İran anti-İsrail cəbhəsi yaratmağa çalışır

post-img

İran Prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsəd və Əlcəzair Prezidenti Abdelmacid Tebbun ilə telefon danışığı zamanı İslam ölkələrini İsrailə qarşı birləşməyə çağırıb. İran mediasının məlumatına görə, Rəisi söhbət zamanı “İslam ölkələrinin sionist rejimə qarşı vahid cəbhəsinin yaradılmasının zəruriliyini” vurğulayıb. A.Tebbun“məzlum Fələstinin xalqının təqva və ibadət ayı olan Ramazanda sionist rejimin vəhşiliyindən əziyyət çəkdiyini” qeyd edib. Əlcəzair lideri ümidvar olduğunu bildirib ki, Tehran İslam ölkələrinin əməkdaşlığı ilə “Fələstin xalqını sionistlərin boyunduruğundan azad edəcək”. Rəisi Suriya prezidenti ilə söhbətində qeyd edib ki, “sionist rejimin cinayətləri onun zəifliyi və ümidsizliyinə işarədir”. Belə görünür, molla rejimi Yaxın Şərq regionunda baş verən son gərginlikdən istifadə edərək, anti-İsrail cəbhəsi yaratmağa çalışır. 

İsrail ölkədə daxili siyasi böhran, Fələstin Muxtariyyəti ilə münasibətlərin növbəti dəfə kəskinləşməsi və İran tərəfindən artan təhlükə də daxil olmaqla, bir sıra problemlərlə üzləşib. Ölkədəki siyasi böhran səbəbindən Fələstin hakimiyyəti ilə danışıqlar demək olar ki, aparılmır. İsraillə İran arasında münasibətlərin kəskinləşməsi də əlavə gərginlik yaradır. Xatırladaq ki, beş il əvvəl ABŞ-ın sabiq Prezidenti Donald Trampı İranın nüvə sazişinə son qoymağa inandıran İsrailin Baş naziri Benyamin Netanyahu olmuşdu. İsrail İranın gizli şəkildə nüvə silahına sahib olmasından ehtiyat edirdi. Beş il sonra ABŞ-ın Tehrana qarşı yeni sanksiyalarına baxmayaraq, MAQATE-nin məlumatına görə, İran uranın zənginləşdirilməsi səviyyəsini 20 faizdən 84 faizə qaldıra bilmişdir. Qeyd etmək yerinə düşər ki, nüvə silahı yaratmaq üçün 90 faizə qədər zənginləşdirilmiş uran tələb olunur. Bundan əlavə, çoxsaylı hava zərbələrinə baxmayaraq,İranyönlü silahlı birləşmələr Suriyanın İsraillə həmsərhəd ərazilərində hələ də fəaliyyət göstərirlər. 

Bütün bunlar İran-İsrail münasibətlərini gərginlikdə saxlayır. Hətta Pentaqon rəhbəri Lloyd Ostin Tel-Əvivə səfərindən sonra demişdi ki, İsrailin İrana qarşı müharibə ehtimalı çox yüksəkdir. Əlbəttə ki, cənab Ostin belə bir proqnoz səsləndirən tək yüksək vəzifəli hərbçi deyil. Bu mənada İsrailin Baş naziri Benyamin Netanyahunun bəyanatı da önəmlidir. Martın əvvəlində o, MAQATE rəhbəri Rafael Qrossinin İranın nüvə obyektlərinə potensial zərbənin qanunsuz olması ilə bağlı bəyanatlarına kəskin reksiya vermişdi: “Bizə özümüzü müdafiə etməyə icazə verilirmi? Bizə bunu etməyə icazənin verildiyi aydındır və bunu edəcəyimiz də aydındır”.

İsrailin İrana mümkün hərbi hücumu ilə bağlı şayiələr müntəzəm olaraq yayılır, ancaq hələ ki, müharibə yoxdur. Mətbuatda yayılan xəbərlərdə də bildirildiyi kimi, İran müxtəlif xarakterli hücumlara məruz qalır. Mütəxəssislərin sözlərinə görə, rəsmən bu hücumların konkret hansı ölkə tərəfindən həyata keçirildiyi təsdiqlənməsə də, əsas məqsədin molla rejiminin öldürücü silaha malik olmasının qarşısını almaqdan ibarət olduğu vurğulanır. İran təkcə nüvə silahına malik olmaq istəməklə regionda gərginlik yaratmır, həmçinin Suriya və İraqda silahlı birləşmələri dəstəkləməklə də özünün destruktiv siyasətini büruzə verir. İranın təsir dairəsini İraqa və Suriyada genişləndirməyə çalışması da İsrailin adekvat addımlar atmasına səbəb olur. İranın Suriyadakı hərbi obyektlərinə mütəmadi aviazərbələr endirməklə Tel-Əviv molla rejiminə cavab verir.  Doğrudur, hələlik bu zərbələr İsrailin və ya ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın başlanmasına səbəb olmur. Məsələn, 2020-ci ildə sabiq Prezident D.Trampın göstərişi ilə iranlı general Qasım Süleymaninin öldürülməsi də genişmiqyaslı hərbi münaqəşinin başlanmasına gətirib çıxarmadı.  

Amma mütəxəssislər bu fikirlə razıdırlar ki, İranın nüvə silahı əldə etməsi prosesinin çox təhlükəli səviyyəyə yüksəlməsi İsraili kritik zərbə endirməyə vadar edəcək. Çünki Təl-Əviv gözəl bilir ki, İranın İsrail şəhərlərinə nüvə yükü çatdırmaq üçün raketləri var və yaxın gələcəkdə bu, reallaşa bilər. ABŞ İranla nüvə sazişindən çıxdıqdan sonra İran nüvə proqramını sistemli şəkildə inkişaf etdirir. “Bloomberg” agentliyi cari ilin fevral ayında iranlı nüvə alimlərinin uranın zənginləşdirilməsi faizini 84-ə çatdıra bildikləri barədə məlumat yaymışdı. Bu isə o deməkdir ki, bomba üçün tələb olunan səviyyəyə çatmaq yaxın gələcəyin işidir. 

Doğrudur, İsrailin hansı hərəkət yolunu seçəcəyi məsələsi hələ açıq qalır. Bununla belə, Təl-Əviv İranın nüvə obyektlərinə hərbi zərbə endirmək ehtimalını tam olaraq gündəmdən çıxarmayıb. Bunu İranda da yaxşı bilirlər. Buna görə də, İsrailin və onun strateji müttəfiqi ABŞ-ın hərbi gücünü gözü önündə tutan molla rejimi Təl-Əvivə qarşı koalisiya yaradılmasını zəruri bilir. Son İsrail-Fələstin qarşıdurmasını fürsət bilən Tehran müsəlman ölkələrini Təl-Əvivə qarşı birləşməyə çağırır. Amma aydındır ki, ərəblər fars rejiminin irəli sürdüyü istənilən təkliflərə çox ehtiyatla yanaşırlar. Hazırda İranın bu ölkələrlə münasibətləri müxtəlif amillərin təsiri altındadır. Tehran rejiminin sərt sanksiyalar altında olması da ərəb ölkələrini İranla məsafə saxlamalarına vadar edir. Ona görə də, İranın İsrail-Fələstin münasibətlərinin gərginləşməsi fonunda Təl-Əvivə qarşı cəbhə yaratmağa çalışmasının perspektivi görünmür. 

S.ELAY,

“Xalq qəzeti”

Dünya