Əlilliyi olan 18 gənc Sosial Xidmətlər Agentliyi tərəfindən Türkiyəyə yola salınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əlillər peşə dərnəklərində təcrübə kursu keçmək üçün qardaş ölkəyə göndəriliblər.
Onlardan bir qismi Vətən müharibəsi ilə əlaqədar əlil olanlardır. Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Bildirilib ki, agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası mərkəzində bu il 35 nəfəri Vətən müharibəsi əlili olmaqla 343 nəfər əlilliyi olan şəxsə peşə reabilitasiyası xidmətləri göstərilib.
Mərkəzə müxtəlif peşələr üzrə hazırlığa cəlb olunan gənclər, bir qayda olaraq, Türkiyədəki müvafiq peşə dərnəklərinə təcrübə kurslarına da göndərilir. Türkiyənin Ankara və Antalya şəhərlərində təşkil olunan həmin kurslara son illərdə bu kateqoriyadan olan 114 gənc yola salınıb.
Bu təcrübə səfərləri Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində və Agentliyin Türkiyənin Fiziki Məhdudiyyətli Şəxslərin Dərnəkləri Federasiyası ilə birgə layihəsidir.
Qeyd edək ki, layihə “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzalanan memorandum əsasında və Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.