Bir neçə gündür ki, qlobal mediada Ukraynanın genişmiqyası əks-hücuma keçdiyi barədə xəbərlər dolaşırdı. Bu məlumatlar rəsmi Kiyev tərəfindən nə təsdiq, nə də təkzib olunurdu. Nəhayət, dünən Prezident Volodimir Zelenski ölkəsinin Rusiyaya qarşı əks-hücuma keçdiyini təsdiqləyib. Məlumatı UNİAN agentliyi yayıb.
Dövlət başçısı deyib: “Kiyevin uzun müddətdir ki, Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri geri almaq üçün əks-hücuma hazırlaşdığı ehtimal olunurdu. Bəli, hazırda əks-hücum və müdafiə tədbirləri həyata keçirilir”. Lakin Prezident hərbi əməliyyatların hazırda hansı mərhələdə olduğunu açıqlamayıb.
Qərb analitikləri Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatından sonra üç mümkün ssenaridən söz açırlar. Böyük Britaniyanın “Ekonomist” nəşri yazır ki, birinci ssenari üzrə Ukrayna ciddi irəliləyişə nail olacaq və ölkənin şərqindəki ərazilərinin böyük bir hissəsini azad edəcək, üstəlik Krımı geri qaytarmaq üçün hücuma hazırlaşacaq.
Belə bir ciddi itkilərdən sonra Rusiyada hakimiyyət dəyişikliyinin baş verəcəyi qaçılmaz olacaq. Qərb üçün bu ssenari çox arzuolunandır. Lakin hadisələrin belə gedişi Rusiyada xaos yarada və nüvə arsenalına nəzarət itirilə bilər.
İkinci variant isə budur ki, Ukraynanın əks-hücumu nəticəsində Rusiya az itki verir və Kremldəki hazırkı iqtidarın mövqeləri yalnız müəyyən qədər zəifləmiş olur.
Ukrayna və Qərb üçün ən ağır hesab olunan ssenari isə budur ki, əks-hücum uğurlu alınmır, hərbi əməliyyatlar dalana dirənir və Rusiya zəbt etdiyi torpaqları özündə saxlayır. Bu, variant Qərbin Ukraynanın uğuruna olan inamını sarsıda və Putinin hakimiyyətini gücləndirə bilər.
Siyasi təhlilçilər vurğulayırlar ki, Rusiya hakimiyyəti hələ də Ukraynanı özünə tabe etmək, Kiyevdə əldəqayırma rejim qurmaq planlarından əl çəkməyib. Bunun üçün Kreml münaqişənin uzun aylar və hətta illər boyu uzanmasında maraqlıdır.
“Ekonomist” nəşri həmçinin yazır ki, müharibənin uzanmasının qarşısını almaq üçün Ukrayna ordusu cəbhədə mütləq nəzərəçarpan uğurlar əldə etməli, eyni zamanda Qərb Ukraynaya hərtərəfli yardımları artırmalıdır: “Əgər Qərb Ukraynanın müdafiəsinə və bu ölkənin dağıdılmış infrastrukturunun bərpasına uzunmüddətli və hüquqi əsaslandırılmış zəmanətlər verərsə, Kremlin Qərbin “bezməsi” ilə bağlı ümidləri yoxa çıxa bilər.
Hazırda oxucuları ən çox cəbhədə yaranmış real vəziyyət maraqlandırır. Son məlumatlara əsasən, Ukrayna qoşunları şərqdə Baxmut, cənubda isə Zaporojye yaxınlığında az da olsa irəliləyirlər və Rusiyanın müdafiə istehkamlarına uzaq məsafədən hücumlar təşkil edirlər.
Ukrayna iddia edir ki, bu ölkənin hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad edib.
Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar “Teleqram” kanalında hücumun həyata keçirildiyi əsas istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib. “Berxovsk su anbarı ərazisində uğur var. Biz 250 metr irəliləmişik” – deyə o bildirib. Bundan əlavə, Malyarın sözlərinə görə, “iki istiqamətdə 300 metrdən 1 500 metrə qədər irəliləyiş var”.
Təzad bundadır ki, Ukrayna irəlilədiyini, Rusiya isə hücumları dəf etdiyini iddia edir. Belə bir şəraitdə isə cəbhədəki real vəziyyəti dəyərləndirmək çətindir.
Aydın İBRAHİMOV,
BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və
turizm kafedrasının müdiri, professor
Rusiya-Ukrayna müharibəsi geriyə dönüşün mümkün olmadığı bir mərhələyə qədəm qoyub. Kaxovka SES-in dağıdılması hər iki tərəf üçün qırmızı xəttin keçilməsi demək idi.
Ukrayna müharibəsi son 100 ildə baş vermiş digər müharibələrdən fərqlənir. Məsələnin mürəkkəbliyi bundadır ki, burada təkcə keçmiş SSRİ-nin iki aparıcı respublikası deyi, həm də dil, mədəniyyət, tarix, coğrafiya və mentalitet baxımından bir-birlərinə çox yaxın olan xalqlar qarşı-qarşıya gəliblər.
Fikrimcə, bu münaqişə XVIII-XIX əsrlərdə dövlətlər arasında torpaq üstündə aparılan amansız müharibələrə bənzəyir.
Faciə həm də bundadır ki, hazırda istifadə olunan silahlar həmin dönəmdəki silahlardan onqat-yüzqat güclüdür.
Təəssüf ki, tərəflərin döyüşkən ritorikası yaxın gələcəkdə sülh danışıqlarına başlamaq imkanlarını heçə endirir. Qərb bəyan edir ki, nə qədər ki, Ukrayna döyüş meydanında qələbə qazanmayıb, sülh mümkünsüzdür. Ukraynanın cəbhədə nəzərəçarpan uğuru olacaqmı, bunu demək çətindir.
Rusiyanın ağır məğlubiyyəti nəyə gətirib çıxara bilər? Bunu da heç kim bilmir. Bu, ölkənin dağılmasına, orada yaşayan xalqların yeni faciələrinə yol açarmı? Suala birmənalı cavab vermək çətindir.
Başqa bir problem isə budur ki. Rusiyanı qlobal geosiyasətdə kim əvəz edə bilər? Bundan başqa, Rusiya ilə Çinin yaxınlaşması baş verə bilərmi? Bu zaman Çin geniş Asiya coğrafiyasında tam dominantlıq əldə edəcəkmi?
Göründüyü kimi, suallar çoxdur, konkret cavablar isə hələlik yoxdur.
Bu müharibənin sonu görünmür, Ukrayna Qərbdən yeni silahlar alacağına, Rusiya isə yeni silahlar istehsal edəcəyinə ümid bəsləyir.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


