Astanada Heydər Əliyev küçəsinin açılışı olub YENİLƏNİB

post-img

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Mərasimin aparıcısı dedi:

- Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, so­sial, siyasi və iqtisadi münasibət­lər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tap­şırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı qurucu­luq işləri bu böyük insanın rəh­bərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qar­daş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləş­dirən əməkdaşlığın rəmzidir.

Heydər Əliyevin şərəfinə ad­landırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsi­şir. Küçənin uzunluğu 1400 metr­dir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlı­ğını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərində­ki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. 

Hörmətli xanımlar və cənab­lar, gəlin, bir-birimizi bu əlamətdar bayram, Qazaxıstanın və Azərbay­canın həyatında mühüm hadisə münasibətilə təbrik edək. 

***

Dövlət başçıları “Heydər Əliyev küçəsi” sözləri yazılan lövhənin üzərindən ağ örtüyü götürdülər.

***

Sonra mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jo­mart Tokayev dedi: 

- Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xa­tirəsini əbədiləşdirmək və qoru­maq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqı­nın böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir. 

Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Ba­let Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əylən­cə mərkəzi kimi mühüm obyektlər yerləşir.

Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olması­nın 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” te­lekanalında Heydər Əliyevin zən­gin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyera­sı olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müa­sir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyi­nin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərli­yi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata ke­çirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru bö­yük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müa­sirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dü­rüstlüyünə, ədalətliliyinə görə qiy­mətləndirirdilər.

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Biz yaxşı xatırlayırıq, o, qa­zaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğu­layırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı müna­sibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çə­tinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, hə­mişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib. Ölkələrimiz arasında müa­sir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. 

Hörmətli İlham Heydər oğlu, Siz öz dahi atanızın quruculuq işini ləyaqətlə davam etdirirsiniz. Sizin nüfuzlu, güclü liderliyinizlə Azər­baycan tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Dövlətlərimiz ara­sında hərtərəfli əməkdaşlığın möh­kəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Fürsətdən istifadə edib əməkdaşlığımızın in­kişafında mühüm mərhələ olan bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.

Bu gün bizim çoxşaxəli əmək­daşlığımızın bundan sonrakı in­kişafına təkan verən çox mühüm sənədlər imzalanıb. Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Buna görə də əsla şübhə yoxdur ki, biz bundan sonra da dövlətlərimizin xalqlarına xidmət məsələsində va­hid mövqelərdən çıxış edəcəyik. Diqqətinizə görə sağ olun.

***

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

- Hörmətli Kasım-Jomart Ke­meleviç, əziz dostlar.

Mənim Qazaxıstana səfərim sona yaxınlaşır. Qonaqpərvərliyə, səmimi qəbula, mənə və bizim nü­mayəndə heyətinin üzvlərinə xoş münasibətə və bu gün səfər çərçi­vəsində bu gözəl, mən deyərdim, tarixi mərasimdə iştirak etməyi­mizə görə Prezident Tokayevə bir daha təşəkkürümü bildirmək istə­yirəm.

Hər bir azərbaycanlı kimi mən­dən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danı­şarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlama­maq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt - ötən əs­rin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qa­baqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müa­vini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keç­miş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbər­lik edirdi. 

Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qa­lırdı. Ona qara yaxılır, böhtan atı­lırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövr­də - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünya­nın siyasi xəritəsindən silinmək­dən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş mü­haribəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqla­rı əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və ma­hiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qo­yulması dövrü oldu. 

Heydər Əliyev bizə onun işlə­rini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı iş­ğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, ulu öndərin 100 illik yubileyi ərəfə­sində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb. 

Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxla­rın ənənələrini, adətlərini yaxşı bi­lir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəs­ləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətlən­dirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəa­liyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası bir­ləşir. Biz bu gün beynəlxalq arena­da böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

Bu gün səfərimi başa çatdı­raraq Qazaxıstan Prezidentinə və xalqına bir daha təşəkkürümü bildirmək, Qazaxıstan xalqını və Prezident Kasım-Jomart Keme­leviçi sosial-iqtisadi inkişaf, Qa­zaxıstanın beynəlxalq nüfuzunun möhkəmlənməsi yolunda qazanıl­mış böyük nailiyyətlər münasibə­tilə təbrik etmək istərdim. Bu gün Qazaxıstan, - bu barədə bu gün mətbuat konfransında danışmı­şam, - dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır. Qazaxıstanın irəli sürdüyü və re­allaşdırdığı təşəbbüslər sözün geniş mənasında Avrasiya məka­nında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurla­rınıza ürəkdən sevinirik.

Bu gün biz müttəfiqlik səviy­yəsinə çatmış əməkdaşlığımızın möhkəmləndirilməsinə dair sonra­kı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlı­ğına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıs­tanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

***

Sonra Azərbaycan Prezidentiİlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkdilər.

Daha sonra dövlət başçıları şəhər ictimaiyyətinin nümayən­dələri ilə görüşüb söhbət etdilər. 

AZƏRTAC

 













Rəsmi xronika