İtaliyalı populyar siyasətçi və iş adamı, 1994, 2001-2006 və 2008-2011-ci illərdə ölkənin baş naziri postunu tutmuş, dünya siyasətinin ambisioz füquru kimi tanınmış Silviya Berluskoni dünən vəfat etdi. Bununla da İtaliyada Berluskoni erasının başa çatdı.
S.Berluskoni “Milan” futbol klubu da daxil olmaqla, ölkə həyatının demək olar, bütün sahələrində fəaliyyət göstərən və tərkibində 150-yə yaxın şirkəti birləşdirən “Fininvest” Holdinqin sahibi idi. İtaliyanın ən zəngin sakini olan media maqnatı dəfələrlə gəlirləri gizlətmək və rüşvət ittihamı ilə məhkəmə qarşısına çıxarılmışdı. Ümumən, onun hadisələrlə, qalmaqallarla dolu həyat yaşadığını söyləyə bilərik. Gecə-gündüz işləmək bacarığına görə isə yerliləri Berluskonini kavalyer (italyancadan “cavaliere del lavoro” əmək centlmeni deməkdir – red.) adlandırdılar. Maraqlıdır ki, Silviya özünü hər şeyi satmağa qadir adam kimi görür və bunu deyirdi. Siyasətə gəldikdə, bu meydandakı təmsilçiliyini İsa Məsihə layiq qurban olaraq qələmə verirdi.
Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə Milanda anadan olub. 1961-ci ildə Milan Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldıqdan sonra Milanda tikinti biznesində çalışıb. 1970-ci illərdə telekommunikasiya ilə məşğul olub və on il yarımdan sonra özəl televiziya yayımı bazarında mütləq liderlik qazanıb. Nəzərə alaq ki, 1990-cı illərin əvvəllərində İtaliyanın RAI dövlət televiziyası ilə Berluskoninin sahibi olduğu “Fininvest” arasında ikili monopoliya yaranmışdı. Onu da nəzərə alaq ki, “Fininvest”in ölkə həyatının bütün sahələrində fəaliyyət göstərməsi (“Milan” futbol klubu da daxil olmaqla – red.) ictimai həyatda "Berluskonizm" ifadəsini doğurmuşdu.
Nəhayət, 1993-cü ildə Berluskoni özünü siyasətdə sınamaq qərarına gəlir. Qərara gəlir və dünyanın siyasi tarixində fenomenal rekorda sahib olur. Belə ki, 1994-cü ilin yanvarında özünün ilk partiyasını "Forza İtaliya"nı (“İrəli İtaliya”) yaradaraq, cəmi 60 gün sonra parlament seçkilərində qalib gəlir və koalisiyon hökumətdə baş nazir vəzifəsini icra edir. Berluskoniyə ünvanlanmış kəskin tənqidlər və koalisiya müttəfiqləri arasında fikir ayrılıqları səbəbindən, hökumət cəmi 7 ay ömür sürür. Bundan sonra o, 1996-cı ildə keçirilmiş ümumi seçkilərdə də məğlubiyyətə uğrayır, prosesi Romano Prodinin mərkəz sol blokuna uduzur.
2001-ci il mayın 15-də keçirilmiş seçkilərdə yeni sağ mərkəzçi bloku - "Azadlıq evi" qalib gəldikdən sonra, Berluskoni yenidən hökumətə rəhbərlik etməyə başlayır. O, seçkiqabağı vədlərinə vergilərin və bürokratiyanın azaldılmasını, pensiyaların və iş yerlərinin artırılmasını, qeyri-qanuni immiqrasiya ilə mübarizəni daxil edərək, qələbə qazanmışdı. Bu platformaya təhsil, səhiyyə və məhkəmə sistemlərində də islahatların aparılması daxil idi. Beləcə Silviya 2003-cü ilin sentyabrında baş nazir kimi İtaliyanın dövlət sistemində genişmiqyaslı islahatın başlandığını elan edir. Amma bunadək, yəni 2002-ci ildə ölkənin Avrozonaya daxil olması ilə qiymətlərin artması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və sosial durumun kəskinləşməsi müşahidə edilmişdi. Ümumən, 2002 və 2003-cü illərdə İtaliyanı kütləvi etirazlar dalğası bürümüşdü. Qeyd edək ki, həmin illərdə əhali Berluskoninin xarici siyasətindən də narazı idi. Belə ki, 2001-ci il “11 sentyabr” terrorundan sonra İtaliya ABŞ-ın Əfqanıstandakı və İraqdakı hərbi kampaniyalarını fəal şəkildə dəstəkləmişdi. Xalq isə bu xətti bəyənməmişdi.
2005-ci ilin aprelində “Azadlıq evi” koalisiyası regional seçkilərdə sarsıdıcı məğlubiyyətə uğradı və Berluskoni konstitusiyaya uyğun olaraq, rəsmi qaydada istefa verməyə məcbur oldu. Həmin ilin aprelində keçirilmiş ümumi seçkilərdə də onun tərəfdarları uğursuzluqla üzləşdilər. Sol-mərkəzçilərin qələbəsi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənsə də, siyasətçi və media maqnatı öz postunu çox könülsüz tərk etdi. O, yalnız 2006-cı il mayın 2-də rəsmi istefa verdi.
2008-ci il aprelin 13-14-də keçirilmiş seçkilərdə Berluskoninin yeni partiyası “Azadlıq xalqı” və onun sağ mərkəzçi koalisiyadakı müttəfiqləri qalib gələrək, İtaliya parlamentinin hər iki palatasında səsçoxluğu əldə etdilər. Lakin 2011-ci ilin payızında üzvlərinin əksər hissəsinin ayrılması səbəbindən, “Azadlıq xalqı” parlamentdəki çoxluğunu itirdi və 2011-ci il noyabrın 12-də Berluskoni baş nazirlikdən istefa vermək məcburiyyətində qaldı.
Əvvəldə də vurğuladığımız kimi, Berluskoni karyerası boyu dəfələrlə gəlirləri gizlətmək və rüşvət vermək, həmçinin mafiya ilə əlaqədə olmaq və qeyri-qanuni maliyyələşdirmələrdə ittiham olunaraq, məhkəmə qarşısına çıxarılıb. Uzun müddət vəkilləri apellyasiya məhkəmələrinə müraciət etməklə, onu məsuliyyətdən xilas edə biliblər. Yalnız 2012-ci ildə Berluskoni “Mediaset” media şirkətində maliyyə fırıldaqçılığı işində təqsirli sayılaraq, bir il müddətinə azadlıqdan məhrum edilib.
Berluskoninin "xalqın adamı" obrazından sui-istifadəyə yol verərək, ölkənin ən zəngin adamına çevrildiyi bildirilir. 2005-ci ildə nüfuzlu “Forbes” jurnalı onun sərvətini 12 milyard dollar qiymətləndirmişdi və planetin ən varlı adamları reytinqində 25-ci olmuşdu. Lakin 2008-ci ilin payızında qlobal maliyyə böhranı nəticəsində, bir milyard yarımdan çox pul itirərək, reytinqdə yenidən 90-cı yerə yuvarlanmışdı.
S.Berluskoni 86 illik həyatında iki dəfə ailə qurmuşdu. Onun birinci evliliyindən iki, ikinci evliliyindən isə üç övladı var.
R.AMİN

