“Hraparak”: Ermənilər “soyqırımı qurbanları” abidəsini daha az ziyarət etməyə başlayıblar

post-img

Bildiyiniz kimi, bu gün, aprelin 24-də dünya erməniləri mifik “soyqırım”ın – 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrin daha bir ildönümünü qeyd edir. Ənənəvi olaraq, bu gün ermənilər Tsitsernakaberdə – “soyqırımı qurbanları”na həsr olunmuş abidə kompleksinə uzun növbəyə düzülürdü. Amma bu il ənənəvi hal qeydə alınmayıb.

İrəvanın “Hraparak” qəzetinin qeyd etdiyi kimi, bu il kompleksə gələnlərin sayında xeyli azalma nəzərə çarpır.

“Bu il daha az ziyarətçi var. Əgər əvvəllər növbələr yaranırdısa və kompleksə təxminən 2 saata çatmaq mümkün idisə, indi ziyarətçilər bu hissəni 20 dəqiqəyə piyada keçirlər. Bu, ilk növbədə, Ermənistan hakimiyyətinin türkpərəst siyasəti və “soyqırımı” mövzusunu unutdurmaq üçün israrlı cəhdləri ilə izah olunur (dırnaq işarəsi – red.).

Erməni qəzeti yazır ki, aprelin 24-də kompleksə gələnlərin az olmasının başqa sadə izahı var: "Əvvəllər erməni baş nazirinin aprelin 24-də kompleksə səfəri dövlət siyasətinin tərkib hissəsi idi - dövlət inzibati yolla adamları oraya göndərirdi ki, mümkün qədər çox gül qoysunlar, bunu mümkün qədər təntənəli və gözəl şəkildə etsinlər, bu faktı qeydə alsınlar. İndi hökumətin siyasəti kəskin şəkildə dəyişib. Əvvəllər Tsitsernakaberdə getməmək mümkün deyildi. İndi ab-hava və göstərişlər dəyişib, memorialı ziyarət etmək artıq məcburiyyət deyil".

Hazırladı:

S.ELAY,

"Xalq qəzeti"

Dünya