Bu gün dünya çox fərqli və mürəkkəb bir dövrünü yaşayır. Texniki nailiyyətlərdən tutmuş, ictimai-siyasi prosseslərə qədər, hər şey o qədər sürətlə dəyişir ki, bəzən bu dəyişkənliyi dərk etməyə belə insan şüuru macal tapmır. Bu da var ki, texniki sıçrayışlar bəzi digər sahələrə təsirsiz ötüşmür və bundan ən çox əziyyəti məhz insanların mənəvi qidasını təşkil edən mədəniyyət və incəsənət sahəsi çəkir. Çünki bu müstəvidə sürətli dəyişikliklər qeyri-ixtiyari sənətin bədii keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Müasir dövrdə ən böyük problemlərlə üzləşən sahələrdən biri də məhz teatr sahəsidir. Yenə XX əsrə nəzər salaq. Tutalım, 70-ci illərin tamaşaçısı ilə, 80-ci illərin tamaşaçısının zövqündə o qədər də fərq yox idi. Zövqlər və tələblər dəyişsə də, bu proses asta sürətlə baş verirdi və teatr da bu dəyişikliklərə uyğunlaşa bilirdi, hətta deyərdim ki, teatr da, başqa sənətlər də özləri bu dəyişikliyin önündə gedirdi. Təfəkkür dəyişikliyi məhz incəsənətdən başlayar, sonra başqa sahələrə keçərdi.
Bu gün isə belə deyil. Teatr sənətində yüksək səviyyəli mütəxəssislər yetişdirmək üçün onilliklərlə vaxt lazım olur. Lakin dünənin tamaşaçısı bu günün tamaşaçısından həm zövqünə, həm də tələblərinə görə yerlə göy qədər fərqlənir. Və təbii ki, sabahkı da bugünkündən fərqlənəcək. Deməli, mütəxəssislərin hansı profildə yetişdirilməsi də suallar doğurur. Çünki bugünkü dəyişikliklərin önündə ədəbiyyat-incəsənət yox, İT sahəsi gedir. Mədəniyyət və incəsənət “süni intellekt”in lokomotiv olduğu bir şəraitdə bu qatarın ardınca qaçmağa məhkumdur.
Bəs, bu sürətli dəyişikliklər dövründə incəsənət sahəsi, konkret halda isə bizim teatr neyləməlidir? Gələcək fəaliyyətində hansı yeniliklər yaratmalı, hansı strategiya ilə fəaliyyət göstərməli, ətrafdakı sürətli texniki dəyişikliklərə necə uyğunlaşmalıdır (və ya ümümiyyətlə, uyğunlaşmalıdırmı), zövqü sürətlə dəyişən tamaşaçı kütlələrini teatra necə yaxınlaşdırmalıdır?
Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyevin100 illik yübiley tədbirləri çərçivəsində ilk dəfə geniş və əhatəli şəıkildə təşkil olunan “Azərbaycan teatrı – 150. İnkişaf perspektivləri” Teatr Forumunun keçirilməsində əsas məqsəd teatrın inkişaf proqramının işlənib hazırlanması üçün müzakirələr aparmaq, sənət adamlarının mövcud problemlərə yanaşmalarını dinləmək, həlli yollarını axtarmaq və gələcək strategiyanın konturlarını hazırlamaq idi.
Teatr forumunun açılışında və ilk panel müzakirələrində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevanın iştirakı da milli teatrımızın bugünkü durumunun və inkişaf perspektivlərinin ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığının göstəricisi idi.
Forumun proqramına diqqət etmək kifayətdir ki, qarşıda həllini gözləyən nə qədər mürəkkəb və çətin məsələlərin olduğunu görək:
– Azərbaycan teatrında ənənə və trendlər...
– Müasir dramaturgiyanın inkişaf tendensiyaları...
– Milli teatrda müasir rejissor və aktyor sənəti – yenilənmə prossesinə sistemli yanaşma...
– Konsepsiya və strateji hədəflər...
– Teatr sahəsində insan kapitalı...
– Reklam və marketinq strategiyası...
Və sair və ilaxır...
