ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens bugünlərdə ABŞ Ədliyyə Nazirliyinin keçmiş prezident Donald Trampın iqamətgahında tapılan məxfi sənədlərlə bağlı ittiham irəli sürməyəcəyi barədə fikir bildirib. "Düşünürəm ki, bu, ölkədə ciddi parçalanmaya səbəb olar", – CNN onun sözlərindən sitat gətirir.
Pens, həmçinin qeyd edib ki, Trampa qarşı ittiham “bütün dünyaya dəhşətli mesaj” olacaq, çünki ABŞ ədalət və demokratiyanın simvoludur: “Biz demokratiyanın gerbiyik, biz dünyada ədalət rəmziyik və ABŞ-ın keçmiş prezidentinə qarşı ittiham aktı ilə bağlı Nyu-Yorkda artıq bir dəfə ciddi araşdırma aparılıb. Ümid edirəm ki, Ədliyyə Nazirliyi fikrini dəyişəcək və bu məsələləri ittiham aktı olmadan həll edəcək”.
Həmin gün “Politico” qəzeti yazıb ki, ABŞ prokurorları keçmiş prezidentə proseslə bağlı məktub göndərib və ona qarşı cinayət təhqiqatına başlanıldığı bildirilib. Xüsusi prokuror Cek Smit hazırda keçmiş ABŞ liderinin məxfi sənədlərlə düzgün davranmamasını araşdırır. Nəşrin məlumatına görə, bildirişlə əlaqədar Smit Trampı cinayət işi üzrə ittiham etmək qərarına gələ bilər.
Bundan əvvəl, aprelin 26-da isə Trampın vəkilləri ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşüb. Vəkillər Timoti Parlatore və Cim Trusti Ədliyyə Nazirliyindən Ağ evin keçmiş rəhbərinin məxfi sənədlərlə düzgün rəftar edilməməsi ilə bağlı təhqiqatı dayandırmağı xahiş ediblər. Hüquqşünaslar hesab edirlər ki, Tramp, Co Bayden və keçmiş vitse-prezident Mayk Pensin evlərində məxfi sənədlərin aşkarlanması onların işlənməsi və saxlanması prosedurlarının səhv aparılmasının nəticəsidir.
Xatırladaq ki, sentyabrın 2-də FTB agentləri Trampın evində axtarış apararaq, müxtəlif məxfilik dərəcəsinə malik yüzə yaxın sənəd ələ keçirmişdilər. Bundan sonra, sentyabrın 22-də Tramp bildirib ki, Ağ evdən Florida ştatındakı Mar-A-Laqodakı malikanəsinə apardığı bütün sənədlərin məxfiliyini prezident kimi ləğv edib.
Bu arada ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il prezident seçkilərində namizədliyini açıqlayıb. “Ölkədə çox problem olduğu üçün prezidentliyə namizədliyimi irəli sürdüm”, – o, deyib. Pens 2024-cü il seçki kampaniyasının ilk günündə CNN-in Ayova ştatında təşkil etdiyi panel müzakirəsinə qatılaraq seçicilərin suallarını cavablandırıb.
Həqiqi dəyişikliyi geri qaytarmaq və Amerikanı sağlam düşüncə yoluna qoymaq təcrübəsinə malik olduğunu müdafiə edən Pens deyib: “Məncə, mühafizəkar prinsiplərlə irəliləmək üçün həmişəkindən daha çox məsuliyyət daşıyırıq... Kənarda qalmaq daha asan olardı. Lakin mən belə tərbiyə almamışam. Bu gün Allah və ailəm qarşısında ABŞ prezidenti seçkilərində iştirak edəcəyimi bildirirəm”, – deyə Maykl Pens qeyd edib.
Sabiq vitse-prezidentin sözlərinə görə, müxtəlif dövrlərdə fərqli liderlərə ehtiyac olur: “Biz ölkəmizi yenidən qura, xalqımızı qoruya, sərhədlərimizin təhlükəsizliyini təmin edə, iqtisadiyyatımızı dirçəldə, dövlətimizi balanslı büdcə yoluna yönəldə, azadlığımızın müdafiəsində dura və Amerikaya yeni həyat verə bilərik”, – deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrın 5-nə təyin edilib. Bu, ölkə tarixində ABŞ-ın 47-ci prezidentinin seçkisi olacaq (46-cı prezident Co Bayden seçkidə uduzduğu halda).
Qeyd edək ki, aprelin 25-də Cozef Bayden yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını deyib, Donald Tramp isə ötən ilin noyabr ayında prezident postu uğrunda mübarizəyə başladığını elan edib.
P.ƏFƏNDİYEV, “Xalq qəzeti”

