Ölkənin ən uzaq məsafəyə qaçan idmançısı Ağstafadandır

post-img

Ağstafanın Vurğun qəsəbə sakini Ağa Əliyev Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Ağstafa-Bakı marşrutu üzrə ultramarafonda 465 kilometr məsafəni uğurla qət edərək 5 gün ərzində ölkəmizdə ən uzaq məsafəyə qaçma rekordu müəyyənləşdirib.           

Rayon icra hakimiyyətinin başçısı Seymur Orucov həm Ağa Əliyevlə, həm də son günlər ölkəmizdə və xaricdə keçirilən müxtəlif növ idman tədbirlərində yüksək nəaliyyətlər əldə edən digər ağstafalı idmançılarla görüşmüşdür.

Bu ilin aprel ayının sonlarında Bolqarıstanda keçirilən Şotokan karate üzrə 13-cü Avropa çempionatının qalibi, Göycəli kənd sakini Tahir Ələkbərov, Bakı şəhərində təşkil olunan qol güləşi üzrə Respublika çempionatında 1-ci yeri tutan Köhnəqışlaq kənd sakini Murad Mədədov və 2-ci yerin qalibi Köçəsgər kəndindən olan Ayxan Hacıyev görüşdə iştirak etmişlər.

Seymur Orucov göstərilən yüksək etimadı layiqincə doğrultuqları üçün idmançılara və onların məşqçilərinə təşəkkürünü bildirmiş və bu nəaliyyətlərə görə onlara  icra hakimiyyətinin Fəxri Fərman və hədiyyələrini  təqdim etmişdir. 

Təltif olunanlar ölkəmizdə idman sahəsinə göstərilən yüksək dövlət qayğısına, eləcə də idmançılara yaradılan münbit şəraitə görə ağstafalı gənclər adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri





Sosial həyat