Düz bir həftə idi ki, paytaxtımızda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) qardaş xalqların sənətsevərlərini öz qanadları altına almışdı.
Festivalın açılış törəni xüsusilə yaddaqalan oldu və dünyaya səs saldı. Xarici telekanallarda bu barədə reportajlar yayımlandı. Qarabağ müharibəsi qazilərinə həsr olunan “Əsgərnamə elegiyası” və “İgidlərin sözü” layihələrinin uğurlu təqdimatı ilə açılan festival daha sonra türk dünyasının ünlü sənət və söz adamlarının çıxışları ilə daha da təsirli oldu. Bayramın hər günü bir ölkəyə həsr olunurdu. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Macarıstan günləri dost diyarlara özünəməxsus qiyabi səyahət təsiri bağışlayırdı. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri festivalı daha da dolğunlaşdırır. Dünən qədim türk diyarı Qırğızıstanın tarixi mədəni irsi və çağdaş ədəbiyyatı ətraflı təqdim olundu.
Burada əsl bayram əhvali-ruhiyyəsi vardı. Bizə elə gəldi ki, təkcə müəlliflər və çox sayda oxucular deyil, kitabların özləri də bu canlı ünsiyyətdən çox “sevinir”. Axı, kitabın ömrü şamın ömrü kimidir. Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən, şam yananda yaşadığı kimi, hər bir kitab da oxunanda, təqdir və təbliğ ediləndə xoşbəxt olur. Tədbirin təşkilatçıları “oxucu-kitab dialoqu”nu təşkil etməkdə bu amili də əsas götürüblər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bizimlə söhbətində qeyd etdi ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, AYB, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti və Türk dünyası təşkilatlarının dəstəyi ilə gerçəkləşib. Onun sözlərinə görə, festivalda 50-dən çox nəşriyyat, onlarla xarici ölkə nümayəndəsi iştirak edib, həmçinin müxtəlif sahələrə dair nəşrlər, eləcə də rəngkarlıq və qrafika sənəti üzrə əl işləri təqdim olunub. AYB-nin mətbuat katibi həmçinin bildirdi ki, festival çərçivəsində elmi konfranslar, şeir saatları, imza günləri təşkil edilib, filmlər nümayiş olunub. Tədbirlər hər gün bir ölkənin adı ilə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan) adlandırılıb.
İnamla deyək ki, festivalın hər gününün ayrıca xoş təəssüratları oldu. Məsələn, Özbəkistan tarixinin görkəmli şəxsiyyətlərindən olan dahi hökmdar və şair Babura həsr edilmiş “Zahirrədin Məhəmməd Babur – 540” paneli ayrıca qeyd edilə bilər. Panelə moderatorluq edən filologiya elmləri doktoru Almaz Ülvi Binnətova dedi: “Şairin yazdığı “Baburnamə” bütövlükdə bir özbək tarixidir”. Baburun Şah İsmayıl Xətai ilə dostluq ələqəsinə toxunan alim xanım bu münasibətləri yüksək qiymətləndirdi.
Sonra çıxış edən filologiya elmləri doktoru Ramiz Əsgər qeyd etdi ki, Özbəkistan türk dünyasında ən mühüm yer tutan ölkələrdən biridir. Minillik tarixi olan şəhərləri, özünəməxsus memarlıq abidələri var. Əmir Teymur, Əlişir Nəvai, Zahirrədin Məhəmməd Babur kimi tarixi şəxiyyətləri yetişdirən bir millətin böyüklüyündən fəxrlə danışmaq olar. Natiq Baburun həyat və yaradıcılığından bəhs edərkən onu Əlişir Nəvaidən sonra özbək ədəbiyyatının ikinci zirvəsi adlandırdı.
Özbəkistanlı yazıçı Məmmədqulu Həzrətqulov, Daşkənd İncəsənət və Mədəniyyət Universitetinin professorları Marufjon Yuldaşev və Şavkat Bobomuradov çıxış edərək xoş sözlərə və gözəl təşkilatçılığa görə minnətdarlıqlarını bildirdilər. Xalq artisti Gülyanaq Məmmədovanın iştirakı ilə konsert proqramı başlandı. “Şeir Adam”, “Əlişir Nəvai inciləri” və s. kimi panellərin keçirldiyi gün “Maya” filminin nümayişi ilə tamamlandı.
Bakıya təşrif buyurmuş şair və yazıçılar, naşir və tənqidçilər tədbirə, təbii ki, əliboş gəlməmişdilər, özlərinin “övladlar”ı – mənsub olduqları toplumlarda nəşr edilmiş dəyərli əsərlərlə gəlmişdilər. Qonaqlar bakılı oxuculara böyük həvəslə milli ədəbiyyatları barədə də söz açırdılar.
