Salyan və Neftçala rayonlarında kollektorlar lildən təmizlənir

post-img

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Baş Mil-Muğan Kollektorunda lildən təmizləmə işləri həyata keçirilir. Hazırda Baş Mil Muğan Kollektoru İstismarı İdarəsinin texnikaları bir-neçə istiqamətdə bu işləri həyata keçirir.

"Xalq qəzeti" xəbər verir ki,  Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi ötən il olduğu kimi bu il də meliorativ tədbirlərini davam etdirir. İlin əvvəlindən bu günə kimi idarə tərəfindən 47 km  Salyan rayon ərazsində, 10 km Neftçala rayonu ərazisində kollektor drenaj sistemi lildən təmizlənərək, 228 min kubmetr torpaq işi görülüb. Bundan başqa 9 ədəd hidrotexniki qurğu cari təmir edilib istismara yararlı hala gətirilib. Hazırda texnikalar vasitəsilə plana uyğun olaraq bir-neçə istiqamətdə, o cümlədən Salyan rayonu ərazisində lildən təmizləmə işləri həyata keçirilir.

İdarə tərəfindən fermerlərin, kənd sakinlərinin əkin sahələrinin yaxınlığından keçən kollektorlarda daim lildən təmizləmə işləri həyata keçirilir. Bunun nəticəsi olaraq fermerlər münbitləşən torpaqlarda əkin apara bilirlər. Əvvəllər şoranlaşmaya məruz qalan torpaqlarda indi müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir. 

Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-dir. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür. Ümumiyyətlə  Baş Mil Muğan Kollektorunun əsas məqsədi Mil-Qarabağ və Muğan –Salyan düzlərinin suvarılan torpaqlarından sızan qrunt, sel və məişət sularının Baş Mil Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır.





Sosial həyat