Şəmkirdə modul tipli məktəb inşa olunur

post-img

Ölkə prezidentinin qayğısı sayəsində reallaşan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər nəticəsində Şəmkir rayonunda mərhələli şəkildə təhsil müəssisələri yenilənir, şagirdlərin rahat təhsil alması üçün imkanlar genişləndirilir.

Hazırda  “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” dövlət başçısının 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Şəmkirin ucqar dağ kəndi olan Ələsgərlidə modul tipli məktəb tikilir.

Rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev yeni inşa edilən məktəbdə görülən işlərlə maraqlanıb, yaradılan şəraitlə yaxından tanış olub.

İş icraçısı layihə barədə məlumat verərək bildirib ki, 96 şagird yerlik məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılır.

Qeyd edək ki, rayonun digər təhsil müəssisələrinin də mərhələli şəkildə müasir standartlara uyğun yenilənməsi istiqamətində  işlər davam etdirilir.

Məlumat üçün bildirək ki, son bir ildə rayonun ən böyük təhsil müəssisələrindən olan Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-lisey və Coşqun Abdıyev adına Zəyəm Cırdaxan kənd 2 saylı tam orta məktəb yenilənərək müasir standartlara uyğun qurulub. Hazırda isə Zəyəm qəsəbəsində yerləşən Əhməd Cəmil adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir-bərpa işləri aparılır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Şəmkir

Təhsil