Özbəkistanda istehsal olunan toxuculuq məhsulları və xalçalar Azərbaycana da göndərilir

post-img

Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin təşkilatçılığı ilə Daşkənddə “Sosial sahibkarlıq və toxuculuq sənayesi” adlı beynəlxalq konfrans və konfrans çərçivəsində “Toxuculuq və dəb sənəti-YzTextile Expo Spring 2023” altıncı sərgi keçirilib. 

Konfrans və sərgidə dünyanın 30-dan artıq ölkəsindən gələn toxuculuq sənayesi sahəsinin nümayəndələri bir neçə gün ərzində bu sahənin müasir problemləri ilə bağlı fikir mübadiləsi aparıb, sərgidə öz məhsullarını nümayiş etdiriblər.  

Konfrans və sərgi başa çatdıqdan sonra iştirakçılar və jurnalistlər üç qrupa bölünərək Fərqanə, Sırdərya, Buxara və Səmərqənd vilayətlərindəki toxuculuq sənayesi müəssisələrində olub, müasir texnologiya ilə təchiz edilmiş fabriklərə baxıb, bu müəssisələrdə istehsal olunan məhsullarla tanış olmaq imkanı əldə ediblər. 

“Xalq qəzeti” müxbirinin qatıldığı qrup Buxara və Səmərqənd vilayətlərindəki toxuculuq fabriklərində olub.  Buxaranın Qijduvan rayonundakı Özbəkistanda ən böyük toxuculuq müəssisəsi olan “Amirtex” müasir toxuculuq fabrikində dünya standartlarına uyğun uşaq, qadın və kişi paltarları istehsal edilir. 

Fabrikin nümayəndəsi jurnalistlərə bildirib ki, məhsullarımız Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, Qazaxıstan, Çexiya, İsrail, Litva, Polşa və digər dövlətlərə ixrac olunur. 

Səmərqənd şəhərindəki “SAK” Xalça fabrikində müxtəlif ölçülərdə müasir xalçalar və kovralitlər istehsal edilir. Böyüklüyünə görə dünyada üçüncü olan bu fabrikin məhsulları isə dünyanın əksər dövlətlərinə, o cümlədən Azərbaycana göndərilir. 

Qulu Kəngərli 

Səmərqənd-Buxara







Sosial həyat