Elə bu mövzulara diqqət etsək görərik ki, hər biri ayrı-ayrılıqda həlli tələb olunan ciddi və ağır problemdir... Zənnimcə, Mədəniyyət Nazirliyi də bu forumu təşkil edərkən əsas amal bu olub ki, bütün bu ciddi məsələlər bütün teatr cameəsiylə birlikdə müzakirə edilsin, yaşlı nəsil sənətkarlar da, gənclər də dinlənilsin, beləliklə, həm hazırlanacaq dövlət proqramı üçün, həm də gələcəkdə həyata keçiriləcək layihələr üçün strategiya və fəaliyyət modeli müəyyən edilsin.
Forumun panellərində teatr sahəsində fəaliyyət göstərən müxtəlif sənət sahibləri – dramaturqlar, teatr direktorları, rejissorlar, aktyorlar, teatrşünaslar iştirak etdi. Çox gərgin keçən müzakirələr teatr sahəsinin bugünkü durumunu, qarşılaşdığı problem və çətinlikləri üzə çıxarmağa kömək etdi. Çünki əvvəlki bənzər müzakirələrdən fərqli olaraq, bu dəfə açıq müzakirə mühiti vardi, hamıya öz sözünü demək üçün meydan verilmişdi. Həm panel iştirakçıları, həm də sadə iştirakçılar istənilən müzakirəyə qoşula bilirdilər. 500 nəfərə yaxın iştirakçı iki gün ərzində aktiv şəkildə debatlarda oldu.
Foruma dəvət olunan xarici qonaqların çıxışları və təcrübə mübadiləsiylə bağlı fikir–düşüncələri də maraqla dinləndi. Milli teatrımızın bir çox problemlərinin tək bizdə yox, digər ölkələrdə də mövcud olduğu üzə çıxdı. Ümumilikdə, incəsənətin bir çox qlobal problemləri var ki, hər yerdə olduğu kimi, bizdə də yaşanır. Məsələn, sırf öz sahəmlə bağlı türkiyəli həmkarımızdan eşitdiyim fikir məni çox düşündürdü. O da qeyd etdi ki, istedadlı yazarların bir çoxu teatra yox, kinoya və dizi sahəsinə üz tutur, çünki maddi təminat orada daha stabil və yüksəkdir. Məhz bu baxımdan onlar da, bizdə olduğu kimi, müasir dramaturq qıtlığından əziyyət çəkirlər. Deməli, problemin həlli yollarında hansısa təcrübə mübadiləsi həyata keçirtmək olar.
Bir məsələni də xüsusi qeyd etmək istərdim. Əgər əvvəllər bu tip tədbirlərdə nazirliyin rəhbərliyi yalnız açılışda iştirak edib gedirdisə, bu dəfə belə olmadı. Nazirliyin rəhbər heyəti, başda mədəniyyət naziri Adil Kərimli olmaqla, forumun hər iki günü müzakirələrdə iştirak etdilər, problemləri birbaşa özləri dinlədilər... Təbii ki, bu situasiya sənət adamlarının da inamını artırmışdı, çünki öz problemlərini sadəcə özləri danışıb özləri dinləmirdilər. Onları diqqətlə dinləyən vardı. Təbii ki, müzakirələr zamanı müəyyən ziddiyyətli fikirlər, mübahisələr, qarşıdurmalar da müşahidə olundu ki, bunu da təbii hal kimi qəbul edirəm.
Çünki hər bir sənət adamı öz düşündüyü inkişaf modelini daha düzgün hesab edir, hər kəs öz baxış bucağını müdafiə edir. Əsl həqiqət, düzgün inkişaf strategiyası isə məhz belə mübahisələrdən doğur.
Şəxsən məni narahat edən bir çox suallar forumda səsləndirildi, özüm də bəzi təkliflər irəli sürdüm. Onu da xüsusi qeyd edim ki, burada deyilən təklif və layihələr üzərində tezliklə iş başlanacaq.
Forumda ən çox bir neçə istiqamətdə problemlər ortaya qoyuldu. Bunlar yeni nəsil dramaturqlarının azlığı, teatr təhsili ilə bağlı problemlər, teatrların maliyyə durumu, sənətçilərin məvacib azlığı, tamaşaların reklam və marketinq perspektivləri, yeni yaradıcı nəslin yetişidirlməsi və teatrlarda işlə təmin olunması, əyalət teatrlarının bugünkü ağır vəziyyəti ilə bağlı idi. Bu mövzuların hər birini tam şəkildə açıb oxucularımıza təqdim etmək üçün onlarla məqalə, hətta bəlkə monoqrafiya yazmaq lazımdır, çünki, açıq etiraf edək ki, qeyd edilən problemlərin əksəriyyəti uzun illər boyu yığılıb qalan və həllini gözləyən problemlərdir.
