Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən dövlət başçısı seçildikdən sonra Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.
Türkiyənin dövlət başçısı ŞKTR-in Prezidenti Ersin Tatar ilə keçirdiyi birgə mətbuat konfransında Ankaranın Kiprin iki hissəsi ilə bağlı konstruktiv siyasətinin davam edəcəyini deyib. Onun sözlərinə görə, adanın türk və yunan hissəsi arasında nizamlanma prosesi 50 ildir ki, davam edir. “Biz daha 50 il də gözləyə bilmərik”, – deyən Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Ankara, həmçinin ŞKTR-in Aralıq dənizində ona aid olan karbohidrogen ehtiyatları ilə bağlı hüquqlarını müdafiə edəcək.
Yunanıstanla əlaqələrin yaxşılaşmasına toxunan Türkiyə Prezidenti bildirib ki, iki ölkə arasında problemin yeganə həlli sülh yoludur. “Biz Egey dənizinin sülh dənizi kimi dünyaya mesaj verməsini istəyirik”, – deyə o vurğulayıb.