Festival çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən "Qazax ədəbiyyatı günü” də uğurla keçdi. Kitab sərgisində qazax yazıçılarının, tarixçilərinin və akınlarının qazax və Azərbaycan dillərində əsərləri təqdim olundu. Tədbir "Qazax xalqının Türk dövlətçiliyi tarixinə töhfəsi” mövzusunda panel sessiyaları ilə davam etdi. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Yazıçılar Birliyinin, Azərbaycan Elmlər Akademiyasının, Qazax icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri də orada idilər. Festivalın əlaqələndiricisi, şair Xəyal Rza Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində gördüyü genişmiqyaslı işləri yüksək qiymətləndirərək, Festivalda fəal iştirakına görə təşkilata təşəkkürünü bildirdi.
Mərasimdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə meneceri – Qazaxıstan nümayəndəsi Talqat Muxanov Fondun qurucu üzv ölkələrindən biri olan Qazaxıstanla mövcud əlaqələrindən və təşkilat tərəfindən Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən tədbirlərdən bəhs etdi. Tədbirdə Qazax xalq musiqisi səsləndi və Abayın şeirləri oxundu.
Fondun himayəsi altında “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı" adlı tədbir də maraqla qarşılandı. Şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi – mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs etdi. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğuladı.Ədəbiyyatçı alim İsmixan Osmanlı Fəraqinin əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirdi.
Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnsitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və insitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcə də haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndiridiklərini bildirdilər. Sonra Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Fəraqinin şeirləri səsləndirildi və tədbir iştirakçıları görkəmli şair haqqında yayımlanan kitabların sərgisi ilə tanış oldular.
Festivalın son günü Macarıstan dövlətinə həsr edildi. Rəqs qruplarının çıxışından sonra, səhnəyə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tomar dəvət olundu. Çıxışını azərbaycanca edən səfir türk xalqalarının həm ədəbi, həm də siyasi arenada sıx əlaəqələrə sahib olmasını dilə gətirərək, bunun vacibliyindən söz açdı.
Sonra festivalda mükafatlandırma mərasimi baş tutdu. “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu”, “Beynəlxalq Türk Akademiyası”, TÜRKSOY və İLESAM-ın medalları mükafatçılara təqdim edildi.
Ardınca “Macar Ədəbiyyatı: keçmişdən günümüzə” paneli keçirildi. Yazar Ramil Əhməd və macarıstanlı şair-tərcüməçi Balaj Söllöşi paneldə klassik macar şairləri Şandor Petöfi ilə Mikloş Radontinin həyat və yaradıcılığından bəhs etdilər. Toxunulan digər mövzu isə Azərbaycan və Macarıstan ədəbiyyatının bir dildən digərinə az sayda tərcümə edilməsi ilə bağlı oldu. Əminik ki, naşirlər bunu nəzərə alacaqlar.
Səhnənin hər gün ən azı bir saatlığına AYB-nin yerli bölmələrinə verilməsi də hamı tərəfindən maraqla qarşılanırdı. Son gündə ölkəmizin şimal bölgəsindən olan şairlərlə görüş keçirildi. AYB-nin Quba bölməsinin rəhbəri şair Ramiz Qusarçaylı çıxışında qeyd etdi ki, ölkəmizin şimal rayonlarında hazırda beş ədəbi məclis fəaliyyət göstərir. Yerli yazarların arasında çox istedadlı qələm sahibləri var. Biz çalışırıq ki, bölgələrimizdə məxsusi bir ədəbi mühit yaradaq, istedadlı insanlara meydan açaq, onları dəstəkləyək. AYB-nin rəhbərliyi bizə bu sahədə böyük dəstək verir.
Ramiz Qusarçaylı bir neçə yeni şeirini oxudu. O, sözünü bitirəndə tamaşaçıların arasından gənc bir xanım şairin məşhur “Azərbaycan bayrağı” şeirini oxumaq istədiyini bildirdi və səhnəyə qalxıb böyük həvəslə şeiri əzbərdən söylədi.
Sonra əslən Qubadan olan, beş dildə divan yaratmış, tarix elmələri doktoru, şair Şahin Fazil, istedadlı şairlər Səxavət Ənvəroğlu, II Qarabağ müharibəsi içtirakşısı, şair Ayaz Səlimxanlı, Qusarın Həsənqala kəndindən Ceyhnun Ağabəyli, Türkiyədən gəlmiş Mahmud Özqoca, gənc şair Gülayə Aydın öz şeirlərinin oxudular.
Anar, Xalq yazıçısı, AYB-nin sədri:
– Böyük uğurla keçən bu festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə təsadüf etməsi ilə əlamətdar oldu. Açılış mərasimindəki çıxışımda da qeyd etdim ki, türk dünyasından nümayəndələrin bir araya gəldiyi kitab və ədəbiyyat bayramını yüksək dəyərə malikdir. Türk xalqlarının gəncliyi gələcəyə kitabla getməlidir. Çünki kitab, ədəbiyyat, mədəniyyət nəsilləri tərbiyə edir.
Ölkəmizdə kitaba və gənclərdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə ciddi fikir verilməsi fərəh doğurur. Elə sözügedən festivalda Baş nazirin müavini Əli Əhmədovun, Mədəniyyət naziri Adil Kərimlinin, akademiklərin, deputatların, ünlü ziyalıların iştirakı bu barədə çox şey deyir.
