Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımovun təşəbbüsü ilə respublikanın bütün bölgələrində akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tibbi xidmət təşkil edilir. Bu aksiyaların keçirilməsində məqsəd bölgə sakinlərinin əlavə xərc çəkib paytaxta gəlməməsinin təmin edilməsi, göz ilə bağlı olan problemlərin həllinə kömək göstərməkdir. Aparılan müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, Dəmiryolu Səyyar klinikası Tovuz şəhər sakinlərinə iki gün tibbi xidmət göstərib. Müayinələr zamanı aşkar edilən ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin mərkəzə gəlmələrinə şərait yaradılıb.
Qeyd edək ki, mərkəz rayonların əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil etmişdir. Səyyar xidmətin məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar müxtəlif göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Oftalmologiya mərkəzinin bölgələrdəki filialları müasir texnoloji avadanlıqlarla təchiz olunub.
Bölgə sakinlərinə xidməti daha da genişləndirmək üçün 2018-ci ildən mərkəzin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb. Tovuzda da iyunun 23–24 də keçirilmiş tibbi aksiya səyyar qatarla təşkil olunub. Tibbi aksiyada şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrdən olan şəxslər iştirak ediblər. Müasir avadanlıqlar vasitəsilə pasientlərin kompleks şəkildə göz müayinəsi aparılıb, görmə itiliyi, göz təzyiqi, göz dibi xəstəlikləri yoxlanılıb və müvafiq müalicələr təyin olunub.
Aksiya çərçivəsində 200-dən çox şəhid ailəsi üzvü və qazi müayinə olunub. Müayinələr əsasında retinopatiya, refraksiya patologiyası, presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar edilib. Onlara lazımi tövsiyələr verilib.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”