Baxmut yaxınlığında vəziyyət gərgindir

post-img

Bütün istiqamətlərdə döyüşlər davam edir. Rusiya ordusu heç bir uğur əldə etməyib, hər gün canlı qüvvə və texnika itkiləri verir. Dünən Baxmut bölgəsində 100-ə yaxın rus əsgəri öldürülüb, 130-a yaxını isə yaralanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı bildirib: "Eyni zamanda, Kupyansko-Limansk istiqamətində düşmən bizdən güclü cavab zərbələri aldıqdan sonra xeyli zəifləyib”. 

Çerevatının sözlərinə görə, Rusiya iyunun 24-nə keçən gecə Kiyevə qanadlı raketlərlə zərbələr endirib. Atılan 20-dən artıq raket zərərsizləşdirilib. Onlardan bi­rinin qalıqları şəhərin mərkəzi hissəsin­də 24 mərtəbəli yaşayış binasına ciddi ziyan vurub, üç mərtəbə sıradan çıxıb.

Hadisə yerinə gələn Kiyev şəhər meri Kliçko bildirib ki, partlayış zamanı ziyan görən vətəndaşlara dövlət tərəfindən yar­dım ediləcək. Kiyev Regional Hərbi Ad­ministrasiyasının yaydığı məlumata görə, hadisə nəticəsində azı iki nəfər həlak olub, yaralılar var. Dayanacaqdakı 40-a yaxın avtomobilə ziyan dəyib. Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnat telemarafon zamanı açıqlayıb ki, iyunun 24-ə keçən gecə Uk­rayna ərazisinə 50-dən artıq raket atılıb.

Cəbhədə isə hər iki tərəfin ciddi uğu­ru yoxdur. Qərb vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi üçün əlavə tədbirlər görmək niyyətindədir. ABŞ Milli Təhlükə­sizlik Şurasının strateji kommunikasiya­lar üzrə koordinatoru Con Kirbi deyib: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma hazırlaşdığı dövrdə, düşmən bəzi yer­lərdə üçcərgəli müdafiə xətləri yaradıb: “Biz bütün diqqətimizi Ukrayna Silahlı Qüvvələrini lazım olan hər cür silahla tə­min etməyə yönəltmişik... Hamımız eti­raf etməliyik ki, döyüşlər gözlənilməz ola bilər və bəzən planlar gözlənildiyi kimi getmir... Biz son nəticəyə diqqət yetirə­cəyik”.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya