Qusarlı Mayıl müəllim

post-img

Mən onunla “Xalq qəzeti”nin baş redaktorunun kabinetində tanış olmuşam. Əflatun müəllimin qarşısında gur, dümağ saçları olan, üz-gözündən saflıq, xeyirxahlıq yağan, səliqəli-sahmanlı bir şəxs əyləşmişdi. Arıq, hündürboy olduğu üçün yaşından xeyli cavan görünürdü. Kübar insan təsiri bağışlayırdı. 

Baş redaktor məni qonağa təqdim edərkən əslən qubalı olduğumu da qeyd etdi. Anladım ki, ilk dəfə gördü­yüm bu ağsaqqal bizim tərəflərdəndir. 

Qonaq ərklə əlini mənə uzatdı:

– Mayıl Bağırov! 

Ani olaraq qarşımdakı şəxsin kim olduğunu yəqin etsəm də soruşdum:

– Qusarlı Mayıl müəllim?

– Bəli! 

Hər üçümüz gülümsündük. Onun haqqında təcrübəli həmkarlarım Qüd­rət Piriyev və İttifaq Mirzəbəylidən çox eşitmişdim. Onlar hər dəfə Qusardan söz düşəndə, orada Mayıl müəllim adlı dostlarının olduğunu fəxrlə söyləyir, onun çox vətənpərvər, dostcanlı və qonaqpərvər insan olduğunu mütləq qeyd edirdilər. 

Qiyabi olsa da xəbərim vardı ki, Mayıl müəllim dahi siyasətçi Heydər Əliyevin böyük idarəçilik məktəbinin yetirmələrindəndir. O, bütün şüurlu həyatı boyu Azərbaycan və ləzgi xalq­ları arasında tarixi dostluq əlaqələri­nin daha da güclənməsi üçün əlindən gələni əsirgəməyib. Bu münasibətlərdə nifaq yaratmaq istəyənlərə isə kəskin şəkildə sözünü deyib. Söyləyib ki, əti dırnaqdan ayırmaq olmaz, azərbay­canlılarla ləzgilər əsrlər boyu dost, qar­daş olublar və bu dostluq əbədidir. 

Qeyd etmək yerinə düşər ki, Mayıl müəllim hələ gənc yaşlarından jurna­listlərlə dostluq edən ziyalılardandır. Ara-sıra özü də qələmi əlinə alıb, gö­rüb-müşahidə etdikləri barədə söz açır. 

Bu dəfə “Xalq qəzeti”nə ulu ön­dər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı yazı gətirmişdi. Baş redaktor müəllifin yanındaca məqalə ilə tanış olub qəzetin növbəti nömrəsində dərc olunması üçün göstəriş verdi. 

Söhbət əsnasında o da məlum oldu ki, yaxın günlərdə qonağın yetmiş beş yaşı tamam olur. Həmin an baş redak­torun mənə tərəf boylanan baxışların­dan nə demək istədiyini anladım. Yəni, bu dağdan ağır kişidən yazmaq lazım idi. 

İki gündən sonra Mayıl müəllimlə vədələşdiyimiz yerdə -- Heydər Əliyev Sarayının qarşısında görüşdük. Söh­bət edə-edə “Qış sarayı” parkına gəl­dik. Oradakı skamyaların birində otu­rub onun həyat və əmək fəaliyyətinə nəzər saldıq. 

O, 1948-ci ildə Qusar rayonunun Urva kəndində anadan olub. 1964-cü ildə doğma kənddə orta məktəbi biti­rib. Elə həmni il Gəncədəki Azərbay­can Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1969-cu ildə gənc mütəxəssis kimi doğma kəndindəki “III Beynəl­miləl” sovxozunda əmək fəaliyyətinə başlayıb. Respublika Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda altı il elmi işçi kimi çalışıb. Sonra isə onu rayonun ən böyük toxumçuluq sovxozu olan “Parti­yanın XXIII” qurultayı sovxozuna direk­tor təyin ediblər. 

Gənc, enerjili direktorun rəhbərliyi ilə ilk gündən əvvəllər geridə qalan bu təsərrüfatın uğurları artmağa başlayıb. O, bir gün də olsun boş dayanmırdı. Rayon və respublika təşkilatlarına ge­dir, Urvada sosial-mədəni obyektlərin inşa edilməsinə nail olurdu. Onun səy­ləri sayəsində rayonda ilk dəfə Urvaya təbii qaz kəməri çəkilib, kənddə içməli su kəməri inşa edilib, hamam binası tikilib. Urvaya yeddi kilometr uzunlu­ğunda asfalt yol çəkilib. Heyvandarlar üçün yaşayış binaları və kənd əhalisi üçün müxtəlif xidmət obyektləri tikilib istifadəyə verilib.

