Moldova qaz tədarükünün şaxələndirilməsinin vacibliyini bəyan edib

post-img

Kişinyov qaz tədarükünün şaxələndirilməsində və Azərbaycanla əməkdaşlığın qurulmasında maraqlıdır.

"İnterfaks"ın məlumatına görə, bu barədə Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Niku Popesku deyib.

"Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovu Kişinyovda qəbul etdim. Biz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən 31 il ərzində əldə edilmiş nəticələri yüksək qiymətləndirdik və enerji, iqtisadiyyat və aqrar-sənaye sahələrində əməkdaşlığın kompleks inkişaf etdirilməsində maraqlı olduğumuzu bildirdik. ”, - deyə Popesku bazar günü teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Kişinyov birgə layihələrin həyata keçirilməsi üçün Moldovaya mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlıdır. "Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində də maraqlıdır", - deyə Baş nazirin müavini vurğulayıb.

Popesku qeyd edib ki, dialoqun mühüm mövzusu beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən “ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək” olub.

S.ELAY,

"Xalq qəzeti"

Dünya