaraq müdafiə naziri qalib gəldi. Lakin onun siyasi taleyi ilə bağlı sual hələ də açıqdır. Şoyqu nə qədər vəzifədə qalacaq? 

Bu barədə beynəlxalq təhlükəsizlik məsələləri üzrə tədqiqatçı Emili Ferris de­yir: "Şoyqu Putinin şəxsi münasibət qurdu­ğu məmurlardan biridir. O, 2012-ci ildən böyük siyasət səhnəsindədir. Lakin Şoyqu Putinlə karyeraya başlayan peterburqlula­rın dairəsinə aid deyil. 

Lakin o, çox sadiq insandır. Regional seçkilər (sentyabrda keçiriləcək) və prezi­dent seçkiləri (2024-cü ilin martında ke­çiriləcək) ərəfəsində Rusiya Prezidentinin həqiqətən vəfalı, fədakar insanlara ehtiyacı var. Ona görə də Şoyqunu tutduğu vəzifə­dən uzaqlaşdırmaq səhv addım olardı”.

“Vaqner”in rəhbəri Priqojin dəfələrlə açıq şəkildə Müdafiə Nazirliyinin rəhbərli­yini səriştəsizlikdə və Rusiya hərbçilərinin ölümündə ittiham edib. Əgər Putin Şoyqu­nu işdən çıxarsa, elə görünəcək ki, bunu təzyiq altında edib. Və bu, zəiflik əlamə­ti, üstəlik, işlərin plana uyğun getmədiyi­ni etiraf etmək demək olardı. Bu versiya mütəxəssislər tərəfindən irəli sürülür.

Daha sonra Emili Ferris deyir: "Şoyqu­nun harasa gedəcəyinə əmin deyiləm. Düşünürəm ki, o, indi nisbətən möhkəm mövqeyə malikdir. Digər hərbi rəhbərlərə gəlincə, ola bilsin ki, yaxın həftələrdə və aylarda Putin ən yüksək komanda heyətin­də bəzi dəyişikliklər etsin. Amma inanıram ki, o, çox diqqətli olacaq. Çalışacaq ki, bu, Priqojinin təklif etdiyinə reaksiya kimi gö­rünməsin, çünki əks halda bu, siyasi zəifli­yin əlaməti kimi qiymətləndiriləcək. Putin insanları sadəcə işdən çıxarmağa meylli deyil. Onları başqa vəzifələrə köçürür ki, daha çox zərər verməsinlər".

“Priqojin üsyanı” isə Qərbdə qorxuya səbəb olmuşdu. Bu, Rusiyanın nüvə statu­sundan irəli gəlirdi. Onlar nüvə silahlarının üsyançıların əlinə keçəcəyindən ehtiyatla­nırdılar. 

NATO rəhbəri Yens Stoltenberq də üs­yanla bağlı öz fikirlərini açıqlamışdı. Onun sözlərinə görə, qiyam Rusiya sistemində çatların və fikir ayrılıqlarının olduğunu nümayiş etdirib. Bu hadisənin Rusiyada­kı vəziyyətə və Ukraynadakı müharibənin gedişinə necə təsir edəcəyini isə zaman göstərəcək.

Ə. PÜNHAN, “Xalq qəzeti”

Dünya