Düz yeddi il sovxoz direktoru və­zifəsində işləyib. O dövrün ictimai-siya­si həyatının tələblərini nəzərə alaraq, ikinci ali təhsil kimi politoloq ixtisasına da yiyələnib. Həm tələbkar, həm də qayğıkeş bir rəhbər olaraq kənd cama­atının və sovxoz əməkçilərinin dərin hörmətini qazanib. Medal, orden ve­riləndə özündən çox başqalarını düşü­nüb. Çalışıb ki, hər kəsin əməyi layiqin­cə qiymətləndirilsin.

1987-ci ildə 39 yaşında onu Qusar rayon XD Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkiblər. Bu, əl­bəttə, böyük etimad idi. Mayıl müəllim rayonun ikinci rəhbəri sayılan bu və­zifədə ləyaqətlə işləyib. Qusarda fərdi mənzil proqramı böyük uğurla həyata keçirilib. Rayonda və kəndlərdə minlər­lə ailə fərdi torpaq sahələri və güzəştli kreditlərlə təmin olunub. Rayonda ehti­yacı olan elə bir ailə qalmayıb ki, fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin olunmasın.

– Səmimiyyətimə inanın! Təkcə Qusar şəhərində beş yüzə yaxın gənc ailəyə həyətyanı torpaq sahəsi və yüz­lərlə ailəyə yaşayış evi vermişəm, on­lardan bir nəfərdən belə təmənnam olmayıb. Buna görə indinin özündə də çox qürurlanıram.

Əlbəttə, mən onun düz danışdığına əmin idim. Quba ilə Qusarın arası cəmi 12 kilometrdir. O ilərdə hamı danışırdı ki, Qusarda bir “ispalkom” var, nə tor­pağa, nə də maşına görə bir adamdan bir qəpik almır. Bəzi adamlar buna mö­cüzə kimi baxırdılar. Həmin möcüzə adam indi parkdakı skamyada mənim yanımda idi! 

Qeyd edim ki, onun əmək fəaliyyəti təkcə Qusarla bağlı deyil. Belə ki, Ma­yıl müəllim 1992-ci illərin əvvəllərində Azərbayan Respublikası Nazirlər Ka­binetinin Millətlərarası münasibətlər və qaçqınların işi şöbəsində 1-ci dərəcəli mütəxəssis və referent vəzifələrində çalışıb. 

Məlumdur ki, həmin illərdə ölkənin ictimai-siyasi həyatında böyük gərginlik və narahatlıq hökm sürürdü. Ermənilər Qarabağın dağlıq hissəsində separat­çılıq hərəkatına qoşulmuşdular. Onun doğma rayonu olan Qusarda isə “Sad­val” çox fəallaşmışdı. Burda ermənilə­rin də “barmağı” vardı. Bütün bunları ifşa etmək, xalqa həqiqəti göstərmək lazım gəlirdi. O, Nazirlər Kabinetinin nümayəndəsi, həm də Qusardan olan bir vətənpərvər ziyalı kimi müntəzəm sürətdə doğma rayona gəlir, əhali ilə görüşür, dövlətin milli siyasətinin məğ­zini insanlara yorulmaq bilmədən izah və şərh edirdi.

Mayıl müəllim o çətin günləri xa­tırlayıb köks ötürdü:

– Həyat yoldaşım İradə xanım müəllim işləyirdi, hazırda təqaüdçüdür. Həmin dövrdə respublikada, eləcə də rayonda hökm sürən olduqca gərgin ictimai-siyasi şəraitdə mənim bir gün belə istirahət etmədən işləməyimi, bu zaman keçirdiyim hiss və həyəcanları müşahidə edərək bəzən deyirdi ki, “Ma­yıl, kaş sən də mənim kimi adi müəllim işləsəydin, biz hər gün bir yerdə mək­təbə gedib, evə qayıdar, bu qədər əziy­yətlər və həyacanlı anlar yaşamazdıq”. Amma o, buna görə peşman deyil. Nə edibsə, elinin-obasının əmin-amanlığı, ölkəsinin, rayon sakinlərinin rifahı, yax­şı günü üçün edib. 

...Bir dəfə isə Nazirlər Kabinetində çalışdığı şöbənin müdiri, ehtiyatda olan general-polkovnik Ziya Yusifzadənin təklifi ilə Mayıl Bağırov təcili Gürcüsta­nın Laqodexi rayonuna ezam olunub. Burada azərbaycanlılar yaşayan, 20 min əhalisi olan Qabal sovetliyində gürcü millətçiləri etnik zəmində qarşı­durma yaratmışdılar. O, buradakı azər­baycanlı və gürcü əhali ilə görüşüb, hər iki icma qarşısında çıxışlar edib, onun təklifi ilə münaqişənin sakitləşdi­rilməsi üçün lazımi tədbirlər görülüb. 