Bu baxımdan Mədəniyyət Nazirliyinin indiki rəhbərliyi, əslində, bütün bu çatışmazlıqları üzə çıxarmaqla, ağır bir yükün altına girmiş oldu. Ancaq düşünürəm ki, elə bu forumun özünün belə yüksək səviyyədə təşkili və çatışmazlıqların açıq şəkildə müzakirəsi teatrımız üçün yeni bir inkişaf mərhələsinin ilk addımıdır. Çünki xəstəliyin müalicəsi ilk olaraq düzgün diaqnozun qoyulmasıyla başlayır. Zənnimcə, bu Teatr Forumunda məhz düzgün diaqnoz qoyulması istiqamətində əhəmiyyətli addımlar atıldı. Təbii ki, boş-boş danışanlar, qışqır-bağır salıb özünü göstərmək istəyənlər də oldu, ancaq bu da normal qarşılanmalıdır.
Forumda səslənən müzakirələrlə bağlı bir məqamı da qeyd etmək istərdim. Hərçənd, ola bilər ki, bu fikirlərimə görə sənət dostlarım məni qınasınlar.
Müşahidə etdiyim irad və şikayətlər, əsasən, bir istiqamətdə idi – bizim üçün eləsinlər. Teatrların maliyyə durumu yaxşılaşdırılsın, maaşlar artsın, təqaüdlər çoxalsın, fəxri adlar verilsin, evlər paylansın və s... Bəs, bütün bunları istəyərkən, biz özümüzdən nə tələb edirik? İstəklərimizin müqabilində dövlətə və xalqa nə vəd edirik? Sıravi tamaşaçının mənəvi tələbatını ödəmək üçün, teatr sənətimizin tarixini daha da zənginləşdirmək üçün neyləyəcəyik?
Əfsuslar olsun ki, bu xüsusda çox az danışıldı. Düşünürəm ki, bu istiqamətdə də qarşıda müəyyən polemikalar, dəyirmi masalar, konfranslar təşkil olunmalı və teatrın sırf yaradıcılıq məsələləri müzakirə olunmalıdır. Axı, yazımın əvvəlində qeyd etdiyim kimi, həqiqətən də çox sürətli və dinamik bir dövrdə yaşayırıq. Hər şeyin sürətlə dəyişdiyi, qloballaşdığı və insanların daha çox virtual reallığa yönəldiyi bir dövrdə teatr hansı istiqamətdə getməlidi? Bu ağır rəqabət durumunda, əlindən smartfon düşməyən sadə tamaşaçının Tik-tokdan, İnstaqramdan, Facebookdan ayırıb səhnəyə zillənməsinə necə nail olmaq lazımdı? Əlbətə ki, bu mübarizədə köhnə bədii vasitələr bizə yardımçı ola bilməz. Əgər kimlərsə düşünürsə ki, biz eləcə onilliklər əvvəl olduğu formada tamaşalar qoyacağıq, illərlə öyrəşdiyimiz üslubda oynayacağıq, dövrlə ayaqlaşmaq üçün heç bir əziyyət çəkməyəcəyik, özümüzü çətinliyə salmayacağıq və əvəzində dövlət bizim bütün problemlərimizi həll edəcək – onda heç bir inkişafa nail ola bilməyəcəyik...
P.S. Əlbəttə, qarşıda görüləsi işlər çoxdur. Bütün sənət adamları qollarını çırmalayıb milli teatrımızı müasir dövrlə ayaqlaşan dinamik inkişaf yoluna çıxarmağa çalışmalıdırlar. Yorulmadan, ruhdan düşmədən, heç bir çətinliyə baxmadan...
Ümumilikdə isə forumun fəaliyyətini uğurlu hesab edirəm. Yüksək səviyyəli təşkilatçılıq diqqəti çəkməyə biməzdi. Forumda ilk dəfə təqdim olunan mədəniyyət könüllülərinin aktiv fəaliyyəti də çox xoş təsir bağışlayırdı.
İlqar FƏHMİ,
yazıçı-dramaturq, AYB-nin katibi