Hələ bir il öncə Bakı Dövlət Universitetində təşkil olunan I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında demişdim ki, Azərbaycan və Türkiyənin həm silahı, həm də sözü güclüdür. Biz bütün dünyaya barış, sülh arzulayırıq. Qoy, hər xalq öz doğma torpağında əkib-becərsin, mahnılar yazsın, kitablar oxusun, belə kitab bayramlarını ürək açıqlığı ilə qeyd edə bilsin.
Budəfəki festival daha möhtəşəm keçdi. Festivalda ilk tədbirlərdən biri mənim yaradıcılığıma həsr olunmuşdu. Kitab və ədəbiyyat bayramı həftə ərzində müxtəlif layihələrin təqdimatı ilə yaddaqalan oldu. Festivalda 50-dən çox nəşriyyat, 30-a yaxın xarici ölkə nümayəndəsi iştirak edirdi. Türkdilli dövlətlərin Birliyi ölkəmizin daha da inkişafı üçün son dərəcə vacibdir və bu baxımdan belə festivalların əhəmiyyəti misilsizdir.
Abdulla Cavanşir, İsveçdəki Qarabağ Dərnəyinin rəhbəri, fəlsəfə elmləri namizədi:
– Beynəlxalq türk müəlliflər birliyi tərəfindən ikinci Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalına dəvətim səbəbilə Bakıda bir sevincli mədəniyyət həftəsi keçirdim. Tədbirə Türksoy ölkələrinin tanınmış alimləri, qələm adamları, incəsənət nümayəndələri, bir çox ziyalıları dəvətli idilər. Mən isə İsveçdə yaşayan siyasi mühacir kimi bu tədbirə qatılmışdım. Güney Azərbaycanı təmsil edirdim.
Tədbirin proqramı məni valeh etdi: Çox zəngin və yaddaqalan idi. Beşinci gün “Azərbaycan günü” kimi milli himnimizlə başlandı. Bu himn çalınanda elə bilirdim dünya mənimdir. Hərçənd Təbrizimizdə də 1945-ci ildə bəstəkar Cahangir Cahangirov ilə şair Mir Mehdi Ehtimadın şeirinə bəstələnmiş belə bir himnin səslənməsini məndən yaşca dörd-beş yaş böyük olanlardan eşitmişdim.
İndi şükür ki, Azərbaycanımız müstəqildir və bu fakt bütün dünya azərbaycanlılarına ilham verir. Deputatlar, nazirliklərin və rəhbər orqanların nümayəndələri, Xalq yazıçıları, şairlər, fondların təmsilçiləri və bir çox say-seçmə ziyalılar törənə qatılmışdılar. Həmin gün Türkiyənin dövlət təmsilçiləri və yazıçıları, incəsənət adamları gözəl çıxışları ilə yadda qaldılar.
İkinci günün qəhrəmanı Məxtunqulu Fəraği idi. Onun yaradıcılığından danışıldı, sözlərinə yazılmış mahnılar və şeirləri səsləndi. Digər günlər də belə əlamətdar hadisələrlə yadda qaldı. Bütöv bağı bəzəyən kitab sərgiləri sanki gül-çiçək çələngi idi. Bu əsərlər türk ədəbiyyatının qədimiliyinə dəlalət edirdi. Əslində, “Manas”dan “Dədə Qorqud”a qədər... səyahət etdik. Tədbirin sonunda Macarıstan ədəbiyyatının oxunması və onların türk dilinə tərcüməsi qədim hunların nəfəsini bizə və Türk dünyasına dolanırdı.
Tədbirin bağlanışında bir sıra ziyalılar müxtəlif mükafatlarla təltif olundular. O cümlədən, publisist və tərcüməçi kimi mənə də II Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalında fəal iştiraka görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Sertifikat təqdim etdi. Bir həftəlik böyük zövqə görə Azərbaycan dövlətinə, Yazıçılar Birliyinə, Bakı İcra Hakimiyyətinə, Elmlər Akademiyasına, Beynəlxalq Türk Müəlliflər Birliyinə minnətdaram.
Əsəd Cahangir, ədəbi tənqidçi:
– Hər gün buraya gələrək, dost türk ellərindən təşrif buyurmuş qonaqların Azərbaycan oxucularına təqdim etdikləri bir-birindən maraqlı kitablarla böyük həvəslə tanış oldum. Həmin kitablardan bir neçəsini alaraq şəxsi kitabxanamı daha da zənginləşdirə bildim.
Belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulamaq lazımdır. Festival türkdilli xalqlar və onların ədəbiyyatını yaradan şair və yazıçılar arasında bir mənəvi körpü rolunu oynayır. Bu bayramda mən bir daha əmin oldum ki, çağdaş türk xalqları ədəbiyyatı bəşər mədəniyyətinə böyük töhfələr verir və verəcəkdir.
Əli NƏCƏFXANLI,
Məsaim HACIXANLI,
“Xalq qəzeti”,
Rüfət MƏHƏRRƏMOV




