Tramp prezidentliyə iddiasında israrlıdır

post-img

ABŞ-ın sabiq prezidenti Donald Tramp iyunun 13-də məxfi sənədlərin icazəsiz saxlanması ilə bağlı Florida ştatında məhkəmə qarşısına çıxacaq. Həmin gün o, öz seçki kampaniyası üçün 2 milyon dollar da toplamaq niyyətindədir. Bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ianə aksiyası məhkəmədə rəs­mi ittihamlar irəli sürüldükdən bir neçə saat sonra, Nyu-Cersi ştatının Bedminster şəhərində­ki qolf klubunda baş tutacaq. 100 min dollardan çox ianə verən eks-prezidentin tərəfdar­ları şam işığında özəl yemək­də iştirak edəcəklər. Bu barədə dəvətnamədə də məlumat ve­rilib. Daha az ianə verənlər isə Trampla şəkil çəkdirəcək və VIP qəbulda iştirak edəcəklər.

Qeyd edək ki, ianə ilə bağ­lı belə bir tədbirin keçirilməsi hələ ona yeni ittihamlar irəli sürülməzdən əvvəl planlaşdı­rılmışdı.

Göründüyü kimi, Tramp növbəti cinayət işinə baxmaya­raq, siyasi fəaliyyətini davam etdirəcək. “Mən heç vaxt mü­barizəmi tərk etməyəcəyəm. Baxın, mən getmək istəsəy­dim, 2016-cı ildə ilkin prezi­dentlik yarışından əvvəl çıxıb gedərdim. Çətin idi. Nəzəri cəhətdən mümkün deyildi”, - deyə keçmiş ABŞ lideri qeyd edib. 

O, hazırkı prezident Co Baydeni ən güclü siyasi rəqi­bini həbs etməyə çalışmaqda ittiham edib və bildirib ki, ona qarşı ittihamlar Baydenin rəh­bərliyi ilə ABŞ administrasiya­sının təsiri altında hazırlanıb. 

Trampın tərəfdarları da onun müdafiəsinə qalxıblar. Arizonalı konqresmen Endi Biqs deyib ki, ABŞ-ın Res­publikaçılar Partiyası Trampın müdafiəsinə qalxmalı və Co Baydeni, eləcə də oğlu Hunter Baydeni mühakimə etməlidir. Konqresmen həmçinin hesab edir ki, Ədliyyə Nazirliyi siyasi alətə çevrilib.

Xatırladaq ki, Florida Cə­nub Dairə Məhkəməsinin elektron məlumat bazasında yerləşdirilmiş ittiham aktına əsasən, ABŞ hüquq-müha­fizə orqanları Tramp və onun köməkçisi Uolt Nautaya qar­şı 38 maddə üzrə ittiham irəli sürüb. Sənəddə göstərilir ki, ABŞ Federal Təhqiqatlar Bü­rosunun əməkdaşları keçən ilin avqustunda Trampın Flo­rida ştatındakı Mar-a-Laqo malikanəsində apardıqları ax­tarış zamanı ümumilikdə 102 sənəd ələ keçiriblər. On yeddi sənədin üstündə “tam məxfi” qrifi olub. Bütün ittihamlar üzrə ümumi həbs müddəti isə 400 ilə qədər ola bilər.

Nəşr qeyd edib ki, Trampa qarşı irəli sürülən ittihamlar onun Ağ ev uğrunda mübarizə­də iştirakını mümkünsüz etmir.

Bu arada gələn il ABŞ-da keçiriləcək prezident seçkilə­rində Respublikaçılar və De­mokratların vahid namizəd­lərini müəyyən etmək üçün partiyaların daxilində rəqabət güclənir. Hər iki partiyada Ağ evə yeni iddiaçılar meydana çıxır. ABŞ-ın 80 yaşlı hazır­kı Prezidenti yenidən öz na­mizədliyini irəli sürür. Demok­ratlar partiyasından onunla rəqabət aparacaq əsas fiqurlar Robert Kennedi (kiçik) və ya­zıçı, siyasətçi Marianne Vill­yamsondur. Siyasi analitiklər bildirirlər ki, hazırda bu parti­yada Baydenin vahid namizəd göstərilmə şansı daha çoxdur.

Respublikaçılardan prezi­dentliyə vahid namizədlər ara­sında Donald Trampla yanaşı, daha 10 siyasətçi prezident­liyə vahid namizəd olmağa iddialıdır. Rəqib Demokratlar­dan fərqli olaraq, bu partiyada rəqabətin daha gərgin olduğu bildirilir. Belə ki, namizədlər arasında ABŞ-ın keçmiş vit­se-prezidenti Mayk Pens, Flo­rida ştatının qubernatoru Ron De Santis, partiyada Trampın ən sərt tənqidçisi, senator Liz Çeyni, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, Birləşmiş Ştatların daha 4 ştatının qu­bernatorları var. Maraqlıdır ki, eyni partiyanın üzvü olsalar da, bu namizədlərin əksəriyyəti 76 yaşlı Donald Trampın siyasətini tənqid edən siyasətçilərdir.

 

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Dünya