Mayıl müəllim xatırlayır ki, 1992-ci ilin may ayının əvvəlində isə erməni si­lahlı qüvvələrinin hücumuna məruz qa­lan Laçın rayonun əhalisinin Ağcabədi rayonundakı “Taxtakörpü” ərazisinə və digər rayonlara köçürülməsini təmin etmək məqsədilə Cəbrayıl rayonun Mahmudlu qəsəbəsində operativ qə­rargah yaradılıb. Nazirlər Kabinetinin nümayəndəsi kimi bu qərargahın işini əlaqələndirmək Mayıl müəllimə həvalə olunub. O, bu mühüm tapşıırığın da öhdəsindən gəlməyi bacarıb. 

Mayıl Bağırov 1994-cü ilin apre­lində yenidən doğma rayona qayıda­raq, Qusar RİH başçısının humanitar məsələlər üzrə müavini kimi öz əmək fəaliyyətini davam etdirib. Fəxrlə qeyd etdi ki, ulu öndər Heydər Əliyevin rəh­bərliyi altında o, müstəqilliyin ilk illərin­də Qusarda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, azərbaycançılıq ide­yalarının həyata keçirilməsi istiqamə­tində əlindən gələni əsirgəməyib. YAP-ın Qusar rayon təşkilatının forma­laşdırılması üçün ciddi səylər göstərib.

Mayıl müəllim indi təqaüddədir. Bəzən geridə qalan ömür yoluna nəzər salmağı, xatirələrə dalmağı sevir. Özü­nün dediyinə görə, onun ən böyük sər­vəti sadə camaatın ona bəslədiyi dərin inam və hörmətdir. Onu saf, səmimi, gözütox insan kimi tanıyırlar. 

– Bundan başqa, insana nə lazım­dır ki? 

O, məndən cavab gözləmədiyi bu sualı bir qədər ucadan, şəstlə, qürurla dedi. Fikirləşdim ki, onun buna mənəvi haqqı çatır! 

O, çox təəssübkeş insandır, bu gün də ictimai-siyasi həyatında fəal iştirak edir. Bəzən sıravi vətəndaşlar ondan müxtəlif sahələrdə mövcüd olan problemlərin həllində onlara kömək üçün müraciət edirlər. Mayıl müəllim, əlbəttə, hər bir məsələnin müsbət və ədalətli həll olunmasına çalışır. 

O, xoşbəxt bir ailə başçısııdır. Hə­yat yoldaşı İradə xanımla qırx ildən çoxdur ki, can bir qəlbdə yaşayırlar. Onların iki oğlu, bir qızı, altı nəvələri var. Övladları hazırda müxtəlif dövlət vəzifələrində çalışırlar. 

Mayıl müəllim cəmi qırx il ömür sür­müş, lakin rayonda böyük-izzət sahibi olmuş atası Tağı kişi ilə necə qürur du­yursa, övladları da bu nəslin davamçı­ları olaraq üzərlərinə düşən məsuliyyə­ti heç vaxt unutmurlar. Xoşbəxtlikdən onların hər yerdən xoş soraqları gəlir. 

Onun həyatının ən kövrək anları isə gənc yaşlarında dul qalan, təkbaşına 10 övladını böyük ləyaqətlə böyüdən anası Anabacı xanımla bağlıdır:

– Anam çox dəyanətli qadın idi, heç vaxt üzləşdiyi çətinliklərdən şikayət et­məzdi, bütün övladlarını ev-eşik sahibi etdi. Ahıl yaşında dünyasını dəyişdi. Ömrüm boyu anamın qulluğunda da­yanmağa çalışmışam, amma bu gün də anamın övladlarına o böyük cəfa­keşliyinə görə ruhu qarşısında baş əy­məyi özümə borc bilirəm. 

Mayıl müəllim anası barədə danı­şanda səsi titrəyir, az qalırdı ki, göz­ləri yaşarsın. Tez araya dəxli olmayan başqa bir mövzu qatmağa çalışdım. Öz-özümə düşündüm ki, ömrünü lə­yaqətlə yaşayan, xalqına, dövlətinə sədaqətlə xidmət edən, hər kəsə hə­yan olmağı bacaran, var-dövlət və şan-şöhrət qarşısında əyilməyən bir ağsaqqalı, anası ilə xatirələri bu yaşın­da belə kövrəldə bilir. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Sosial həyat